Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:01

Yeni ilin ilk sürprizi


Tütün məhsullarının qiyməti yanvarın 1-dən bahalanıb
Tütün məhsullarının qiyməti yanvarın 1-dən bahalanıb
Azərbaycanda yeni ilin gəlişi ilə qiymətlərin artması az qala ənənəyə çevrilib. Yanacağın, tikinti materiallarının, ərzağın bahalaşmasının ardınca bu dəfə ilk sürprizlə üzləşənlər siqaret aludəçiləri olub. Tütün məhsullarının qiyməti yanvarın 1-dən bahalanıb.

QİYMƏT ARTIMINA SEVİNƏNLƏR DƏ VAR

Tütün məhsullarında qiymət artımını nəinki alıcılar, satıcılar da təsdiqləyir. Satıcı Nazim deyir ki, siqaretin qiyməti il girəndən 10 qəpik, bəziləri isə 20 qəpik bahalanıb:

- «West», «Davidoff», «Kent 8», «Kent 4». Sadə «West»in qiyməti əvvəl 70 qəpik olub, indi 80 qəpikdir. «Kent 8»i əvvəl 1 manat 20 qəpiyə, indi 1 manat 30 qəpiyə satırıq.

Cəfər Cabbarlı küçəsində yerləşən dükanlardan birində satıcı işləyən Vüsal deyir ki, siqaretin bahalanması müştərilərin sayına da təsir göstərib. Ancaq o, bundan «məmnundur»:

- Orta hesabla bütün siqaretlərdə qiymət 10 qəpik qalxıb, müştərilər də narazılığını bildirir ki, qiymətlər hara qədər qalxacaq.

- Qiymət artımı siqaret alanların sayına təsir edibmi?

- Bəli. Bu gün şahidi oldum - iki nəfər almadı. Dedilər ki, belə getsə siqareti tərgidəcəyik.

- Sizə satıcı olduğunuzdan yəqin malınızın satılması sərf edər.

- Biz burda qazanc güdmürük, siqareti atmaq insanın sağlamlığına xeyirdir...

Belə getsə siqareti tərgidəcəyik
Hər halda qiymət artımını sağlamlıqla əlaqələndirmək sadəlövhlük olardı. İqtisadçılar artım səbəbini inhisarçılıqda axtarmağı məsləhət görürlər.

ƏRZAĞIN DA QİYMƏTİ QALXIR


Bayramqabağı ərzaq məhsullarının qiymətinin artması bayramdan sonra da müşahidə olunmaqdadır. Təxminən 45-50 yaşında olan Vasif dayı ölkədəki qiymətləri qonşu dövlətlərlə müqayisə edir:

- Başqa ölkələrdə - qonşu İranda, Türkiyədə bayram qabağı ucuzluq olur. Bizdə isə əksinə başlayırlar malı bahalaşdırmağa və bayram qurtarandan sonra da həmin qiymətlər qalır.

Həmsöhbətim Fəzilə xanım da qiymətlərdən gileylənir:

- Bir neçə marketdə müşahidə etmişəm. Düyünün, qəndin, şəkərin qiyməti artıb. Yumurtanı alırdıq 14 qəpiyə, indi 17 qəpikdir. Dünən elə almışıq. 31 dekabrda isə 15 qəpiyə almışdıq.

Digərləri də qiymətdən narazılıq edir:

- Qiymətlər çoxdan qalxıb.

- Qiymətlər prinsipcə yaxşıdır, yaşayırıq.

- Bayramla əlaqədar qaldırırlar, sonra deyirlər düşəcək. Yenə də həmin qiymətlər qalır. Elə meyvənin özünü götürək, istənilən meyvədə 1 manat, 50 qəpik bahalıq var.

MONOPOLİST QİYMƏT SİYASƏTİ


Qubad İbadoğlu
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, bahalanmada bazar amili, iqtisadi faktor axtarmağa dəyməz:

- Bu, Azərbaycanda monopol şirkətin istehsal etdiyi məhsuldur, özlərinin yeni qiymət siyasətinin nəticəsidir.

Bayram günləri olduğundan qiymət artımının nəyə söykəndiyini öyrənmək mümkün olmadı.

İqtisadi İnkişaf Nazirliyinin telefonları susdu. Adətən bayramqabağı qiymət artımıyla bağlı nazirlikdən monitorinq aparıldığı barədə məlumatlar gəlir.

QİYMƏT ARTIMI 2011-Cİ İLDƏ DƏ DAVAM EDƏCƏK

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bazarlarda qiymət artımına inhisarçılığın təsirini istisna etmir:

- Qiymət artımı yalnız ilin axırı, əvvəlində deyil, ilboyu davam edib. 2010-cu ildə rəsmi inflyasiya 6 faizə yaxıb olub, qeyri-rəsmi inflyasiya isə 10 faizdən çox olub. Qiymət artımı da bununla əlaqədar baş verib. Qiymət artımının bir neçə səbəbi var - həm daxili, həm xarici. İndi dörd gündür yeni il başlayıb, mən deyərdim bu spekulyativ addımlardır insanlar istifadə edir. Amma ümumi götürəndə Azərbaycanın özündə də çoxlu problemlər yaşanıb, təbii fəlakət, meyvə ilə bağlı, dərmanla, gübrəylə bağlı çox ciddi problemlər olub. Hesab edirəm ki, qiymət artımı 2011-ci ildə də müəyyən proseslərin nəticəsində baş verəcək. Bunun qarşısını almaq çox çətindir.

«Turan» İnformasiya Agentliyinin apardığı monitorinqə görə, son bir ayda ərzaq məhsullarının qiymətində dəyişiklik olmasa da, dekabrın son günlərində qiymətlər 30-40 faiz, bəzi məhsullar isə 50 faiz bahalanıb. Yeni ilin ilk günlərində qiymətlər sabitləşsə də, meyvə-tərəvəzin qiymətindəki 15-20 faizlik artım qalmaqdadır.
XS
SM
MD
LG