Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:03

Seyran Səxavət: «İyirmi ildir Azərbaycansız yaşayırıq»


Seyran Səxavət
Seyran Səxavət
Yazıçı Seyran Səxavətin yaxın on-on beş gündə «Qaçaqaç» kitabı çapdan çıxacaq. Amma bu romanın birinci hissəsidir. Romanın davamını yazmağa tələsən yazıçı ilə telefonda, atüstü müsahibədə nələr danışmışıq siz də agah olun.

NİYƏ 2020-Cİ İLƏ QƏDƏR?

- Seyran müəllim, 2020-ci ilə qədər Azərbaycanın hansı probleminin həllini istərdiz? Azərbaycanda ziyalıların yaratdığı İctimai Forumu belə siyahı hazırlayır. Sizin siyahınızın başında nə durardı?

- 2020-ci ilə qədər? Niyə elə uzaq müddətə?... Mən birinci növbədə Qarabağ probleminin həllini istərdim. Ondan sonra Azərbaycanda sadəcə insanın hüququ qorunsun. Normal yaşamaq üçün şərait yaransın.

- Sizcə, Qarabağ probleminin həll olunmamasına səbəb nədir?

- Yəqin gücümüz çatmır. Uzun illərdir ATƏT-in Minsk Qrupu gəlir-gedir. Vallah, onlar maşından düşüb hər dəfə gülə-gülə, ağayana, dağı-dağ üstə qoymuş kimi Xarici İşlər Nazirliyinə girəndə mən özümü təhqir olunmuş hesab edirəm.

«MƏNİ QƏFİL YAXALAMISIZ»

- İçərişəhərlə bağlı demişdiz ki, o Azərbaycanın yataq otağıdır. Ora kənar adamın boylanmağı düz olmazdı. Qarabağla bağlı bənzətməniz nədir?

- İçərişəhərə – yataq otağımıza boylanmaq nədir, yataq otağımızda oturublar. Mən demişdim ki, Azərbaycanın paytaxtı Bakıdır, Bakının paytaxtı İçərişəhər. İçərişəhər də yaxşı mənada yataq otağıdır, məhrəm yerdir. Yataq otağına axı başqa adam buraxılmaz. Bu, artıq namus məsələsidir, bir az da siyasi namus məsələsidir. Quş yuvasına adam əli dəyəndə bir də ora qayıtmır. Bu da onu kimi... Qaldı Qarabağa, məni qəfil yaxalamısız. Kim necə düşünür-düşünsün, Qarabağ Azərbaycanın ürəyidir. Qarabağsız Azərbaycan yoxdur. Biz deməli, iyirmi ildir Azərbaycansız yaşayırıq.

«BU MƏNDƏ SİYASİ, XOFLU OVQAT YARADIR»

Qarabağdakı məşhur yerlərin adına burda yerlər açılır, şadlıq evləri-filan. Mən etiraz etmirəm. Biz adətən ölən ata-babalarımızın adını uşaqlarımıza qoyurduq. Unutmayaq deyə. Bu da məndə siyasi, xoflu ovqat yaradır.

«MÜDAFİƏ NAZİRLİYİ MÖHTƏŞƏM ƏSƏRİNİ YAZANDAN SONRA»

- Azərbaycanın elə problemi var ki, o haqda yazmaq sizə çətindir?

- Son altı ildə dörd roman yazmışam.

- Axırıncısı da «Qaçaqaç»dır.

- Bəli. Elə «Nekroloq» romanında da Qarabağ var, «Yəhudi əlifbası»nda da böyük mənada Qarabağ məsələsi var. Qarabağ haqda mən Müdafiə Nazirliyi möhtəşəm əsərini yazandan sonra – Qarabağı azad edəndən sonra yaza bilərəm.

«DOLMUŞAM, YÜKÜM AĞIRLAŞIB...»

- Bu nə «Qaçaqaç»dı düşüb?

- Hə, bu mənim tərcümeyi-halımdır, həyatımdan yazmışam. Həm də keçdiyim ədəbiyyat yolu ilə, görüşdüyüm sənət adamları ilə bağlıdır. Qasım Qasımzadə, Nəbi Xəzri, Nüsrət Kəsəmənli, Ramiz Rövşən...Kimlərin ki, həyatından mən keçmişəm və kimlər ki, mənim həyatımdan keçib.

- Növbəti əsər nə haqdadır?

- «Qaçaqaç» romanı 4-5 yaşımdan 1973-cü ilə qədərki dövrü əhatə edir. Bu, birinci kitabdır. Allah qoysa, istəyirəm ikinci kitabı da yazım ta bu günlərə qədər. Hiss edirəm ki, dolmuşam. Yüküm ağırlaşıb. O yükü çiynimdən yerə qoyub dincəlməliyəm. Yəni hər əsərin axırında dincəlmək iddiası, hikkəsi, arzusu var.

«AY DADİ-BİDAD, BU DÜNYADA GİZLİ HEÇ NƏ QALMIR...»

- İnternet sizin üçün necə dünyadır?

- Dörd-beş il qabaq onu mənə başa saldılar. Dedim bu nə olan şeydi, izah elədilər. Çox xoşladım. Oturursan burda, dünyanın o başı ilə əlaqə saxlayırsan.

- İnternetdə dünyanı silkələyən hadisələr də olur, məsələn «WikiLeaks»in sənədləri...

- (Sözümü yarımçıq kəsir) Bəli, oxudum. Mənə doğrudan ləzzət elədi ki, ay dadi-bidad bu dünyada gizli heç nə qalmır. Bunun yaxşı tərəfi odur ki, bütün bəşəriyyətə, 200-dən çox dövlət başçısına bir daha deyilir ki, özünüzü normal aparın. Bunun nəyi pisdir? Bu çox gözəldir və ilahi bir şeydir.

«QOY ALLAH HƏQİQƏTİ QORUSUN»

Assanj, elədir də adı? O artıq birinci zərbəni vurub. Boksda nokautdan qabaq vəziyyət var ha, ona salıb. Mən ona həqiqət kimi baxıram. Mən həmişə həqiqətin tərəfində durmuşam. Mən həqiqətə uğurlar arzulayıram. Qoy Allah da həqiqəti qorusun.

- Seyran müəllim, vaxt ayırdığınız üçün sağ olun.

- Gözləyirəm, bir-iki problemim var, həll olunsun. Öz problemlərini həll edə bilməyən adamdan ölkənin problemlərini soruşursuz. Hə, onları həll edən kimi qaçacam. Aradan çıxıram mən. Yazılarımı yazmağa.

- İşiniz avand olsun.

- Sağ olun.
XS
SM
MD
LG