Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:46

Brayzanın səfirliyi necə qarşılanır?


M.Brayza
M.Brayza
MÜVƏQQƏTİ TƏYİNAT

ABŞ prezidenti Barak Obama Matthew Bryza-nı Azərbaycana səfir təyin etdi. Təxminən bir il idi ki, onun namizədliyi ölkə Senatında müzakirə olunur və təsdiq olunmurdu.

ABŞ qanunvericiliyinə görə, xarici ölkəyə səfir vəzifəsinə namizədləri prezident irəli sürür, Senat isə təsdiqləyir. Barak Obama Konstitusiyanın ona verdiyi hüquqdan istifadə edib. Belə ki, Senat tətilə çıxanda prezident birbaşa xarici ölkəyə səfir təyin edə bilər.

ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat katibi Kis Bin «Media forum» saytına açıqlamasında deyib ki, amma bu təyinat «müvəqqəti təyinat» adlanır.

Mətbuat katibi bildirib ki, bu təyinat Senatın növbəti sessiyası başlayanda qüvvəsini itirir. Bundan sonra səfir təyinatının prosedurası yenidən başlayır.

Kis Bin qeyd edib ki, Matthew Bryza ən azı bir il müddətində Azərbaycanda səfir olacaq.
ABŞ-ın ATƏT-in Minsk qrupundakı keçmiş təmsilçisi olan Bryza-nın Azərbaycana səfir təyin olunmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edib-etməyəcəyinə gəlincə, Kis Bin deyib ki, Matthew Bryza ABŞ-n Azərbaycana səfiri təyin olunub. Səfir Robert Bradtke ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədridir. O, Minsk qrupunun proseslərində ABŞ tərəfindən fəaliyyət göstərən əsas şəxsdir.

Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri kimi Bryza-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktivlik göstərəcəyini güman edir:

YENİ SƏFİRDƏN ƏN BİRİNCİ GÖZLƏNTİMİZ...

- ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu indiyə qədər fəaliyyət göstərib, amma bizi qane edəcək nəticəsi yoxdur. Münaqişə öz həllini tapmayıb. Təbii ki, bunun məsuliyyəti müəyyən dərəcədə Minsk qrupunun həmsədr dövlətlərindən olan ABŞ-ın üzərinə düşür. Minsk qrupu lazımı nəticələr çıxarmalıdır. Yeni səfirdən ən birinci gözləntimiz ABŞ-ın həmsədr dövlətlərdən biri kimi münaqişənin nizama salınmasında daha ciddi rol oynamasına töhfə verməsidir.

MÜNAQİŞƏNİN HƏLLİNDƏ TÖHFƏNİ DAHA ÇOX HƏMSƏDR VERİR


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə Matthew Bryza-nın təyinatını normal qarşıladıqlarını, onun namizədliyini əvvəldən razılıqla qarşıladıqlarını söyləyir, amma hesab edir ki, Qarabağ münaqişəsinin həllində töhfəni daha çox ABŞ-ın Minsk qrupundakı indiki həmsədri verə bilər, nəinki səfir:

- Səfirliyin işi, vəzifələri nədən ibarətdir, onu Amerika müəyyən edir və burda artıq iki ölkə arasındakı münasibətlər prioritet olur.

KİM GƏLİR GƏLSİN

Vəfa Quluzadə
Politoloq Vəfa Quluzadə isə bu təyinatla maraqlanmadığını deyir. Onun fikrincə, səfirin kimliyinin ABŞ-ın siyasətinə heç bir dəxli yoxdur:

- Kim gəlir gəlsin, lap Klinton səfir olsun, ABŞ super dövlətdir, öz siyasətini yürüdür. Həmin siyasət davam edəcək.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyir ki, son iki ildə boş qalan səfir postuna təyinatın baş tutması təqdirəlayiqdir və iki ölkə arasındakı münasibətlərə təsiri olacaq, amma:

BÖYÜK ÜMİDLƏR VAR, AMMA...

- Matthew Bryza-nın Azərbaycana təyinatı o demək deyil ki, Azərbaycan-ABŞ münasibətlərində bütün suallar ortadan qaldırılacaq.

Elxan Şahinoğlu deyir ki, bəzi yerli dairələrdə Bryza-nın səfirliyinə böyük ümidlər var, amma bu ümidlərin doğrula bilməyəcəyi ehtimalı qüvvədədir:

- Çünki Bryza ATƏT-in Minsk qrupundakı həmsədri kimi fəal idi, ona ümidlər vardı, amma ortada nəticə olmadı.

Elxan Şahinoğlunun fikrincə, səfirin geniş funksiyası yoxdur və bu təyinatla iki ölkə arasındakı bir çox məsələlərin həll olunacağını da gözəmək sadəlövlükdür.
XS
SM
MD
LG