Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:40

Rüfət Əhmədzadə. Gülməkdən ölmək


















Ürəyim

İndən belə, heç nə üçün sevinməz,
Qəmdən belə, heç kim üçün döyünməz!
Daha heç vədə, heç yerdə öyünməz
- Sənin yox, mənim yox... Ürəyim!

Yad qismətin sevmək oldu qisməti,
Qorusa da, dadammadı isməti!
Bəd oldu, rədd edib də bəd xisləti
- Sənin yox, mənim yox... Ürəyim!

Duymur qürur, durmur, nəyi gözləyir?!
Yoxsa, ilahi töhfəmi gözləyir?
Bəlkə səni, son zərbəni gözləyir
- Sənin yox, mənim yox... Ürəyim!

20.10.2010


Tanrıya müraciət

(Bəhri-təvil)

Ağlat məni, Tanrı!
Sızlağımca ağlat!
Ağlatdığın adi insan,
İnsanlığı anlat!
Sən səhvimi anlat!
Ruha təni danlat!
Qaytar məni xoş anlarıma,
Yerdə qanadlat!
Bir azca inad qat,
Bir az peşimanlıq...
Bir təziyəsidir bəşərin
Bu pərişanlıq!
Lap, ölmək istərəm...
Lap, gülmək istərəm...
Hər nə istəsəm də yenə,
Sən alma vecinə...
Mən bilmək istərəm,
Nə gerçək istərəm!

Var gücüncə ağlat!
Mən gülüncə ağlat!
Şən yaşatmaq istərkən
Əllərimlə boğduğum
Bir sevincə ağlat!
Ah çəkincə dağlat!

Ağlat ki, qayəsiyçün ölənlər boşa getdi!
Ağlat ki, ayaqda sürünənlər başa getdi!
Ağlat, anlayar bəlkə dərdimi dərdverənlər!
Ağlat, anlayar həsrətimi vədverənlər!
Amma xahişim var:
Bir murazla ağlat,
Etirazla ağlat
və dilənçilikdən uzaq ehtirasla ağlat!
Hiss edilsin qiyam,
Bəlli olsun məram,
- mən zaval üçün deyil,
Anlaq üçün ağlaram!

Yandır məni, Tanrı!
Cızdağımca yandır!
Yandır
və hər istək hər qəlbi isitməz – andır!
Yandır,
nə zamandır yazıram, qəlb odu sönsün...
Lakin oxuyan istimi boğmasın da bölsün!
Qandır ki, amalım ölməzdi,
Amma çin olmaz...
Mən gələndə böyləydi bəşər,
Dəyişkən olmaz!
Yandır məni, yandır!
Yandır xəyalımca!
Bəlkə, tərgizim süni təsəlli məalımca!
Çökməyim balınca,
Könlüm alışınca,
İnsanlar içində hayqırım səsim çıxınca!
Yandır məni, Tanrı,
Lap çölümdə yandır!
İnsanları insanın yanmasına inandır!
İçdən yanan insan artıq adi bir fərz olub,
Sən vur, məni yandır
və başqa fərzi oyandır!

Sevdir məni, Tanrı!
Yazdığımca sevdir.
Sevdir və nurundan xarabə ömrümə endir.
Sən nifrəti yendir,
Bir ruhumu dindir.
Gör, o neçə ildir, dözərək müntəzirindir.
Diz çökümmmü yoxsa,
Yalvarımmı yoxsa,
Üsyan da qəzəbləndirəcək,
Səbəb də çoxsa...

Sən sadəcə sevdir
Mənim içimdəki eşqi.
Qoy, sevən məni deyil
Sevməyi sevə sidqi.
Hər kim verib itki,
Hər kim olub itki...
Qoy, vüsalımla görk olum,
Hakim ola sevgi!

Gör, nə halə qaldım,
Nə xəyalə daldım...
İnsanlar içində tənha
Və avarə qaldım.
Hey yaratdıqlarını sənin sevdiyincə mən,
min yol da yanıldım.
Sən böylə istədin,
Mən böylə inandım.
Amma, nə olar sevdiyimə
Çatdır anlamın!

01.01.2011


Gülməkdən ölmək

(Bu gecə, yuxumda gördüm ki, ölmüşəm
və məzarımın üstündə ağlayanlara tamaşa edirəm)


Bir zamanlar, mən sağ idim, cəsur bir qoçaq idim,
Qaçırdım dərdin üstünə, qorxudan uzaq idim…
Soyuq qanlı bir gözəlin əlindən sazaq idim,
Amma, onun xəyalıyla isinməkdən ölmüşəm!
Qəbrim üstə ağlamayın, mən gülməkdən ölmüşəm!

Ləblərimdə qalan izlər bir-birindən ləzizdi,
Amma, özüm bilməm nədən, bir cüt ləb ən əzizdi.
Tufan qopdu, atdı hamı, sevgi isə, dənizdi,
Düşünməyin ki, batmışam, mən üzməkdən ölmüşəm!
Qəbrim üstə ağlamayın, mən gülməkdən ölmüşəm!

Sevgi deyil, dostluq da yox, nə üçün yaşayaydım?
Yaşamağın bədəli çox, bəs nə yük daşıyaydım?
Bəlkə, ruhu kirləndirib günahla oxşayaydım…
“Tənha öldü” söyləməyin, mən gəzməkdən ölmüşəm!
Qəbrim üstə ağlamayın, mən gülməkdən ölmüşəm!

19.10.2010


Şeir şəklində məktub

Mən acıdan bac almağı
bacarmıram, əzizim!
Dərdi minnət eləməklə
öc almıram, əzizim!
Kim şeir aləmində yüksəlirsə,
mənə nə?
Mən aləmi dəniz bildim,
Ta dibinə enirəm...
Ucalmıram, əzizim!

Sənin həsrətin mənə
yazdırsa da durmadan...
Xəyalından güc almıram,
Yoxluğundan qıc olmuram...
Nə də ki heydən düşüb,
nə aciz, nə qüvvəsiz,
nə də ağlın itirmiş
gic olmuram, əzizim!
Heç özüm də bilmirəm,
mən niyə var olduğumu
hələ də hiss etmirəm...
Amma, belə baxanda,
puç olmuram, əzizim!

Kimə qaçım,
Hara uçum,
Necə gəzim qürurla?
Yanlış çıxan zənniməmi
Güvənib çıxım yola?
Dönmək də yox,
Baxmaq da yox geriyə...
Başım dönər!
İrəlidə nə sevgi var...
Kiminsə bir meyli var...
Yenəmi etibarla,
Qədrsiz qayğılarla,
Yanğı, yanılqılarla
Eləcə yaşım dönər?

Baş dönməsi heç elə də
Qorxunc deyil əslində,
Sadəcə, mən hələ də,
Hazır deyiləm sanki!
Səni unutmağamı,
Səni qaytarmağamı..
Ya “sən”ə bir xətt çəkib,
“O”ya başlamağamı...

Yox, sadəcə,
Mən əvvəlki dəliqanlı deyiləm.
Artıq, qaynar duyğularla alışa da bilmirəm.
İstəsəm də mümkün deyil,
Baxma yazdıqlarıma...
Bunlar uşaq şeiri tək,
Hardansa könül dibindən süzülən duyğulardır...
Mən həyatın ədəbiyyat olmadığın qanıram,
Ona görə, çalışıram məntiq ilə davranam..

Və beləcə,
Tanıyanlar üçün soyuq birisi...
Yəqin, ağla çox yıxılıb,
Havada qoydum hissi.
Anlamazlar,
Hiss etməzlər
Məni sən olmayanlar.
Axı, sənin əsərinəm...
Sayəndə böylə oldum.
Amma inan,
tanımazsan yəqin görəndə məni.
Sən gedəndən çox dəyişdim...
Daha əvvəlki kimi,
Hər “sevirəm” sözünə uçub qanadlanmıram,
hər laqeyd münasibətə heç həyəcanlanmıram.
Hər şey çox adi olub,
Hər şey həyati olub.

Sən də adi olmusan,
Indiyədək tarixi bəxtsiz əfsanələrin qucağında atıb gedənlər kimi...
Mən də adi olmuşam.
Dünənki şeirini bəyənməyən,
Amma, bugünkü əsəri
dünənkindən
Fərlicə fərqlənməyən
Dəli şairlər kimi...

Nə qədər adi olsam da,
Mən adi gənc deyiləm...
Gəncliyimdən zövq almağı
bacarmıram, əzizim!
Amma nə qocalar tək
Həyatdan gileyim var,
Nə övlad sevincinə asılan diləyim var..
Nə də gərəyim var ki,
Kimsə qoluma girib hara isə aparsın...
Şükür olsun Tanrıya,
Ayaqlarımda güc var,
Hələ darta bilirlər sürünən ruhumu da...
İndi necə cəhd edim
Gedim bezgin dünyadan,
Axı, adam kimi də,
Qocalmıram, əzizim!

Sənə əzizim dedim,
Bağışla məni, lütfən!
Biz çoxdandır ögeyik...
Gərək, bunu dərk edim.
Amma, qorxuram, birdən...
Bax, elə bununla mən.
Adiləşərəm o dəm.
Bilirsən,
Adət etmişəm
Özümü qeyri-adi hiss etməyə.
Bəlkə də, çox xudbinəm,
Xəyalım dumandadır,
Ayağım yerdə ikən,
Başım buludlardadır.
Endir məni, nə olar,
Tut dart göydən aşağı,
çırp yerə hirslə qəfil...
Amma, inanmıram ki,
Mənə bir təsir edə..
Zülmün də bir zövq olar,
Alçalmaram, əzizim!

31.12.2010

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG