Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:53
Daha bir il də geridə qaldı. Amma həm də nə qədər görülməmiş işlər qalır. Atalar demiş, əldən qalan əlli il qalır. Bəs niyə işi əlli il sonraya saxlayırıq, planlarımızı ertələyirik ki?...

Psixoloq Cozef Ferrari bütün peşəkar həyatını prokrastinatsiya fenomenini öyrənməyə həsr edib. Yəni daim işini sonraya saxlayanların sirrini öyrənməyə çalışıb. “Forbes” jurnalı “Hələ də vaxtı uzadırsız?” kitabının müəllifindən bəzi məsləhətlər alıb.

Ferrari deyir ki, işi hamı uzadır, amma hamı prokrastinator deyil. Prokrastinator daim işini ertələyənlərdir, bu da əhalinin təxminən 20 faizidir. Onun araşdırmaları göstərir ki, bu rəqəm bütün dünyada, məsələn, Venesuela, Polşa, Avstraliya, Səudiyə Ərəbistanı kimi bir-birindən uzaq ölkələrdə belə dəyişməz qalır.

Ferrari belələrinə, yəni qatı prokrastinatorlara kitabını oxumağı və bir də psixoterapevtə müraciət etməyi məsləhət görür. O “Vərdişlərdən əl çəkmək mümkündür” – deyə izah edir.

İŞLƏRİNİZİN SİYAHISINI TUTUN VƏ TEZ-TEZ ONU YENİLƏYİN

Yerdə qalanlara, yəni bu gün görüləsi işi sabaha saxlayanlara da tövsiyələri var.

Məsələn, deyir ki, işlərinizin siyahısını tutun və tez-tez onu yeniləyin. Prioritetləri müəyyənləşdirin, birinci növbədə təcili, təxirəsalınmaz işləri görün. Ən təxirəsalınmaz işləri görəndən sonra ən çətinindən yapışın. Onları təxirə salsaz görüləcək işin böyüklüyü sizi qorxudacaq. Bir də özünüzə real məqsəd və vaxt qoyun.

Ferrari inanmır ki, kompyuter və mobil telefonlar işimizi mürəkkəbləşdirir. Sadəcə, işdən yayındıran səbəbləri araşdırmağın tərəfdarıdır. Psixoloq deyir ki, elekton poçtunuzu saatda bir yoxlayın. Hər məktuba cavab verməyin. Vaxtınız yoxdursa, məktubları açmayın. Gələn məlumatları tez silin ki, gözünüzü döyənək etməsin. Daha məhsuldar işləyən həmkarınıza baxın, onunla birləşin. Daha çox iş görəndən örnək götürün.

Ferrari sonda deyir ki, qoy işini təxirə salanlar məğlubiyyətə uğrasınlar. Bax, onda özlərinə qıraqdan baxıb qiymət verə biləcəklər.

/Sayta hazırladı: Şahnaz Bəylərqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG