Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:45
«Mən öz Bakımı daxildən iki hissəyə bölürəm. 90-cı ilin 20 Yanvarına kimi olan Bakı və 20 Yanvardan sonrakı Bakı».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Gəncliyimizin Bakısı çağdaş Bakıdan nə ilə fərqlənirdi?» mövzusunda açdığı müzakirəyə qatılan şoumen Bəhram Bağırzadə söylədi.

HANSI BAKIDA YAŞAMAQ DAHA GÖZƏL İDİ?

Onun sözlərinə görə, çox şeyləri 90-cı illərdən sonra əldə etsə də, 90-cı ilin 20 Yanvarına qədər olan Bakıdan daha çox həzz alıb:

«Onda 18 yaşım var idi. Hadisələrin içindəydim. Mənə elə gəlir ki, bu millətin əhval-ruhiyyəsini qaldırmaq üçün ilk növbədə torpaqlar qaytarılmalıdır. Torpaqlar qayıtsa, qürurumuz bərpa olsa, başqa işlərimiz də düzələcək».

O BAKIDA ƏDƏB-ƏRKAN, HÖRMƏT-İZZƏT, PƏRDƏ VAR İDİ…

Bəhram Bağırzadə milis polkovniki olan atasının xidməti maşından istifadə etmədiyini xatırladı:

«Nömrəsi də yadımda qalıb - 10-05 AQA. Atam DİN-də beşinci adam olmasına baxmayaraq, işə 145 nömrəli avtobusla gedib-gəlirdi. Elə mən özüm də 10 il həmin avtobusdan istifadə etmişəm. İndi bəzən avtobusa oturduğum zamanlar olur. Təəssüf ki, görürəm ki, cavanlarımız həmin cavanlar deyil».

VALİDEYNLƏR TƏRBİYƏ VERMİRLƏR

Sovet dövründə də bu cür ailələlərin varlığını gizlətməyən qonağımız «ancaq sovetlərdə bu işi məktəb öz üzərinə götürmüşdü»- deyə vurğuladı:

«Ali məktəblər, peşə məktəbləri, komsomol və s. bu məsələni nəzarətdə saxlayırdı. Hətta müzakirə açılırdı ki, filankəs niyə bu hərəkəti edib. Adamlar doğrudan da dəyişilirdi. Əfsuslar olsun ki, belə şeylər daha yoxdur».

Bəhram Bağırzadə valideynlərin ilk növbədə uşaqların tərbiyəsi və təhsili ilə məşğul olmalarını vacib saydı.

REPRESSİYALAR LAZIMDIR?!

Bəhram bəy bütün bunları qaytarmaq üçün repressiyalara ehtiyac olduğunu söylədi:

«Sözün yaxşı mənasında repressiya deyirəm. İnsanlar pis hərəkətinə görə cəzalandırılmalı və cərimə verməlidir. Söhbət həm də şəhərin təmizliyindən gedir».

SƏHƏR SAAT 8-DƏ BULVARDA…

Bəhram Bağırzadə səhərlər Milli parkda gəzərkən qəribə bir lövhə ilə üzləşdiyini dedi: «Normal insan səhər saat səkkizdə ailəsi ilə bulvarda tum çırtlamağa gələr? Səndən sonra orda oturandan utanmırsanmı? Heç olmasa xarici qonaqlardan utan. Gəlib görəcək ki, tumu yeyib yerə tökmüsən».

ŞƏHƏR CAMAATI BİR-BİRİNƏ SALAM VERƏRDİ


Bəhram Bağırzadə ata-anası ilə 70-80-ci illərdə bulvarda gəzərkən gördüklərini bizimlə bölüşdü: «Şəhər camaatı bir-birinə salam verirdi. Tanıyanlar da, tanımayanlar da. İndi tanıyanlar da, tanımayanlar da bir-birinə Allahın salamını vermirlər. Salam vermək özü də mədəniyyətdir».

KİTAB NİYƏ RUS DİLİNDƏ YAZILDI?

Aparıcının «Nədən «Qorod moey molodosti» («Gəncliyimin şəhəri») kitabını rus dilində yazdınız? Siz öz dilimizdə də gözəl danıışırsınız» sualı belə cavablandı:

«Hamı Azərbaycan dilində yazır. Bu dildə bizi 9 milyon adam oxuyur. İmkanım və savadım olsaydı, o kitabı ingilis dilində yazardım ki, daha çox adam oxusun. İnşallah bunu da geçəkləşdirməyə çalışacam».

PUL! PUL! PUL!


Bəhram bəy ötən il kitabın təqdimat mərasimində ona «belə kitabı ortaya çıxarmaq üçün nə lazımdır» sualını verdiklərini xatırladı:

«Mən dedim ki, üç şey lazımdır: pul, pul, pul! Bu olsa, yaradıcı insan üçün başqa problem qalmır. Bəlkə də Allahın bizə rəhmi gəlir ki, hər dəfə sponsorlar göndərir?!».

KİTABI MƏN YAZMAMIŞAM

Ancaq naşir olduğunu, təkcə ön söz yazdığını deyən qonağıımız kitabda tanınmış Bakılıların- Rüstəm İbrahimbəyovun, Tahir Salahovun, Elbəy Qasımzadənin, İlqar İsbatovun, Natiq Rəsulzadənin, Çingiz Abdullayevin Bakı haqqında yazdıqlarını topladığını bildirdi:

«Mən bu şəhərdə doğulmuşamsa, onu sevməliyəm - hər bir küçəsini, asfaltını, daşını, torpağını, dənizini və öz şəhərinə hörmət edən gözəl insanlarını sevməliyəm».

KİTABDA NADİR ŞƏKİLLƏR VAR


Bəhram Bağırzadə kitabı nadir şəkillər bəzədiyini, hətta XIX əsrin tanınmış fotoqrafı Yermakovun Bakıda çəkdiyi fotolardan yararlandığını diqqətə çatdırdı:

«O vaxt bizim milyonçular dünyanın ən güclü fotoqraflarını Bakıya dəvət edirdilər ki, şəkil çəksinlər. Yermakov da belə dəvətlə gəlib. Mişon gəlib Bakıya, filmlər çəkib və s. Sovet vaxtı Breqvadze dəvət olunmuşdu Bakıya, sonra İsay Rubençik, Lev Şvarts, Hüseyn Hüseynzadə, Yura Şamilov, Bahadur Cəfərov və s. Bakını çəkiblər. Allah onlara rəhmət eləsin».

- Qonağımız hansı sahədə yetişən sənətkarları görəndə, Üzeyir bəyə rəhmət oxuyur?
- Bəhram bəy Gürcüstan dövləti tərəfindən ölkəyə dəvət olunmuş 3 min ingilis dili müəllimi və orta məktəbdə milli rəqslər öyrənən gürcü məktəblisi haqda nə dedi?
- G.Daneliyanın «Mimino» filmində hansı epizodu xatırlatdı?
- Onun fikrincə, tipik azərbaycanlı obrazı başqalarının gözündə necə görünür?
- Bəhram bəy gələcək proyektlərindən nə dedi?
- «Gəncliyimin Bakısı» kitabına hansı yazıçının Bakı ilə bağlı yazdığı xatirələr təkan verib?
- «Oxumağa və işləməyə öz dilimizdə heç nə yoxdur» yazan dinləyiciyə qonağımız nə dedi?
- Bəhram bəy uşaqlarını niyə rus bölməsinə qoyub? O bu addımını nə ilə izah etdi?
- Dünya elmində baş verənlər heç olmasa bir ildən sonra tərcümə olunub Azərbaycanca çıxsaydı…Bəhram Bağırzadə hansı qərarını dəyişərdi?
- «Bakıda insanların üzündən gülüş niyə yox olub» sualına cavab necə oldu?
- Onu hər zaman AzadlıqRadiosunun suallarına qaneedici cavab verməməkdə suçlayan dinləyicimizə nə dedi?

Ən yaxşısı, verilişi dinləməkdir.

Şərhləri göstər

XS
SM
MD
LG