Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37
«İşdən sonra» verilişinin qonağı şair, dramaturq Vaqif Səmədoğludur. Onunla müsahibəni təqdim edirik:

- Vaqif bəy, artıq deputat deyilsiniz. Yəqin bu da yaradıcılığınız üçün imkan yaradır. Yeni nə yazırsınız?


- Mən deputat fəaliyyətimə nöqtə qoymuşam. Belə demək olarsa, mən deputatlığa qədər də həmişə deputatlıq fəaliyyəti ilə məşğul olmuşam. Yəni ailəmin mövqeyinə görə, mənsub olduğum nəslin hörmətinə görə həmişə camaat bizə müraciət edib. Mən də bacardığım qədər indi də çalışacağam müraciətlərə baxam, kömək edəm.

- Bəzən təlabat olur. Ancaq bəzən təlabat özünü doğrultmur. Yəni ictimaiyyətin tələbatı olsa da, hakimiyyət bunu nəzərə almır. Nəticədə ictimaiyyətin istədiyi adam heç parlamentə düşə bilmir.


ÖZ HÖRMƏTİNƏ GÖRƏ SEÇİLƏNLƏR DƏ OLUB

- Əvvəla, hökumətin dəqiq proqramı olmalıdır. Bu da var yəqin ki. Mən hökumət adamı olmadığım üçün, Prezident Aparatında, Nazirlər Kabinetində işləmədiyim üçün konkret deyə bilmərəm bunlar əlifba sırası ilə nədir. Yəqin ki, dövlətin qarşısında, prezidentin qarşısında ölkənin və dünyanın qoyduğu problemlər var, tələbatlar var. Və bununla konkret insanlar məşğul olur, konkret cavab axtarırlar. Kiminsə seçilməməsinə mənim hökm verməyə haqqım yoxdur. Yəni ki, düz seçilməyib, səhlənkarlıqmı olub, riyakarlıqmı olub, saxtakarlıqmı olub? Hər şey olub. Ötən seçkilərdə də, bu seçkilərdə də. Ancaq tamamilə ciddi şəkildə sizə deyirəm ki, öz hörmətinə görə seçilənlər də olub.

- Amma nüfuzuna görə gəlib seçilənlər də olur. Amma deyək ki, həmin adam parlamentə buraxılmır. Haqlı səs qazanıb gələn ola da bilər, olmaya da bilər. Amma sonda seçim hakimiyyətindir. Belə fikirlər var.

- Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə bunu təsdiq edibmi ki, bu adam seçilib? Yoxsa bunu biz özümüz deyirik? MSK-nın qərarı varsa ki, bu adam seçilib və Ali Məhkəmə təsdiq edibsə deməli qurtardı da, bu adam deputatdı. Bilirsinizmi haqlı irad tutanlar da var. Amma səs toplamayıb seçilmişəm deyənlər də var axı. Burda hər hadisəyə, hüquqi müstəvidə baxmaq lazımdır.

- Sizin siyasi fəaliyyətiniz xatirələrinizdə özünə yer tapacaqmı?

DEYİRDİLƏR Kİ, KİMDİR O?

- Mən heç bir vaxt aktiv siyasi fəaliyyət göstərməmişəm. Yəni lazım olmuşam çıxmışam meydana. Gəlin, yadımıza salaq Milli Azadlıq Hərəkatını. İndi bütün dünyada tanınmış bizim partiya liderlərimiz, başqanlarımız, onları o zaman kim tanıyırdı? Heç kim. Bəxtiyar Vahabzadəni, Ziya Bünyadovu, İsmayıl Şıxlını tanıyırdılar. Camaata deyəndə ki, söz verilir filankəsə, deyirdilər ki, kimdir o? İndi çox tanınmış insandır o adam. Partiya lideridir. Amma deyəndə ki, söz verilir Bəxtiyar Vahabzadəyə, meydan partlayırdı alqışdan.

- İnqilabi dönəmlərin də qəribəliyi ondadır ki, heç kimin tanımadığı bir şəxs üç günün içərisində illərlə tanınan şəxslərdən daha çox etibar qazanır.

- Hamısı yox. Bir neçə adam. Çox etibar qazanmışdı o zaman Nemət Pənahlı və ondan sonra Əbülfəz Elçibəy. Və səsinin doğmalığına görə, özünü aparmağına görə Etibar Məmmədov. Sonradan bunlar hamısı tanındı. Bizə ehtiyac qalmadı.

- 2000-ci ildə sizin deputat seçilməyiniz Müsavat Partiyasından getməyiniz ilə nəticələndi.

İNCİKLİYİM YOXDUR


- Mən deputat seçiləndə məni ilk təbrik edən insan hörmətli İsa bəy oldu. İsa Qəmbər - Müsavat Partiyasının başqanı. Və sonra bunlar yığıldılar bir neçə partiyanın rəhbəri belə qərara gəldilər ki, iştirak etməsinlər və kim deputat mandatından imtina etməyəcəksə, partiyadan xaric olunur. Mən də imtina etmədim. Çünki on minlərlə səs yığmışdım və özüm yığmışdım. Belə məni kənarlaşdırdılar partiyadan. Üstündən 5 il keçəndən sonra gəlib orada 5 adam oturdular. Nə dəyişdi? Amma mənim heç bir incikliyim yoxdur. Hər halda mən artıq 11 ildir Müsavat Partiyasından xaric olunmuşam bir dəfə də, bir yerdə də Müsavat Partiyası haqqında, onun başqanı haqda nalayiq söz deməmişəm, giley-güzar etməmişəm, özümü incik kimi göstərməmişəm və Avropa Şurasının Parlament Assambleyasında 2005-ci ilə qədər bütün sənədlərdə Müsavat Partiyasının nümayəndəsi kimi getmişəm. Buna da Müsavat Partiyası heç bir vaxt etiraz etməyib.

- Vaqif bəy, indi müxalifətin, Müsavat Partiyasının fəaliyyətini izləyirsinizmi? Bu gün də istefalar olur.

- İzləsin xarici kəşfiyyat. Mən istər-istəməz əlbəttə ki, bilirəm nələr baş verir. Qısaca bir kəlmə ilə deyim. Mən istərdim ki, bunların fəaliyyəti daha güclü olsun. Ümumiyyətlə, Azərbaycanda müxalifət daha güclü olsun.

- Bundan ötrü nəyə ehtiyac var?


YENİ İNSANLAR GƏLMƏLİDİR

- Bundan ötrü yəqin ki, yeni insanlar gəlməlidir. Gəlin, açıq danışaq. Yeni insanlar gəlməlidir və o yeni insanları mən görürəm. Gənclik arasında, özü də bu saat üzdə olan insanlar deyil, yəni onlar müxalifət qəzetlərində çıxış edənlər deyillər. Onlar bu saat Amerikada, İngiltərədə, Almaniyada, Fransada təhsil alan bizim tələbələrdir. Mən onların bəzilərini görmüşəm. Əlbəttə ki, bu yeni formasiyadır. Bu çox güclü yeni bir qüvvədir. Az qalıb yəqin ki, 4-5 ilə onlar özlərini göstərəcəklər.

- Ziyalılar haqda nə düşünürsünüz? Ziyalıların indiki mövqeyi sizi qane edirmi?


- Yer üzünün bir cəmiyyətində, bir millətində belə bir məhfum yoxdur. Ziyalı institutu, ziyalılar, və yaxud yazıçılar. Yoxdur belə şey. Konkret yazıçı var. Konkret ziyalı var. Elə böyük ziyalılar tanıyıram ki, dünya elmindən, dünya mədəniyyətindən yaşadıqları ölkənin nəinki müxalifətindən, prezidentindən xəbərləri yoxdur. Amma Nobel mükafatı laureatıdırlar. Konkret hansı ziyalı? Məsələn, ziyalı var ki, deputat ola bilməz. Bəli, mən də yazıçı tanıyıram ki, deputat ola bilməz. Ancaq yazıçı tanıyıram ki, əlbəttə ki, deputat ola bilər. Məni düz başa düşün. Mənim üçün o məfhum yoxdur. Cəm məfhumu yoxdur. Bunlar konkret talelərdir, konkret insanlardır.

- Ayrı-ayrı örnək ola biləcək fərdlərin mövqeyi yetərlidirmi?

- Mən konkret fikrimi deyirəm. Çünki məndə konkret məlumat var. Amma elə bir gözəl şairi gətirib burda oturda bilərsiniz ki, onun xəbəri yoxdur onlardan.
O nə məlumat verəcək? Nə münasibət bildirəcək?

- Dinləyici yazır: Bu hakimiyyət Qarabağ məsələsində heç nə edə bilmir. Korrupsiya baş alıb gedir. Küçələrdə aparılan abadlıq işləri də qədim zamanlardakı kimi qul əməyi ilə həyata keçirilir. Azərbaycan indi bir qrup insanın müstəmləkəsidir. Sizin buna münasibətiniz?


AZƏRBAYCANIN PROBLEMLƏRİ ÇOX BÖYÜKDÜR

- Bəli, korrupsiya var Azərbaycanda. Rüşvətxorluq var. İnkişaf da var. Bu müraciət edəndən mənim daha çox iradım var. İndiki hakimiyyətə də, indiki vəziyyətə də daha çox iradlarım var. Məsələn, Qarabağ məsələsi. Başa düşmək lazımdır. O cümlədən iqtidarı da başa düşmək lazımdır. Biz Qarabağ məsələsini qoymuşuq bir nömrəli problemimiz. Üzdə olan bir nömrəli problemimiz Qarabağdır. Ancaq daxildə Azərbaycanın elə gizli problemləri var ki, Qarabağ orada üçüncü yerdədir. Azərbaycanın müstəqilliyi problemi, Azərbaycanın taleyi, müqəddəratı. Deyirlər demokratiya daha da inkişaf etsin Azərbaycanda. Varmı indi əgər demokratiya?

Demokratiyanın ən ümdə misalı, sübutu müxalifət mətbuatıdır. Yer üzündə, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycandakı müxalifət mətbuatı kimi istədiyini yazsın. Var. Axı prezident bilən problemlər də var. Siz onu bilirsiniz ki, Azərbaycanda demokratiyanın inkişafına mane olan ilk növbədə adlarını demokratik qoyan ölkələrdir? Azərbaycanda bu saat tutaq ki, İngiltərə, Amerika (heç onlarda da mütləq demokratiya yoxdur) demokratiyası bərpa olsa, Azərbaycana nə ilə təzyiq edəcəklər? Onun üçün də demokratiyanın inkişafına burda mane olan qüvvələr var. İqtisadi inkişafa mane olanlar var. Yəni Azərbaycanı demokratik, qüvvətli dövlət görmək istəyən varsa o da yalnız və yalnız bizik. Nə Qərbdir, nə Şərqdir, nə Cənubdur, nə Şimal. Mən 89-cu il mitinqində demişdim ki, tənhalıq mənim iş yerimdir. Ancaq Allah heç kimə milli tənhalıq göstərməsin. Millət də xeyli ağlamışdı mənim sözlərimə. Ancaq mən yenə də o fikrimdə qalıram. Yenə də o fikirdə qalıram ki, millət tənhalaşıb və Azərbaycanın problemləri çox böyükdür.

- Ancaq məsələnin o biri tərəfi də var. İnsan gərək özü-özünü ayağa qaldıra. Bu problemlərdən yalnız Azərbaycan özü-özünü ayağa qaldırmaqla qurtula bilər. Razısınızmı?

- Əlbəttə.

- Onda belə çıxmırmı ki, elə problemi doğuran səbəblər də burdadır. Heç xaricdə deyil.

- Yox elə deyil. Nə ilə? Hansı qüvvə ilə? Bəli, Azərbaycanın indi kifayət qədər yaxşı ordusu var, silahlanırıq. Ancaq bizim cənub və şimal qonşularımızın müqayisəsində bunlar heç nədir. Qüvvələr nisbəti çox böyükdür.

- Dinləyici yazır: Yenicə yaradılmış İctimai Palatanın perspektivinə necə baxırsınız? İctimai Palata və Ziyalılar Xartiyasının əməkdaşlığını necə təmin etmək olar?


- Vallah, mənim o İctimai Palatadan və Xartiyadan xəbərim yoxdur. İctimaiyyət deyirik, müxalifət deyirik, onların yaratdığı hər hansı bir qurum ancaq söz güləşdirmək, ağıllı və ağılsız, vətənpərvər və deyişi gözəl çıxışlardan ibarət olacaq. Yəni konkret heç nə verməyəcək.

- Dinləyici yazır: Ölkədə korrupsiyanı hakimiyyət vətəndaşlara zor tətbiq etməklə həyata keçirir. Buna münasibətiniz?

YERLİÇİLİK DƏ VAR


- Bu haqda danışdıq. Korrupsiya var. Yerliçilik də var. İndi bax mənə niyə irad tutursunuz? Mən bununla mübarizə aparım? Mən özüm bildiyim qədər aparıram. Bəs siz neynirsiz? Ancaq belə suallar verməklə fəaliyyətinizi bitmiş hesab edirsiniz? Siz də sözünüzü deyin. Mən sözümü deyirəm. Bəzən ən yüksək təbəqələrdə iradımı bildirirəm. Ancaq onu mərəkəyə çıxarmıram. Necə ki Əfv Komissiyasının sədri, müdafiə komitələrinin sədri olanda çıxarmırdım mətbuata, azadlığa çıxmalarına nail olurdum. İndi də elə.

- Yeri gəlmişkən, sonuncu əfv fərmanından bəzi gözləntilər var idi. Deyək ki, Eynulla Fətullayevlə bağlı, gənclərdən Ruslan Bəşirli var idi. Nədən buraxılmadılar?


