Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:42
Dekabrın 30-da “Azərbaycan 2020 İctimai Forumu” Milli Birlik və İnkişaf Xartiyasını müzakirə edib. “İbrus” teatrında müzakirə edilən sənəd Azərbaycan ziyalılarının 21-ci əsrin ikinci onilliyində ölkənin inkişafına baxışından ibarətdir.

Ölkədə korrupsiyanın artması, məhkəmə sisteminin qanunların aliliyini və vətəndaşların təməl haqlarını təmin edə bilməməsi əsas problem olaraq xartiyada qeyd olunur.

Xartiya müəllifləri hesab edir ki, ölkənin modernləşmə strategiyası, vacib həyat sahələri - səhiyyə, elm və mədəniyyət üzrə islahat proqramı, kiçik və orta biznesin inkişafı, neft gəlirlərinin idarə edilməsi, məhkəmə və hüquq mühafizə sistemi, Seçki Məcəlləsi geniş ictimai müzakirəyə çıxarılmalıdır. Bunun üçün dövlət orqanları və vətəndaş cəmiyyəti nümayəndələri birgə səy göstərməlidir.

DÖVLƏT VƏTƏNDAŞLA DİALOQA GİRSİN


Professor Cəmil Həsənli qeyd edib ki, dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqun başlanması bütün insanların istədiyi dəyişikliklər zərurətindən doğur. Onun fikrincə, ölkənin gələcəyi barədə geniş ictimai müzakirələrin başlanması üzrə səylərin uğuru bundan asılıdır.

Diskussiya gedişində təklif olunub ki, sənədin yekun mətni 2011-ci il yanvarın sonunda qəbul edilsin. Forum həmçinin Xartiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlayır.

İctimai forum 2009-cu ilin oktyabrında yaradılıb. Əsas məqsədinin ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunun artırılması olduğunu bildirir.

Birliyə Azərbaycanın tanınmış ictimai xadimləri - yazıçı Rüstəm İbrahimbəyov, xalq şairləri Vaqif Səmədoğlu və Ramiz Rövşən, iqtisadçı Vahid Əhmədov, yazıçılar Elmira Axundova və Gülrux Əlibəyli, alimlər və təhsil sistemi xadimləri - Rafiq Əliyev, Hamlet İsaxanlı, Cəmil Həsənli, Eldar İsmayılov, İradə Bağırova, Rəhman Bədəlov, KİV rəhbərləri Mehman Əliyev və Rauf Talışınski, həmçinin ictimai təşkilat və fond rəhbərləri eldar Namazov, Arzu Abdullayeva, Fərda Əsədov, Rəşid Hüseynli, politoloqlar Rasim Musabəyov, Zərdüşt Əlizadə, Rasim Ağayev, Leyla Əliyeva, İlqar Məmmədov, Erkin Qədirli və digərləri daxildir. /Turan/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG