Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 12:48

2010-cu il təhsilə necə «düşdü»?


«2010-cu il Azərbaycanda təhsil sahəsində ən uğurlu illərdən biri kimi tarixə düşüb».

Bu, təhsil naziri Misir Mərdanovun 2010-cu ilin son günlərində dediyi fikirdir. Bununla belə, nazir istilən səviyyədə başa çatdırılmayan işlərin də olduğunu bildirib.

Bəs, insanlar bu barədə nə fikirləşir?

«MİSİR MƏRDANOV, YƏQİN, ÖZÜNÜ NƏZƏRDƏ TUTUR»

- Bu 20 ildə təhsil sahəsində heç bir irəliləyiş olmayıb. Əksinə get-gedə təhsilin səviyyəsi geriləyir. Misir Mərdanov yəqin özünü nəzərdə tutur. Öz təhsilində irəliləyiş olub. Məncə xalqın, millətin təhsilində heç bir irəliləyiş olmayıb.

- 2010-cu ilin yeganə yeniliyi şəxsən bizim universitetdə imtahanların kompüter sistemi ilə veriləcəyi oldu.

- Ya orta məktəbdə, ya ali məktəblərdə təhsil sıfır səviyyəsindədir.

- Müəllimlərdə günah var, normal dərs keçmirlər, tələbələrdə dərsə maraq oyatmırlar.

«2010-cu ildə məktəblərdə məktəbli formasının tətbiqi diqqətə layiqdir. Nazir dedi ki, hicablı qızlar orta məktəblərə buraxılmayacaq. Bu da düzgün fikirdir. Bir də deyirlər qiyabi təhsil aradan qaldırılacaq, amma bunun əleyhinəyəm. Qiyabi təhsil olmalıdır».

«TƏHSİLİN SƏVİYYƏSİNİ RÜŞVƏT AŞAĞI SALIR»

«Ötən ilin məzunu kimi deyə bilərəm ki, Azərbaycanda təhsilin səviyyəsi çox aşağıdır».

Əvvəlcə 2010-cu ildə təhsil sahəsində diqqət çəkən hadisələri ardıcıllıqla yada salmağa çalışaq.

Nazirlər Kabineti 2010-cu il yanvarın 13-də De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqda qərar verdi Həmin qərara əsasən, dövlət uşaq müəssisələrində olan uşaqlar ailələrə verilməli və bir neçə ildən sonra ölkədə olan bütün uşaq evləri və internat məktəbləri ləğv olunmalıdır.



2010-CU İLDƏ XARİCDƏ TƏHSİL ALANLARIN SAYI AZALDI

2010-cu ildə Azərbaycanda 104 min şagird məktəbi bitirdi. 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında 112 min 509 abituriyent iştirak edib. Onlardan 27 min 700 nəfəri tələbə adını qazanıb.

Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində 2010-cu ildə 200 gənc müxtəlif xarici ölkələrdə təhsil almağa göndərildi. Bu ötən illə müqayisədə 2 dəfə daha azdır.

1951-Cİ YER...

Bakı Dövlət Universiteti təhsilin keyfiyyətinə görə dünyanın 2000 universiteti siyahısında 1951-ci yeri tutdu.

15 yaşlı şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq PİSA proqramında Azərbaycan 65 ölkə arasında 64-cü yeri tutdu.

Təhsil Nazirliyi vahid məktəbli formasını tətbiq etdi.

Beynəlxalq universitetin fəaliyyəti dayandırıldı. Təhsil Nazirliyi 2010-cu ildə universitetin lisenziyasını uzatmadı.

Orta məktəblərdə hicablı şagirdlərin dərslərdə iştirakı qadağan edildi.

İlin sonunda Təhsil Naziri Misir Mərdanov təhsil haqlarının artırılması ilə bağlı Tarif Şurasına
müraciət edəcəyini dedi.

Bütün bu hadisələr içərisində 2010-cu ilin ən səs-küylü hadisəsi hicablı şagirdlərin dərslərə buraxılmaması oldu. Nazirliyin bu qərarına etiraz edən dindarlar aksiyalar keçirdilər. Masallıda və Nardaranda keçirilən aksiyalarda təhsil Naziri Misir Mərdanovun şəkilləri yandırıldı.

XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev 2010-cu ili təhsildə geriləmə ili kimi qiymətləndirir.

«AVTORİTARİZM VƏ TOTALİTARİZMİN DƏRİNLƏŞDİYİ İL»

«Mən 2010-cu ili Azərbaycan təhsilində avtoritarizm və totalitarizmin dərinləşdiyi il kimi qiymətləndirirəm. Orta və ali məktəb müəllimlərinin əmək haqlarında heç bir dəyişiklik olmadı. Ümumiyyətlə 2010-cu ildə Azərbaycan təhsilində irəliləmə yox, geriləmə oldu. Bunu həm faktlar həm də vətəndaşların təhsildən narazılığı bir daha sübut edir».

2010-cu ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 55 faizi 200-dən aşağı, 70 faizdən çox abituriyent isə 250 baldan aşağı nəticə göstərib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə imtahanların nəticələrinə dair keçirdiyi mətbuat konfransda 2010-cu ildə son illərlə müqayisədə ən aşağı nəticə göstərildiyini bildirmişdi.

Ekspert Rövşən Ağayev isə təhsil sahəsində apardığı araşdırmaların nəticələrinə görə, 2010-cu ilin təhsil üçün uğursuz il olduğu qənaətindədir.
Etibar Əliyev


«Hökumətin rəsmi mövqeyi odur ki, 2010-cu il ən uğurlu olub və təhsil sahəsində inkişaf olub. Amma təhsilin inkişafına qiymətləndirən göstəricilərə əsasən 2010-cu ilin təhsil üçün necə keçdiyini müəyyənləşdirmək olar. Əvvəla statistika göstərir ki, 2010-cu il təhsil üçün heç də uğursuz olub. Bundan əlavə 2010-cu ildə təhsil sahəsində heç bir islahat həyata keçirilmədi. Xüsusilə orta məktəbin idarəçiliyində, ali məktəblərə inzibati muxtariyyətin verilməsi, rektorların seçkili olması məsələsi kimi digər institusional islahatların da həyata keçirilmədiyini nəzərə alsaq mən 2010-cu ildə hər hansı uğurun, hər hansı inkişafın olduğunu qeyd edə bilmərəm».

Rövşən Ağayev 2011-ci il üçün vəziyyətin yaxşıya doğru dəyişəcəyini inanmır.
XS
SM
MD
LG