İSTEDADSIZLIĞINA GÖRƏ İNSANI TUTMAZLAR


- Son vaxtlar əfv komissiyalarının iclaslarında mən təəssüf ki, iştirak edə bilmirəm. Səhhətimə görə. Çünki əfv komissiyalarının iclasları birdən 5 saat, 6 saat davam edir. Mən də bir yerdə o qədər qərar tutub otura bilmirəm. Ancaq sizə nə deyim? Konkret Eynulla Fətullayevin həbsi özü- özlüyündə düzgün deyildi. Onu niyə həbs edirdilər. Ona sadəcə olaraq ictimai tənbeh kifayət idi. Onun buraxdığı qəzeti mən də oxumuşam. Normal yazılar da var idi, ikrah doğuran yazılar da. Məsələn, mən həbsxanada o adamı görmürəm. Əlbəttə, onu buraxmaq lazımdır. Buraxmaq lazımdır getsin işi ilə məşğul olsun. Ruslan Bəşirliyə gəldikdə isə burda artıq başqa məsələdir. O Gürcüstandakı videokadrlar əlbəttə ki, nəyə isə sübutdur. Burda əlbəttə ki, mənim fikrim rol oynamamalıdır. Burda yalnız və yalnız xüsusi xidmət orqanları öz sözünü deməlidirlər və məhkəmə. Burda açıq-aşkar görünən faktlar var. Eynullanın məsələsində, hə, Qukasyanla mehriban durub şəkil çəkdirib, vurulmuş Azərbaycan tankının fonunda şəkil çəkdirib. Çəkdirib, çəkdirib də. Cəhənnəmə ki...Bax o bloqqer uşaqlar – Adnanla, Emin Milli. Mən onların hazırladıqları klipə baxdım. Əvvəla gülməli deyil, sonra çox istedadsız hazırlanmış bir klipdir. İstedadsızlığına görə insanı tutmazlar. Dava saldırıb, hansısa restoranda...Ümumiyyətlə bilirsinizmi, mənim gənclərə bir məsləhətim var. Biz sovet dövründə içirdik restoranlarda və təhlükə hiss etmirdik. Mənim indiki gənclərə xüsusən də müxalifət yönümlü gənclərə məsləhətim var ki, evdə içsinlər. Evdə için, ay uşaqlar.

- Əfv fərmanları Azərbaycanda siyasi məhbus problemini həll edirmi? Həll etmirsə bu problemin köklü həllini nədə görürsünüz?

PRAQMATİK İŞ GÖRƏ BİLƏN AZDIR AZƏRBAYCANDA


- Əvvəla, beynəlxalq hüquqda siyasi məhbus məfhumu yoxdur. Yoxdur elə bir şey. Vaxtilə 20-ci əsrin əvvəllərində olub. İndi də bizdə istifadə olunur. Onu demək olar ki, siyasi motivlərlə həbs olunmuş şəxs. Bütün dünyada bu var. Siyasi motivlərlə kimi isə dolaşdırmaq, həbs eləmək. İndi mən hüquq komitələrinin üzvü deyiləm. Məndə nə məlumat olursa çalışıb kömək edirəm. İndi bu insan hüququ uğrunda mübarizə yalnız mətbuatdadır. Populist çıxışlarla. Praqmatik iş görə bilən azdır Azərbaycanda. Kimə isə kömək etməkdən ötrü meydana çıxıb qışqırmaq azdır. Bəzən gərək kiminsə qılığına girə biləsən. Kimdənsə xahiş edə biləsən. Təəssüf ki belədir. Təkcə Azərbaycanda deyil bu. Bir Devid Atkinson var idi. o Avropa Şurası Parlament Assambleyasında mənə deyəndə ki, belədir mən ona dedim ki siz 7-8 irlandiyalını 7-8 il saxlayıb sonra azadlığa buraxdınız. O mənə dedi ki, biz onlardan üzr istədik. Mən də dedim ki, dayanın biz də üzr istəyəcəyik.

- Vaqif Səmədoğlu nədən dramaturgiyanı özündən qovmaq istəyir?

- Şair yaradıcılığı ilə bağlı niyə dilemma qarşısında qalıb?

- Onun Mircəfər Bağırovla bağlı hansı xatirələri var?

- Gənc Vaqif Stalini görəndə niyə təəccüblənib?

- Vaqif Səmədoğlu atası Səməd Vurğunla bağlı bu günə qədər ictimaiyyətə bəlli olmayan hansı xatirəsini açıqladı?

- Marşal Rakasovskinin Səməd Vurğuna hədiyyə etdiyi tapança necə yoxa çıxdı?

- Vaqif Səmədoğlu öz yerini harada görür?

Şərhləri göstər

XS
SM
MD
LG