Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Əli Kərimli: «Təkcə müxalifət yox, məmurlar da narazıdır»


Əli Kərimli
Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AzadlıqRadiosunun «İşdən sonra» proqramında müxalifətin 2011-ci il üçün strategiyasını açıqlayıb. Əli Kərimli deyib ki, əsas məqsəd ictimai-siyasi fəaliyyət meydanının genişləndirilməsidir.

«İlk növbədə 2011-ci il strategiyasında məhz bu ictimai-siyasi fəaliyyətin meydanının özünün genişləndirilməsi əsas məqsəd olacaq. Biz maksimum çox insanın bu ictimai-siyasi prosesdə iştirakçılığına nail olmağı əsas strateji vəzifələrimizdən biri elan etmişik».

MÜBARİZƏNİN YENİ MƏRHƏLƏSİ NƏDİR?

AXCP sədri deyib ki, hazırda mübarizənin yeni mərhələsi başlanması üçün zəmin var.

«Bizim təhlillərimizə görə indi zəmin var ki, azadlıqlar uğrunda mübarizənin yeni mərhələsi başlansın. Çünki əvvəlki illərdən fərqli olaraq məhz 2011-ci ildə bizim daha ciddi təşkilatlana bilməyimiz üçün müəyyən obyektiv zəmin var. Birincisi bunu açıq demək lazımdır ki, Azərbaycan cəmiyyətində həmişə avtoritar hakimiyyətdən narazılar çox olub. Amma indi bu narazılıq öz pik həddinə çatıb. İndi artıq demək olar ki, cəmiyyətdə razı adamları tapmaq çətin olub. Demək olar ki, təkcə hökumətin siyasətindən narazı olub, özünü müxalifətdə sayan insanlar yox, əslində hətta dövlət məmurlarının da böyük bir qismi, dövlət vəzifələrində təmsil olunub, böyük pullar sahibi olmuş insanlar da böyük narazılıq ifadə edirlər. Narazılıq artıb».

Əli Kərimlinin fikrincə, insanların seçkilərə getməməsi, beynəlxalq təşkilatların baş verənlərə münasibəti, İctimai Palatanın yaranması, internetin və texnologiyanın inkişafı da bu zəmini yaradan səbəblərdəndir. Partiya sədri bildirib ki, bundan əvvəl istifadə olunmuş vasitələrdən müxalifət daha səmərəli istifadə etməyə çalışacaq.

NƏTİCƏ VERƏNƏ QƏDƏR...

«Əgər hansısa mübarizə vasitəsindən istifadə olunma nəticəyə gətirib çıxarmayıbsa, düzgün olmaz düşünmək ki, o, mübarizə vasitəsinin səhvi olub. Bəlkə, biz o alətdən yaxşı istifadə etməmişik. O mübarizə vasitələri alətdir. Alətdən istifadənin səmərəliliyini artırmaq lazımdır. Biz neynəsək də, yenə kütləvi aksiyalar, oturaq mitinqlər, nümayişlər, mitinqlər, seçkilərə hazırlıqlar - bu kimi kütləvi aksiyalardan kənara çıxa bilməyəcəyik. Amma onlar hər gün nəticə vermirlər, bir gün nəticə verirlər. Hər gün nəticə vermirsə bu tədbirlər, bu o demək deyil ki, artıq onlar effektsizdir. Nəsə yeni bir şey icad etməliyik. Nəticə verənə qədər həmin o dinc vasitələrdən istifadə etmək lazımdır».

AXCP sədri İctimai palataAXCP-Müsavat birliyi barədə suala da cavab verib.

«İctimai Palata və AXCP-Müsavat birliyi bir-birinə alternativ deyillər. İctimai Palata çox vacib, faydalı bir mexanizmdir. Burada həm siyasi partiyalar, həm bütün vətəndaş cəmiyyəti təmsil olunur. Amma avtoritarizmdə mübarizənin əsas ağırlığı avanqard, siyasi partiyanın üzərinə düşür. Bizim məqsədimiz həmin o avanqard siyasi partiyanın formalaşmasıdır ki, ona görə də Xalq Cəbhəsi və Müsavatın bir partiyada birləşməsi siyasətinə sadiqik».

AXCP MÜSAVATI GÖZLƏYİR

Partiya sədri bildirib ki, AXCP hazırda Müsavat partiyasının iki partiyanın birləşib-birləşməməklə bağlı qərarını gözləyir.

«Müsavat partiyasının mövqeyi ilə bağlı tələsmək lazım deyil. Müsavat partiyası rəsmi bir qərar verib birləşmədən imtina etməyib ki? Mən də arzulayıram ki, sürətlə olsun bu proses. Amma əgər orada fərqli fikirlər varsa, orada bir qədər ehtiyatlı olmaq istəyənlər varsa, biz dözümlü və səbirli olmalıyıq. Biz tez bunu istəyirik deyə, qaş düzəltdiyimiz yerdə göz vurub çıxara bilmərik ki? Bizim indi tələsdirməmiz nə nəticə verə bilər ki? Bu qərar hər necə olsa Müsavat partiyasının daxilində verilməlidir. Biz sadəcə zaman-zaman bu qərarı gözlədiyimizi ifadə edirik».

AXCP sədri son zamanlar məktəblərdə hicabla bağlı yaradılmış qalmaqala da münasibətini bildirib.

HİCAB, YOXSA MƏKTƏB?

«Mən hesab etmirəm ki, məktəbli uşaqların hicab taxıb məktəbə getməsi vacibdir. Əgər söhbət məktəblidən gedirsə. Amma bunu izah etmək doğrudur, nəinki həmin məktəblini təhsildən məhrum etmək. Hesab edirəm ki, əgər belə bir dilemma qarşısında qalsaq ki, ya bu məktəbli hicab geyinməlidir, ya da məktəbdən xaric olunmalıdır, məktəbə buraxılmamalıdır, mən hesab edirəm ki, məktəbə buraxılmamaq daha səhv hərəkətdir. Ona görə də qadağaların üzərində aparılan mübarizə səhvdir».

HAKİMİYYƏT ÖZÜ BUNU ŞİŞİRDİR


Əli Kərimlinin fikrincə, hökumət özü bu məsələnin şişməsində maraqlıdır. Müxalif partiyanın sədri deyir ki, hakimiyyət bununla özünə alternativ qüvvə yaratmaq fikrindədir:

«Məndə olan məlumata görə Azərbaycan hökumətinin bəzi ideoloqları, konkret Prezident Aparatında olan bəzi şəxslər Misir modelini Azərbaycan üçün nümunəvi sayırlar. Hesab edirlər ki, bunların strategiyası belə olmalıdır ki, daimi və məqsədyönlü təzyiqlərlə liberal-demokratik qüvvələr zəiflədilməlidir. Onlar meydanı tərk etməlidir. İndiki hökumətin demokratik alternativi olmamalıdır. Əsas alternativ olmalıdır məhz siyasi-islam. Həmin o siyasi-islamı güclü göstərməklə Qərb dünyası Azərbaycanda aparılan avtoritar diktatura rejimi ilə barışmağa məcbur edilməlidir. Ya biz, ya da qarşımızda olacaq qüvvə olacaq həmin o siyasiləşdirilmiş islam».

XS
SM
MD
LG