Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:59

2010-cu il: «Müxalifətsiz» və ya «qohum-əqrəba parlamenti»


Aparıcı müxalifət partiyaları Azərbaycan parlamentinə düşmədi
Aparıcı müxalifət partiyaları Azərbaycan parlamentinə düşmədi
Başa vurduğumuz il ölkənin siyasi həyatında parlament seçkiləri daha çox ağırlığını qoydu. Üstəlik, son iyirmi ildə birinci dəfə ənənəvi, aparıcı müxalifət partiyaları Azərbaycan parlamentinə düşmədi. Necə deyərlər, bütün cəhdlərinə və hazırlıqlarına rəğmən «süni ofsayd»a düşdülər. İndiyə kimi onlar az sayda da olsa, parlamentdə gözə dəyir, qərarların qəbuluna təsir göstərə bilməsələr də, tənqidi çıxışları ilə ara-sıra diqqət çəkirdilər.

KÖHNƏ MÜBAHİSƏLƏR YADA DÜŞDÜ

Yeni parlamentdəsə hakim partiyadan olanların sayı bir az da artdı - YAP-çıların sayı 70-i ötdü, müstəqillərinsə sayı 40-a çatdı. «Konstruktiv müxalifət» və ya «hakimiyyətə loyal» adlandırılan partiyalardan 10 nəfər keçdi.

Bu dəfə də parlament seçkilərindən sonra son 10-15 ilin mübahisəsi davam etdi - müxalifət hakimiyyəti saxtakarlıqda ittiham etdi, hakimiyyətsə müxalifəti zəiflikdə, sosial bazasının olmamasında.

Amma parlament seçkiləri təkcə Azərbaycanın siyasi çevrələrində, müxalifətlə hakimiyyət arasında deyil, həm də onu müşahidə edənlər arasında da mübahisə yaratdı. ATƏT-in Müşahidə Missiyasında yekun rəylə bağlı fikir ayrılığı yarandı.

«HAKİMİYYƏT CƏMİYYƏTLƏ MÜKAMİLƏYƏ HAZIR DEYİL...»

Müxalifətin indiki məğlubiyyəti hamıya bəlliydi
Politoloq Zərdüşt Əlizadə parlament seçkilərini belə qiymətləndirir:

«Azərbaycanda parlament seçkiləri biabırçı şəkildə keçirildi. Bu onu göstərir ki, hakimiyyət cəmiyyətlə mükamiləyə hazır deyil. Əslində xalqdan qorxur».

Zərdüşt Əlizadə müxalifətin məğlubiyyətində hakimiyyətlə yanaşı, onların özünü də qınayır.

«HAMI PREZİDENT APARATININ LÜTFÜNÜ GÖZLƏYİRDİ...».


«Bir il bundan əvvəl bəlli deyildimi ki, müxalifətin hakimiyyətlə bərabər səviyyədə mübarizə aparmağa resursları, kadrları, pulu, imkanı yoxdur? Hamıya bəlliydi. Boğazdan yuxarı vədlər verildi ki, belə vuruşacağıq, belə qalib gələcəyik. Əslində, hamı Prezident Aparatının lütfünü gözləyirdi. Müxalifətin indiki məğlubiyyəti hamıya bəlliydi».

Yeni Milli Məclisi indi iki cür adlandırmaq olar: «müxalifətsiz parlament» və ya «qohum-əqrəba parlamenti».

«QOHUM-ƏQRƏBA PARLAMENTİ»...

Prezidentin xanımı Mehriban Əliyeva, əmisi Cəlal Əliyev, eləcə də atasının qohumlarından sayılan Vasif Talıbov yenə deputatdırlar. Eləcə də bəzi yüksək vəzifəlilərin qohumları və özləri. Məsələn,
Bu, Milli Məclis deyil, Hakimiyyət Məclisidir
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin həm özü, həm də qohumu Sədaqət Vəliyeva və s.

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov elə ilk günlərdə demişdi ki, Milli Məclisin adını dəyişib Hakimiyyət Məclisi qoymaq lazımdır:

«Bu, Milli Məclis deyil, Hakimiyyət Məclisidir. Ona görə ki, bu tərkibdə parlament yalnız hakimiyyətin maraqlarını təmsil edəcək, hakimiyyətin maraqlarını müdafiə edəcək. Həmin parlamentdə artıq cəmiyyətimizi, millətimizin maraqlarını müdafiə etmək ənənəsi tamamilə götürüləcək».

Amma kimin necə qiymət verməsindən asılı olmadan parlament iş başındadır. Milli Məclis qış tətilinə yollanmazdan qabaq xalqı təbrik edib.

«Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, Azərbaycanımıza isə işıqlı gələcək arzulayırıq.

Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi».

İlin başa çatmasına bir neçə gün qalmış İctimai Palata yarandı
Milli Məclisdən kənarda qalan müxalifət isə öz məclisini qurmağa çalışdı. Müxtəlif adlar altında: Xalq Parlamenti, İctimai Palata. Hətta Ümumvətəndaş Hərəkatı yaratmaq haqda bəyanatlar səsləndirdi. Amma ilin başa çatmasına bir neçə gün qalmış İctimai Palata yarandı.

İCTİMAİ PALATA...

«Hamınızı təbrik edirəm. Tarixi gün oldu. Tarixi dəyişiklərin əsasını inşallah bir yerdə qoyacağıq».

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə müxalifətin tarixi dəyişikliklərə imza atmasına inanmır. Bu cəhdi sadəcə, sönməkdə olan şamın işartısı adlandırıb:

«Müxalifətin radikal qanadı məğlubiyyətə uğradısa, sadəcə nəticə çıxarıb siyasətlə vidalaşmalıdır».

Müxalifət isə məşhur «Sonuncu ölən inamdır» deyimini 2010-cu ildə də yaşatdı. Qarşıdan yeni bir ümid ili gəlir…
XS
SM
MD
LG