Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58
“İNDİ KİBRİTİ DƏ NİSYƏ GÖTÜRÜRLƏR”

İran sərhədinin yaxınlığında mağaza işlədən sahibkar Yəhya Ağayev qiymətlərin artmasından şikayətlənir: “Gecə mənə zəng edib dedilər ki, yumurtanın topdan satış qiyməti İranda artıb. Orda artsa burda da artacaq. Qiymətlər, demək olar ki hər gün qalxır. Əvvəllər belə deyildi. Ərzaq məhsulların qiyməti 3-4 aydan bir qalxıb-enərdi. Qiymətlər artdıqca mağazaya gələn alıcıların sayı da azalır. Budur, baxın”.

Yəhya Ağayev qalın dəftəri göstərir. Sıra ilə yazdığı adamların adlarının qarşısında rəqəmləri sadalayır: “25, 30, 50, 1 manat borcu olan da var. İndi kibriti də nisyə götürürlər. Əhaliyə pensiyalar veriləndə mağazaya bir az pul daxil olur. Pensiyanı da dekabrın sonunda aldılar. Yeni il ərəfəsi bir az alver oldu”.

Gündəlik tələbat mallarının və kənd təsərrüfatı məhsulların satışı ilə məşğul olan Fayıq Cəfərov da yeni ilin ilk günlərində bahalaşan məhsulların adlarını çəkir:

KARTOF VƏ SOĞAN İRANDA BAHALAŞIB

“Kartof əsasən İrandan gətirilir. Orada 10 kiloqram kartof 3 manata idi. İndi qalxıb 4 manat 30 qəpik olub. Biz onu İrandan gətirib burada 5-6 manata satırıq. Soğan da İranda 30-40 faiz bahalaşıb. Bizə çatanda daha da bahalaşır”.

Fayıq Cəfərovun dediyinə görə, mağazada satılan nə varsa müəyyən qədər bahalaşıb.

Azərbaycanın cənub rayonlarında süd və süd məhsullarının bahalaşması da müşahidə olunur. Astara bazarında süd satan Nəsibə Əliyeva südün qiymətində iki dəfə artım olduğunu deyir: “Səhər bazara gələndə dedilər ki, südü bu qiymətə verin”.

QİYMƏTLƏRİN QALXMASI MÖVSÜMLƏ BAĞLIDIR

Azərbaycanın cənub rayonlarında süd və süd məhsullarının bahalaşması da müşahidə olunur
Mütəxəssis Vidadi Mirzəyev deyir ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasında qəribə bir şey yoxdur. Qiymətlərin qalxması mövsümlə bağlıdır. Digər tərəfdən, ötən il kənd təsərrüfatı üçün ağır keçib:

“Pomidorun bir kiloqramı avqust ayında beş-altı qəpiyə olur. İndi isə pomidorun bir kiloqramı 3-4 manatdır. Kələm də o cümlədən. Alma da iki gün ərzində bahalaşıb, bir kiloqramı 60-70 qəpikdən 1 manata qalxıb. Ölkə içində meyvə tükənir, ona görə də qiymətlər bahalaşır. Lakin qiymətlərin ötən ilin müvafiq dövrünə nisbətən bahalaşması narahatçılıq doğurur”.

Vidadi Mirzəyev qiymət qalxmasının başqa səbəblərini də göstərir:

İRANDA YANACAĞIN QİYMƏTİ QALXIB


“Sovet dövründə də ilin bu vaxtında kartof, kələm Rusiyadan gətirilərdi. İndi bu məhsullar İrandan, Türkiyədən və digər qonşu ölkələrdən gətirilir. Digər tərəfdən, İranda yanacağın qiyməti qalxıb. Orada qiymətlər artırsa, bu, sərhədyanı ərazilərin bazarlarına da təsir edir. Əslində proqnozlar göstərir ki, qiymət artımı davam edəcək”.

Lənkəranın böyük bazarında pul dəyişməklə məşğul olan Etibar Həsənov isə deyir ki, son günlər rus pulu dəyişmək istəyənlərin sayı çoxalıb. Rusiyadan gələnlərin sayı da artıb. Onlar gələndə özləri ilə rus pulu gətirirlər. Bunun hesabına pul dəyişmə bazarında rus pulu daha çox işlənir: “ABŞ doları isə həmişəki kimi stabil şəkildə gəlir. Nə çox, nə də az. Son günlər ABŞ dolları bir qədər düşüb. Oyun oynayırlar. Bahalaşma bazarımıza da təsir edib”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG