Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:46

Türkiyə Şimali İraqı pulla alır?


İraq və Türkiyə prezidentləri Təlabani və Gül. İstanbul, 23 dekabr 2010

İraq və Türkiyə prezidentləri Təlabani və Gül. İstanbul, 23 dekabr 2010

“Şimali İraqda elə bir mühit yaranıb ki, kürd lideri Məsud Bərzani daha Böyük Kürdistan haqda danışmır. İraqdakı türk rəsmilərinin isə “İraq Kürdüstanı” sözünü işlətməsi adiləşib. “Kürdüstan” sözü bir zamanlar Türkiyədə tabu idi”.

Bunu “İnternational Herald Tribune” qəzeti yazır.

Məqalədə deyilir ki, axır illərdə Türkiyə İraqın şimalından cənubuna qədər böyük sərmayələr yatırmaqdadır.

Osmanlı İmperiyası çökəndən bəri Türkiyə heç zaman İraqda belə fəal olmayıb.

Düzdür, Türkiyə ümumilikdə İraqa sərmayə yatırmaq məsələsində hələ ki İrandan geri qalır.

Amma məsələn konkret olaraq Şimali İraqdakı

XARİCİ ŞİRKƏTLƏRİN 3-də 2-i TÜRK ŞİRKƏTİDİR


Amerika İraqı işğal edib 4400 əsgər itirsə də, bəzi ekspertlər güman edir ki, yeni İraq reallığında daha uzun müddət duruş gətirə biləcək mirası məhz Türkiyə qoya bilər.

“İnternational Herald Tribune” qəzeti yazır ki, Türkiyənin İraqda 4 diplomatik nümayəndəliyi var. Bəsrədəki konqulluğunun rəhbəri Əli Rza Özcoşğun deyir ki, onların sərmayələri üçün İraqda heç bir problem yaradılmır, əksinə hamı bundan məmnundur.

Bir zamanlar – Türkiyə kürdlərin sıx yaşadıqları Şimali İraqı özünə böyük təhlükə saysa da, indi Şimali İraqda, bəzilərinin fikrincə, gözəl dostluq əlaqələrinin əsası qoyulmaqdadır.

İraq-Ərbildə keçirilən beynəlxalq tikinti materialları yarmarkası. 28 sentyabr 2010. Ən sanballı iştirakçılardan biri Türkiyədir.
Bir tərəfdən neft və qazla zəngin İraq üçün Türkiyə Avropaya açılan darvazadır.

Digər tərəfdən isə İraq Türkiyə üçün vacibdir. Türkiyənin enerjiyə olan tələbatı durmadan artmaqdadır.

Türkiyədə hakimiyyətdə olan islamçı köklərə malik Ədalət və İnkişaf Partiyası qonşu müsəlman ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

BƏZİLƏRİ BUNU NEO-OSMANLI SİYASƏTİ DƏ ADLANDIRIR

Vaxtilə Osmanlı İmperiyasının ərazisi üç qitədə yer alırdı.

Amma Türkiyənin bu il Ərbildə açılan konsulluğunun rəhbəri Aydın Selcen bu əməkdaşlıqda hansısa gizli məqsədlər axtarmağın əleyhinədir:

“Heç kəsin İraqı, yaxud onun bir hissəsini ələ keçirmək planı yoxdur. Biz iki ölkəni inteqrasiya etdirmək, onların dəmiryol, hava limanı, neft boruları və başqa sahələrdə inteqrasiyasını gücləndirmək istəyirik. Çalşırıq ki, hər iki ölkənin vətəndaşları sərhədi rahat keçib qayıda bilsinlər”.

Zaxo və İbrahim Xəlil keçid məntəqələrindən hər gün 1500 yük maşını keçir.

Onlar İraqa tonlarla tikinti materialı, geyim, ərzaq, mebel və başqa mallar daşıyırlar.

Şimali İraqdakı “Adel United” şirkətinin son dəblə geyinən kürd əsilli rəhbəri Rüşdi Səid deyir ki, bu, yalnız başlanğıcdır.

“Bütün dünya ölkələri burada bir-biriylə rəqabətə girib – pul qazanmaq üçün rəqabətə”.

Rüşdi Səidin şirkəti İraqda 100 min villa və mənzil tikmək istəyir.

O hətta bunun reklamı üçün Ancelina Coli və Arnold Şvartsnegger kimi dünya şöhrətli aktyorlarla da əlaqə yaratmağı düşünüb.

İraq - Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və Şimali İraqdakı regional kürd hakimiyyətinin lideri Məsud Bərzani. 7 noyabr 2010
Amma hələ ki onun “Cənnət düzü” adlanan yeni layihəsinin reklamını məşhur

TÜRK MÜĞƏNNİSİ İBRAHİM TATLISƏSİN ŞƏKLİ BƏZƏYİR

Ankarada yerləşən Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru Hasan Kanbolat AzadlıqRadiosuna müsahibəsində deyir ki, Türkiyənin İraqa belə geniş sərmayələr yatıra bilməsinin səbəbi – onun İraqın daxili işlərinə qarışmamasıdır.

“Türkiyə nə İraqın işğalında iştirak etdi, nə də sonralar hansısa partiyanı, yaxud etnik qrupu dəstəklədi. O, İraqın ərazi bütövlüyünə, suverenliyinə dəstək verdi. İraqda kimsəyə silah ötürmədi. Bundan başqa Şimali İraqda yaralananlar Türkiyədə müalicə aldı”.

Hasan Kanbolat deyir ki, Türkiyə regionda sabitliyə yönələn addımlar atır. Onun fikrincə, Türkiyənin İraqla əlaqələrinin sıxlaşması Türkiyədə başlanan kürd açılımına, kürd azlığı ilə münasibətlərin normallaşmasına da fayda verə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG