Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Rusiyada vəzifəli şəxs müxalifət liderinin müdafiəsinə qalxdı


Anatoli Çubays

Anatoli Çubays

Yanvarın 3-də Moskvada 31 dekabr mitinqində tutulanların müdafiəsinə mitinq keçirildi. Daha 15 nəfər tutulub saxlandı.

Ancaq Rusiya üçün, bəlkə də bütün keçmiş SSRİ məkanı üçün əlamətdar hadisə də baş verib. Yəqin, ilk dəfədir ki, Rusiyada vəzifəli şəxs müxalifət mitinqində tutulanları açıq müdafiə edib.

«Rosnano» Dövlət Korporasiyasının prezidenti Çubays «Slodarnost» hərəkatının lideri Nemtsonun 15 sutka həbs cəzası almasını pisləyib və Nemtsovun müdafiəsinə qalxıb.

ÇUBAYS: HAKİMİYYƏT CAVAB VERMƏLİDİR


Məhkəmə öz qərarını Boris Nemtsovun milisə müqavimət göstərməsi əsasında verib.

Çubays isə öz bloqunda yazır: «Mən Nemtsovun milisə müqavimət göstərməsinə inanmıram. Həm də ona görə ki, məhkəmə bunun əksini göstərən materialları işə daxil etmədi. Həm də ona görə ki, Boris özü bunu inkar edir və ümumiyyətlə, belə vəziyyətdə milisə müqavimət sadəcə axmaqlıqdır».

Çubays yazır ki, hakimiyyətin icazəsiz mitinq iştirakçılarını tutub-saxlamağa ixtiyarı var. Ancaq 31 dekabr aksiyasına hakimiyyət icazə vermişdi.

«Mən əminəm ki, eynilə bütün bu suallar təkcə məndə yox, bütün normal adamlarda yaranır.
Əvvəlcə nümayiş dinc və sakit keçirdi. Sonra hakimiyyət verdiyi vədi pozdu
Bu isə o deməkdir ki, bu suallara cavab verilməlidir. Özü də cavabı məhkəmə verməməlidir, çünki məhkəmələrə etimad itib. Cavabı hakimiyyət verməlidir. Yoxsa bizim ölkədə hakimiyyətlə cəmiyyətin dialoquna daha yer yoxdur?»

Çubaysın öz bloqunda yazdıqlarını bu gün dünyanın Associated Press, Reuters kimi nüfuzlu informasiya agentlikləri sözbəsöz verirlər.

HAKİMİYYƏT VƏDİNİ POZDU

130 adamın tutulduğu Moskvadakı 31 dekabr mitinqinin iştirakçılarının dediyinə görə, əvvəlcə nümayiş dinc və sakit keçirdi. Sonra hakimiyyət verdiyi vədi pozdu. Mitinq təşkilatçılarına söz verilmişdi ki, dinc iştirakçılara qarşı zor işlədilməyəcək.

Ancaq birdən milis hamını bir ucdan tutmağa başladı. «Solidarnost»un fəalı Sviderski onu tutan milis işçilərindən özlərini təqdim etmələrini tıləb edəndə, onu qəddarcasına döydülər.

Tutulanlar arasında tanınmış yazıçı və millətçi liderlərdən olan Eduard Limonov da var. O xırda xuliqanlıq maddəsi ilə 15 sutka həbs cəzası alıb.

7 SAAT AYAQ ÜSTƏ


Həbsdə Nemtsovla görünməmiş tərzdə rəftar olunub. Onu 7 saat ayaq üstə saxlayıblar
AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, həbsdə Nemtsovla görünməmiş tərzdə rəftar olunub. Onu 7 saat ayaq üstə saxlayıblar.

İki sutka da o, pəncərəsiz və taxta yataq yerləri olan otaqda saxlanıb.

Vəkillərin Azadlıq Radiosuna dediyinə görə, Rusiya qanunları tutulanın mütləq yorğan-döşəklə və təmiz yataq dəsti ilə təmin olunmasını nəzərdə tutur.

«BU İL HAKİMİYYƏT NƏZARƏTİ İTİRƏCƏK»

Solidarnost hərəkatı bu gün bəyanat verib: «Müxalifəti qorxutmaq cəhdi əvvəlcədən iflasa məhkumdur. 31 dekabrda Moskvada, Sankst Peterburqda və Rusiyanın başqa şəhərlərində müxalifətçilərə qarşı milisin və məhkəmənin qurama ittihamları yerlərdəki əyintilər deyil, ali Rusiya hakimiyyətinin konvulsiyasıdır. Bu hakimiyyət fərqli fikirlə sovet üsulları ilə mübarizə aparmaq yolunu seçdi».

Solidarnost sonda bəyan edir ki, «Repressiyalar güclənsə də, 2011-ci ildə hakimiyyət ölkədəki vəziyyətə nəzarəti itirəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG