Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Süleyman İsmayıl. Şeirlər


Ötən ilin buludları
Yağır bu ilə, bu ilə.
Ötən ömrün umudları
Axır su ilə, su ilə.

Dərdimizi, qəmimizi
Rüzgar sovur eldən-elə.
Vurub yıxır kimimizi,
Kimi atır ildən-ilə.

Nə ümid var gələcəyə,
Nə ötənlər ürək açır.
Bir qapıdır, bir pəncərə
Külək örtür, külək açır…

***

Uzaqda qaldı gəncliyim,
Qırxımı tamam elədim.
Cavan ikən öləcəyim
Qorxunu tamam elədim.

Ötdü nəğmələr yazdığım,
Gümanlar içrə azdığım,
Özümdən ötru qazdığım
Arxımı tamam elədim.

Tale sevmir yazıqları,
Doğru çıxır yazdıqları.
Qoydum qalsın uzaqları, -
Yaxını tamam elədim.

.***

Vaxt - bizim düşmənimizdir,
Hər an əlimizdən çıxır.
Söyləməyə qorxduğumuz
Söztək dilimizdən çıxır.

Bulaq olur, çaya dönür,
Günə dönür, aya dönür,
Qışa dönür, yaya dönür
Sonra ilimizdən çıxır.

Gəlirik-gedirik vaxtsız,
Dünya haqlı, bizsə haqsız.
Yanırıq odsuz-ocaqsız, -
Tüstü külümüzdən çıxır.

***

Sahilin ayağı qalıb,
Gecənin soyuğu qalıb.
Mənim bir qayığım qalıb,
Bu şəhərin dənizində.

Neçə yayı-qışı ötüb,
Yosun-yosun daşı bitib.
Çox gümanlar düşüb itib
Bu şəhərin dənizində.

Gözlərimə nəmi dolub,
İzlərimə qumu dolub,
Gördüyüm bir ümid olub
Bu şəhərin dənizində.


***

Ovcumda isidib əridib qarı
Yenə düşünürəm bayaqdan səni.
Bu günlər yanımda olsaydın barı
Qoruya bilərdim soyuqdan səni.

Gözlərin soyuyub desən, deməsən.
Yenə soyuq-soyuq, buz kimi gülür.
Yenəmi nəyinsə ümidindəsən?
Yenəmi ağlına yüz fikir gəlir?!

Gəzmişəm ayağın dəyən hər yerdə,
Lap bir dar cığırda izin qurtarıb.
Sən hələ üzürsən tərəddüdlərdə,
Məni tərəddüdlər üzüb qurtarıb.


***

Bu gün
mənim otağımda hamı susur:
divarlar,
mən,
kağız,
qələm.
Bayırda
bu gündən sabaha,
köhnə ildən təzə ilə
küləklər əsir.

Saatın əqrəbləri
«12»-nin üstündə
bir saniyə düşünür
və… yeni ilin qırmızı lentini kəsir.

Bu da sabah,
bu da yeni il!

...Mənim otağımdasa
Hər şey əvvəlki kimi, -
hamı susur.
Bayırda
küləklər əsir.


***

Oyaq qaldığım gecəmə,
Əllərin kimi
isidə bilmədiyim
düşüncəmə
qar yağır.

Sükutun qoynunda uyuyur gecə…

Qar yağır
sakitcə,
səssizcə,
gecəmə,
düşüncəmə…


***

Yuyulub ayaq izləri,
Külək nəğmə deyir hərdən.
Qayıqlar kimi gözləyir
Yalqız qalan sahillərdə?

Sular yenə ləpələnir,
Dağılır qum təpələri.
Qağayılar səpələnib
Yalqız qalan sahillərdə.

Qısalıb ömrü gündüzün.
Dənizdə yalqızlıq üzür.
Görən adam necə dözür
Yalqız qalan sahillərdə?

Ləpələrin gülüşləri
gəlir, çılpaq daşa dəyir.
Gözümə göz yaşı dəyir
Yalqız qalan sahillərdə.

.***

Şirvan xalçasında soyuq bir çalar.
Habil segahında sonuncu xallar.
Nədənsə hamının yadında qalar
Hər ilin, hər ilin dekabr ayı.

Soyuq qar gətirib, yağır bayaqdan,
Salıb öz yolunu dərədən, dağdan.
Yoruldum günləri sadalamaqdan
Hər ilin, hər ilin dekabr ayı.

Nə təbiəti bir, nə də işi bir,
Hər biri sorğusuz işini bilir.
On iki qardaşdır, - son beşiyidir
Hər ilin, hər ilin dekabr ayı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG