Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:26

Həmrəylik üstündə “yorğan davası”


Dekabrı 31-i Azərbaycanda həmrəylik günü kimi qeyd olunur. Bu gün rəsmən “Dünya Azərbaycanlılarının Həmrəyliyi” bayramı adlansa da, onun ətrafındakı ziddiyyətli fikirlər həmrəylikdən xəbər vermir. Özü də ziddiyyət təkcə ölkədə həmrəyliyin olub-olmaması məsələsində yox, həm də bu tarixi günün müəlliflik statusu ətrafında baş verir .

1992-ci ildə Prezident Aparatında (indi Administrasiya) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Arif Əliyev hesab edir ki, hazırda Azərbaycanda yaxın tarixin təhrif olunmasına cəhdlər edilir. Onun fikrincə bu, pis niyyətlərdən xəbər verir. Arif Əliyev deyir ki, həmrəylik günü ideyası Azadlıq hərəkatı dönəmində qoyulub. Bu hərəkatın lideri isə Əbülfəz Elçibəy olub. Sonradan da onun hakimiyyəti dövründə bu bayram Azərbaycanda rəsmən qeyd olunub.

Arif Əliyevin fikrincə, hakimiyyətə yaxın media orqanları zaman –zaman bu günün əsasının kimlər tərəfindən qoyulduğunu təhrif edirlər.

“BU İL ARTIQ NƏ ELÇİBƏYİN, NƏ DƏ MÜTƏLLİBOVUN ADI VAR”
Arif Əliyev


“Arxivlərə girib baxanda məlum olur ki, məsələn informasiya agentlikləri 2 il əvvəl bu günün tətbiqində Əbülfəz Elçibəyin adını çəkir və həm də faktiki olaraq 1991-ci ilin Ayaz Mütəllibovun hakimiyyəti dövrü olduğunu xatırladırdılar. Ötən ilki materiallarda qeyd edilir ki, bu günün tətbiq olunması Əbülfəz Elçibəy dönəmindəndir. Artıq Mütəllibovun adı oradan itib. Bu il isə artıq nə Elçibəyin, nə də Mütəllibovun adı var və həmrəylik günü sonrakı liderlərin adı ilə bağlanır. Məncə bu gülməli və çox ziyanlı cəhdlərdir. Bu daha çox Əbülfəz Elçibəyin hərəkata və ölkəyə rəhbərlik etdiyi bir dönəmdə formalaşmış bayramdır. Və sonradan da onun sərəncamı ilə rəsmiləşdirilib”.

“HƏMRƏYLİYİ HEYDƏR ƏLİYEVİN ADINA ÇIXMAQ İSTƏYİRLƏR...”

Arif Əliyev deyir ki, bu bayram əvvəlcə həyatda özünü təsdiqləyib, sonradan fərmanla rəsmiləşdirilmiş müasir bayramlardandır. “Amma təəssüf ki, hələ ortada lazımi həmrəylik olmadığı halda, yorğan davası gedir”.

Arif Əliyevin fikrincə, bu günün ilk dəfə Heydər Əliyev tərəfindən Naxçıvanda qeyd edildiyini deyib bayramı onun adına çıxmaq istəyirlər. “Halbuki, elə dərinliyə gedəndə həmrəylik gününü Nemət Pənahlının bayramı da adlandırmaq olar”, - o əlavə edir.

Arif Əliyev yada salır ki, 1991-ci ildə Azərbaycan-İran sərhədlərinin sökülməsinin təşəbbüskarlarından biri o olub. Onun fikrincə, belə yanaşma ilə Şəkidə, Gəncədə baş verən hadisələri də ayrı-ayrı adlara yazmaq olar. Arif Əliyevin sözlərinə görə, bu hadisələr bütövlükdə xalqın iştirakı ilə baş verib. Özü də Əbülfəz Elçibəy dönəmində.

YORĞAN DAVASI...

Bəhruz Quliyev
“Yəni bu xırdaçılıq əslində onu göstərir ki, hətta bu cür bayramlarda da ölkədə, millətdə həmrəylik yaratmaqdan daha çox, yorğan davası üçün əsas verilir. Mən buna çox acıyıram”.

Azərbaycanda fəaliyyət göstərən bəzi KİV–lərin səhifələrinə ötəri nəzər saldıqda bəlli olur ki, həqiqətən də milli həmrəylik gününün təşəbbüskarı məsələsi cəmiyyətə fərqli təqdim edilir.

Hakimiyyət yönlü “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə deyir ki, sərhədlər ilk dəfə Naxçıvanda açılıb. O bildirir ki, elə o dövrdə də Naxçıvanda xalq hərəkatına Heydər Əliyev rəhbərlik edirdi:

“HƏMRƏYLİK GÜNÜ BİLAVASİTƏ ULU ÖNDƏRİN ADI İLƏ BAĞLIDIR...”


“Kim bu hadisəni necə yozur özü bilər. Amma mən belə başa düşürəm ki, bu həmrəylik günü bilavasitə ulu öndərin adı ilə bağlıdır. Digər tərəfdən bizim özümüz də o hərəkatda olan insanlarıq. Hərəkatda olmaq o demək deyil ki, sonra hökmən gərək müxalifətçilik, dağıdıcılıq mövqeyində olasan”.

Bəhruz Quliyev düşünür ki, bu və digər məsələlərə obyektiv mövqe nümayiş etdirmələri iqtidar yönlü, hakimiyyətə yaxın adamlar, yaxud KİV-lər kimi qələmə vermək də düz deyil.

Onun fikrincə, bu, radikal müxalifətin radikal yanaşmasından başqa bir şey deyil. Bəhruz Quliyev deyir ki, sağlam düşüncənin daşıyıcıları azərbaycançılıq, eləcə də xalqın rifahı naminə hökmən düzgün mövqedə dayanmalıdırlar.

Bu bayram ətrafında sadə vətəndaşlar nə düşünür? Azərbaycanın müstəqilliyinin 20-ci ilində ölkədə həmrəylik varmı?:

- Ulu öndərimiz Heydər Əliyev həmrəylik yaradandan bəri ölkədə hamı bir biri ilə mehriban, həmrəydir. Sovet hökuməti devriləndən bəri. Böyük həmrəylik var...

- Azərbaycanda düzünə qalsa, həmrəylik yox dərəcəsindədir. Hamı bir fikrə gələ bilmir. İnsanlar arasında bərabərlik yoxdur deyə hamı eyni ruhda deyil. Bəziləri bayramı yaxşı keçirir, bəziləri isə əhəmiyyətsiz yanaşır...

- Həmrəylik var ki, ölkədə sakitlikdir. Camaat rahat yaşayır, gəzir. Allah prezidentimizə can sağlığı versin. Gör nə xoşbəxtik ki, ilin bu vaxtı ölkədə qar, qiyamət, yağış da yoxdur.

- Hələ ki, həmrəylik hiss olunmur...

- Məncə, Azərbaycanda həmrəylik yoxdur. Həmrəylik olan yerdə rüşvət olmamalıdır. Amma bizdə rüşvət var. Həmrəylik o deməkdir ki, hamı bir-birini başa düşsün...”

1989-cu ilin dekabr günlərində həm İranda, həm də Sovet Azərbaycanında yaşayan azərbaycanlılar İran və SSRİ sərhədindəki tikanlı məftilləri sökərək bir-birləri ilə həmrəylik nümayiş etdirmişdilər.

1992-ci ildən isə 31 dekabr Azərbaycanda Milli Həmrəylik Günü kimi qeyd edilir. Bununla bağlı o vaxtkı prezident Əbülfəz Elçibəy sərəncam verib.

XS
SM
MD
LG