Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:39

Rəsmi mətbuatın ABŞ-ı hədəfə almasının səbəbi nədir?


İlham Əliyev və Barak Obama, 24 sentyabr 2010
İlham Əliyev və Barak Obama, 24 sentyabr 2010
ABŞ-A CAVAB

«Prezident İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi Azərbaycanın söz və mətbuat azadlığı sahəsində vəziyyətin ABŞ Dövlət Departamenti və bəzi beynəlxalq təşkilatlar tərəfindən əsassız, ikili standartlara söykənən tənqidinə ən tutarlı cavabdır».

AzərTAc-ın baş direktoru Aslan Aslanov belə yazır. «Azərbaycan prezidenti jurnalistlərin dostudur və ya «müstəqil» beynəlxalq QHT-lərin «obyektivliyi» barədə bir neçə söz» başlıqlı məqaləsində.

Aslan Aslanov məqalədə Amerika Birləşmiş Ştatları və beynəlxalq hüquq müdafiə təşkilatlarını qərəzdə və sifarişlə işləməkdə ittiham edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Keath Bean məqalədki fikirləri şərh etməyib. O AzadlıqRadiosuna deyib:

«Bu müəllifin şəxsi fikridir. Ona şəhr vermirik».

Bir həftə qabaqsa rəsmi «Azərbaycan» qəzetində «ABŞ: «azadlığı» yoldan çıxaranlar» adlı məqalə dərc olunmuşdu. Müəllif iddia edirdi ki, ABŞ başqa ölkələrə münasibətdə «riyakar və əxlaqa zidd» davranır. Üstəlik, «Amnesty İnternational», «Freedom House», «Human Rights Watch» və «Transparency İnternational» təşkilatları «demokratik dəyənək», xeyriyyəçi Corc Soros isə «narıncı inqilablar həvəskarı», «kuklaoynadan»dır.

Məqalədən bir sitat:

Bəxtiyar Sadıqov
«Özü qüsurlar içində boğulan ABŞ-ın başqalarına «necə yaşamağı və demokratik cəmiyyəti necə qurmaq lazım olduğunu» öyrətməyə mənəvi haqqı varmı?».

BƏXTİYAR SADIQOV: «AZƏRBAYCANIN FOR-POST OLMASINI İSTƏMİRƏM»

Diqqət çəkən odur ki, qısa zamanda – bir həftə içində, özü də rəsmi kütləvi informasiya vasitələrində anti-amerika ovqatlı iki sərt məqalə dərc olunub. Birləşmiş Ştatların və beynəlxalq qurumların hədəfə alınmasında məqsəd nədir?

«Azərbaycan» qəzetindəki məqalənin müəllifi olduğunu deyən Bəxtiyar Sadıqov deyir ki, bu məqalənin arxasında başqa niyyət axtarmaq lazım deyil:

«Bunun arxasında vətənpərvərlik durur. Mən vətənimi sevirəm. Müstəqilliyimi sevirəm. Azərbaycana kəm baxanları, ikili standartlarla yanaşanları qəbul edə bilmirəm. Azərbaycanın for-post olmasını istəmirəm. Mən istəyirəm Azərbaycan bax belə müstəqil siyasət yürütsün. Azərbaycan inkişaf etsin. Yaxşı işinə yaxşı deyilsin. Şüurlu şəkildə problemə çevrilmiş işinə dünya obyektiv yanaşsın, ədalətlə yanaşsın. Buna görə yazmışam da. Aslan müləlim niyə yazıb, o sualı ona verin».

«NƏHAYƏT Kİ, NƏ DÜŞÜNDÜYÜMÜ YAZDIM, ÇOX ŞADAM»

Bəxtiyar Sadıqov məqalənin sərt tonda yazılması haqda deyilənləri qəbul etmir:
«Məqalədəki faktlar kəskindir. Günah güzgüdə yox, ləkədədir. Bir də nəzərə alın ki, mən qaçqın rayonunun, beşdə dördü işğal altda olan rayonun millət vəkiliyəm. Mən nəhayət ki, ürəyimdə olanı, nə düşündüyümü, ədalətsiz saydığımı dilimə gətirib yazdım.
Hikmət Hacızadə
Çox şadam».

Bununla belə, Bəxtiyar Sadıqov ABŞ-Azərbaycan əməkdaşlığının əleyhinə olmadğını da deyir.

Son iki məqalə «Fasebook» sosial şəbəkəsində də müzakirə edilir. Bloqçu Araz Önər yazır:

«Amerikanı terrorçuluqda və insan ölümündə günahlandıran Azərbaycan İraqda ABŞ-ın müttəfiqi olub, Əfqanıstanda isə hələ də müttəfiqidir».

HİKMƏT HACIZADƏ: «SİZ ELƏ YAZIRSIZ, BİZ DƏ BELƏ»


Politoloq Hikmət Hacızadəyə görə, son iki məqalə Azərbaycana yönəlmiş tənqidlərə cavabdır:

«Biz axı görürük, Qərb mətbuatında Azərbaycana qarşı məqalələr çıxır, sonra «WikiLeaks»lə bağlı böyük skandal və sairə. Bütün bunlara qarşı bu da onların cavabıdır. Yəni siz elə yazırsız, biz də belə. Bax belə».

Bu günlərdə dövlət başçısı İlham Əliyev «Jurnalistlərin dostu» mükafatını alanda demişdi ki, bu il Azərbaycana daha çox təzyiq gözlənir, ancaq təzyiq nə qədər çox olsa da, onlar daha inadkar olacaqlar.

Hikmət Hacızadə deyir ki, təzyiqlərin miqyasından xəbəri yoxdur. Amma Qərb mətbuatında tənqidi məqalələr yazılacaq:

Zəfər Quliyev
«Təzyiq nə ola bilər? Belə tənqidi məqalələr olacaq. Amma ondan artıq nə ola bilər axı? Hələ ki sanksiya görünmür».

«EMOSİONAL VƏ GÜLMƏLİ CAVABDIR»

«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə deyir ki, Azərbaycanın rəsmi mətbuatında anti-amerika ovqatının güclənmə səbəbini demək çətindir. Ən azından ona görə ki, son aylarda iki ölkə arasında münasibət yaxşılaşmışdı:

«Bu cür məqalələrin ortaya çıxması narahatlıq göstəricisi ola bilər. Son vaxtlar Azərbaycan hakimiyyəti narahatdır. «WikiLeaks»in açıqlamaları, beynəlxalq təşkilatların hesabatlarında tənqidi fikirlərin güclənməsi hakimiyyəti narahat edir».

Zəfər Quliyevə görə, hakimiyyətin cavabı emosional və gülməlidir. Ekspert deyir ki, bu cür kəskin münasibət Azərbaycanın maraqlarına uyğun deyil. Nəzərə alsaq ki, Azərbaycanın bir çox problemləri, ilk növbədə Dağlıq Qarabağ probleminin həlli həm də Birləşmiş Ştatlarla münasibətlərin yaxşı olmasından asılıdır.
XS
SM
MD
LG