Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:38

Fotoları olmayanlar: Rayonlarda uzunömürlülüyün sirri


Şahbaz Xuduoğlu
khuduoglu.wordpress.com


Yaşamaq və ölmək haqqında təsəvvürlər hədsiz çoxdur. Hər kəs öləcəyini bilir amma necə, hansı məqamda, hansı şəraitdə – bunu bilən yoxdur.

Böyük Əmimlə görüş

Ölmək sevdası


Pəncərədən düşən işıq otağın yalnız bir hissəsini işıqlandırır. 106 yaşlı Əmim otağın qaranlıq küncündə dəmir çarpayıda üzü tavana uzanıb.

Yaxınlaşıb sinəsinə qoyduğu əlini əlimə alıb sifətimi çal saqqalına toxundururam. Əmimin iyini içimə çəkirəm.

Çox qarışıq qoxusu var… Kimsə kənardan uca səslə Şahbazdı deyir. Bir az duruxur:

“Şahbaz sənsən, əmi sənə heyran! Nə yaxşı, bala…” yüngül bir hərəkətlə əlini əlimdən çəkib boynuma sarıyır. Bir müddət belə qalırıq.

Əmim yüz əlli ildən çox bir tarixi danışırdı, qısa amma məlumatlı cümlələrlə. Öz gördüklərini və ona danışılanları. Birdən anladım ki, o əslində mənə heç bir sirr demir, sadəcə o işıqlı dünyasının qəhrəmanlarından danışır. İndi ki dünyada balaca otaqda olsa da əslində o artıq yaşamır. Bütün günü kimsəsiz otaqda dəmir çarpayıda uzanıb dövrünün insanları ilə xəyalən söhbət edir. Arada əlil nəvəsinin səsinə hay verir. O anlayır ki, onun belə yaşaması gəlininə, xəstə yoldaşına, övladlarına zülmdür.
Burnunu çəkir. Kövrəlmişdi. Boynumu qolundan çıxarıram, əlini əllərim arasına alıb çarpayısının ayaq tərəfinə qoyulmuş stula əyləşirəm.

Çarpayının baş tərəfində, yerdə bardaş qurub əyləşmiş Əmimin ikinci arvadı Fındıq bibi yerindən qalxıb əmimin burnunu sildi. Və cib dəsmalını yastığının üstünə qoydu. “Qız ver əlimə”- əmim əmr etdi. Fındıq bibi dəsmalı əmimin ovcuna qoydu.

Əmim dərindən ah çəkdi, dəsmal tutduğu əlini havada yellədi, sanki ağ bayraq yelləyirdi, “eh dünya” dedi.

“Əmi necəsən?”

“Necə olduğumu görürsən”.

“Yaxşısan”.

“Bala, mən artıq çoxdan yaxşı deyiləm. Bu dünya nə axmaq dünyamış. Gör neçə vaxtdı uzanmışam. Gör neçə ildi mən ölmək istəyirəm amma ölə bilmirəm”.

Məncə vəziyyəti şişirdirdi, yatağa düşmə tarixi bir ili keçməzdi. Bəs, görəsən niyə belə səbirsiz olmuşdu…

XXX

Əmimin səsi gur və güclüdür. Onun sifətinə diqqətlə baxıram. Gözlərinin qapağı örtülmüşdü.

Özü də elə kip örtülmüşdü ki, sanki heç zaman açıq olmayıb. Seyrək qaşlarının altında iki çökək görünürdü.

Bu çökəklərdən nə vaxtsa dünyaya iki göz baxırdı. Artıq xeyli müddət olar ki, onlar bir yolluq örtülüb.

Məhz indi hiss etdim ki, əmim kövrələndə yaş onun gözündən yox burnundan gəlməyinin səbəbi də bəlkə elə onun gözlərinin qapaqlarının belə kip bağlanması idi.

''“İnsan sifəti hətta göz olmayanda da nurlu və cazibəlidir” – fikri ağlımdan keçdi.

O asta lakin, dəqiq, məntiqli danışırdı. “Mən həyatımda 5 ev tikmişəm, hərəsini bir yerdə, hamısından mən könüllü köçməmişəm, məni köçürüblər, İndi mən özüm köçmək istəyirəm amma köçə bilmirəm”.

Əmimdən bu söhbəti gözləmirdim, çaşmışdım. Alatoranlıq, üstəlik əmimin ölmək sevdası məni tutdu, sanki söndüm.

Elə bil tam zülmətə düşdüm. Və bu zülmətdə bircə onun işıqlı sifəti görünür və güclü səsi eşidilirdi.

“Eşitdim Xudamalı da ölüb.

O ki məndən çox kiçik idi. Mənim yaşıdlarım hamısı ölüb. Yerə girmirəm, ölmürəm. Mən belə biabırçılığı istəməzdim, bala!”

Deyəsən əmimin yaxşı vaxtına gəlməmişdim. Ya onu evdə kimsə incitmişdi, ya da, bəlkə həqiqətən həyatdan yorulmuşdu.

Axı məntiqə görə o məndən kef-hal soruşmalı sonra isə özü haqqında yalnız yüngül söhbətlər etməliydi. O təbiətən rahat adamdı.

Onu hirsləndirən məsələləri yaxın buraxmaz. Ağır söhbətlərdən, qonşu davası, münaqişələrdən danışmağı sevməzdi. Çox nadir hallarda hövsələdən çıxardı.

Bax elə indicə onun hövsələdən çıxdığı vaxtı xatırlamaq istəyirəm, amma yadıma gəlmir.

Qan düşmənçiliyi


Gözləmədiyim halda əmim qan düşmənçiliyindən danışdı. “Sənin yadında olmasa da o ağrılı həyatı yaşamısız.

Bu dərədə də az qan tökülməyib, tayfa davaları, qonşu davaları, bəzən elə qan tökməklə nəticələnib.

O səbəbdən çoxları burdan köçüb gedib”. Əmim hamıdan adbaad danışdı, amma onun çəkdiyi adaların çoxunu mən tanımırdım.

Bəzilərinin haqqında yalnız köhnə kişilərdən eşitmişdim.

Şahbazəli yaxşı kişiydi, Alarlı Bəxtiyar yaxşı kişiydi, nə bilim Bürzümbüllü filankəs yaxşı adam idi, Anzovlu filankəs – filankəslərin babası qoçaq adam idi. Adlarını çəkdiyi hər kəs barədə müsbət fikirlər deyirdi.

Məncə onun əhvalı yaxşı adamlar haqqında danışmağa köklənməmişdi, mənə elə gəldi ki, bu ləng və bir azda uzun söhbətin arxasında hansısa mətləblər var, və o mətləbləri əmim mənə açmaq istəyirdi.

Bir anlıq günəş buludun arxasına keçdi. Otaq daha da qaranlıqlaşdı. Əmim isə söhbəti eyni avazda davam edirdi…

Əmim yüz əlli ildən çox bir tarixi danışırdı, qısa amma məlumatlı cümlələrlə.

Öz gördüklərini və ona danışılanları.

Birdən anladım ki, o əslində mənə heç bir sirr demir, sadəcə o işıqlı dünyasının qəhrəmanlarından danışır. İndi ki dünyada balaca otaqda olsa da əslində o artıq yaşamır.

Bütün günü kimsəsiz otaqda dəmir çarpayıda uzanıb dövrünün insanları ilə xəyalən söhbət edir. Arada əlil nəvəsinin səsinə hay verir.

O anlayır ki, onun belə yaşaması gəlininə, xəstə yoldaşına, övladlarına zülmdür.

O başa düşür ki, bu qədər çox yaşamaq heç kimə lazım deyil. O həqiqətən getmək və tanımadığı nəslin arasından, görmədiyi dünyadan qurtulmaq istəyir…

“Görürəm sağlamam, bədənim güclüdür, ağlım başımdadır, bədbəxtçilikdən hələ bu il ölməyəcəm, Axı niyə?! Niyə hamı ölməlidir mən isə qalıb bu insanlara zülm verməliyəm?!

Arvadın ümidindəydim, o da xəstələndi, bəlkə də məndən tez öləcək, gəlinin ümidinə qaldım, o da xəstələndi, bu gün sabahlıqdı, indi nəvəmin yoldaşı baxır mənə, axı haradadır ….

Mən niyə bu yarı ölü vücudumla onlara yük olmalıyam?!”

XXX

Fındıq bibi qısılıb kirimişcə ocağın yanında büzüşüb.

Sanki heç nə eşitmirdi. Ya bəlkə bu söhbətləri o qədər eşitmişdi ki, artıq diqqət çəkmirdi. Amma onun sifətində Əmimin arzularınla razılaşmaq ifadəsini duydum.

Sanki ürəyində “düz deyir!” -deyə əmimi təsdiq edirdi.

Pəncərədən düşən işığın forması otaqda olan tozlu havada aydın görünürdü.

Bizə çay gətirən gəlinin ayağından qalxan toz dənəcikləri günəşin çevrəsinə düşüb və oradaca dövr edirdi.

Sərçələri sevənlər

Pəncərənin qarşısında əmimin şikəst nəvəsi oturmuşdu. Düz on doqquz il əvvəl bu uşaq şikəst doğulmuşdu. Əmim çox çalışdı uşağı müalicə etdirə bilmədi.

O vaxtdan əvvəlcə anasının belində heysiz halda sallanaraq böyüdü sonra isə beləcə stulda oturaraq.

Hər dəfə bu evə gələndə onu pəncərənin ağzında oturub bayıra tamaşa edən görmüşəm.

Bayıra diqqətlə tamaşa etməsindən anladım ki, o görür və adamları tanıyır, onun cismində canlı olan bircə şey var idisə deyəsən, o da yalnız ğözləri idi.

Gör neçə ildir canlı baxışları və sevinci əlil bədəndə əsir olmuşdu bu gəncin…

O vaxtdan heç kəsdən ürək edib soruşa bilmirəm, bu uşaq görməkdən başqa nə bacarır? Və görəsən gördüklərini tanıyırmı? İnsanları bir birindən fərqləndirə bilirmi?

Görəsən beyni işləyirmi? Düşünürmü? Eşidirmi? Özünün şikəst olmasını dərk edirmi?

Amma səsi var idi. Hərdənbir ucadan qışqırırdı.

Onun qışqırtısına heç kəs fikir vermirdi, yalnız əmim söhbətini yarımçıq kəsib “ay qız gör nə istəyir uşaq” deyirdi.

Uşaq həyətdə dən axtaran sərçə dəstəsinə tamaşa edirdi, bəzən hündürdən qışqırırdı. Bəlkə də sevinirdi, onun sevinci məhz belə qeyri-adi formada qışqırtıda özünü göstərirdi.

XXX

Evinin qarşısında üzümü günəşə tutdum. Gunorta idi. Lap uzaqlarda başlarında qar lopaları olan yaylaq yerlərimiz görünürdü.

“Sən yaylaqda doğulmusan”- anamın tez-tez təkrarladığı fikir ağlıma gəldi. “Bəlkə də o yamacda doğulmuşdum”.

Gözümü alt hissəsi meşə üst hissəsi qarla örtülmüş Tiydaşla üzbəüz boz yamacdan çəkə bilmirdim.

Yaxşı ki, onların şəkillərin çəkmədim. Böyük dayımın ölüm anını lentə yazmışdım, həm də fotolar götürmüşdüm.

Bu əclaf hərəkətimi o öləndən sonra xeyli təhlil etmişdim, kişi ölür hamı başına toplanıb oxşama deyir, dua oxuyur, mən də şəkil çəkirdim.

Çalışırdım həyatının son anlarını qaçırmadan lentə alım. İndi həyatda olmayan Anam dayımın yatağının baş tərəfində oturmuşdu, sifətində çox çaşqın ifadə var idi.

Dayımın ölümü qarşılayan sifətindən daha vahiməliydi anamın sifəti.

O fotoları, o şəkilləri xeyli gəzdirdim üstümdə, nə özümdə saxlaya bildim nə də dayımın övladlarına verdim.

Heç onlar da istəmədilər. Axı kim öz valideynin ağır anlarına təkrar tamaşa etmək istəyərdi. Onda anladım ki, insanlar sevdikləri adamları yaddaşlarına sağlam həkk edirlər.

Ölsələr belə canlıdırlar yaddaşımızda.

Böyük əmimdən əvvəl daha iki əmimlə görüşmüşdüm. Hər üçü yataqda və hər üçü dəmir çarpayıların etbarlı sakinləri…

Dovğa ətri

Ortancıl Alış əmim tək idi evdə. Ocaqda odun yanıb bitmiş, otaq soyumuşdu. Uzandığı əskər çarpayısının səmti qapıya, qapı isə cənuba açılırdı.

Üstündə iki yorğan və əlavə adyal olsa da üşüyürdü. Döşəyinin üstünə ağ əvəzinə əl xalçası atılmışdı. Əslində ev elədə soyuq deyildi, bayırda günəşli hava var idi. Otağı qaranlıq idi.

Dəmir çarpayıda arxası üstə uzanmışdı. Bizim gəlişimizi bilən kimi arvadı hayladı, cavab gəlmədi.

Qızxanım onun ikinci arvadıydı. O da sövetlərin apardığı müharibələrdə iştirak etmişdi, 1939-dan çıxıb yalız 1947-ci ildə evə qayıtmışdı. O vaxta qədər harada olub, kimlə döyüşüb onu bilən yox idi.

Amma mən bir dəfə Almaniyaya gedəndə: “oğul get, orda bir alman qızına evlən, bu yerlərə gəlmə, onların qızları çox yaraşıqlı olur”- demişdi.

Bu məsləhətindən təxmin etmişdim ki, Almaniyaya qədər getmişdi, sonradan öyrəndim ki, Berlinin alınmasında iştirak etmişdi. Rus dilini bilirdi, bir vaxtlar kəndin bütün yazı-pozu işini o aparırmış.

Deyilənə görə Morze əlifbasını da bilirdi.
Onun gözləri tam tutulmayıb amma canı zəifləyib daha, ayaq üstə rahat dura, gəzə bilmir.
Məni gec tanıdı.

Və dərhal mənimlə bağlı xoş xatirələrini danışdı, hərçənd belə xatirələrin olacağını heç gözləmirdim.

Məntiqi, səsi güclü, ağzındakı dişləri sapsağlam idi.

Yatağının qarşısındakı taxta stula böş kasa qoyulmuşdu, otağın ağır havasını dovğa ətri dəyişirdi.

Kiçik Əmim və dayımla görüşü xatırlamaq istəmirəm.

Ərazisi bir addım belə böyüməmiş Kənd qəbiristanın yanından keçirəm.

Nə yaxşı onların şəkillərin çəkmədim. Qoy onlar mənim yaddaşımda əvvəlki kimi qalsınlar…

Yaponiya filmi Narayama haqqında əfsanə.

Dəhşətli aclıqla üzləşmiş kənd camaatı yeni doğulan uşaqları öldürür, yaşlıları isə övladları Narayama dağına aparıb orda qoyurdular ki ölsünlər.

Bu artıq bir ənənəyə çevrilib, amma 69 yaşlı ananı belində dağa qaldıran oğul bu ritualı yerinə yetirmək istəmir…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG