Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:44

Sahibkar prezidentdən kömək istəyir


Mais Ağayev
Mais Ağayev
Sahibkar Mais Ağayev AzadlıqRadiosunun «Qaynar xətti»nə şikayət edib ki, bir neçə ildir əmlakı Şəki Bazar Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbərliyi tərəfindən zəbt edilib. O, məhkəmələrə müraciət edib. Yerli məhkəmələr bütün mərhələlərdə «Azərittifaq»la bazar arasındakı alqı-satqı müqavilələrini ləğv edib. Yəni göstərilən mağazanın bazara heç bir aidiyyatı yoxdur.

Mais Ağayevin deməsinə görə, bazarın keçmiş rəhbərliyi məhkəmədə uduzduqlarını başa düşüb 2006-cı ildə mağazanı icra hakimiyyətində işləyən başqa bir şəxsin adına keçirib. Mais Ağayev danışır:

ZƏBT

«Mağaza 2003-cü ilə qədər fəaliyyət göstərib, qardaşım 1996-cı ildə vəfat edib, iki azyaşlı uşağı qalıb Şəkidə. Qardaşımla bütün vəsaitimizi, mağazadan qazandığımızı qoyub mağazanı genişləndirmişik.

Bazar səhmdar cəmiyyətə çevriləndə də xəritəsində ştrixlənib ki, bu mağaza səhmdar cəmiyyətə aid deyil, özgə mülkiyyətidir. Buna baxmayaraq saxta sənədlərlə bizim əmlakımızı zəbt eləyiblər, mağazanın qapı- pəncərəsini sındıraraq içəri giriblər, bu yolla mülkiyyətimizə sahib olublar. Bütün instansiyalara müraciət eləmişik, 3 məhkəmə instansiyası keçmişik, Yerli iqtisad məhkəməsi bizim xeyrimizə qərar çıxarıb, «Azərittifaq»la bazar arasında olan alqı-satqı müqaviləsini ləğv edib».

Mais Ağayev deyir ki, ilkin məhkəmə instansiyası «Azərittifaq»la mağaza arasındakı alqı-satqı müqaviləsini ləğv edəndən sonra qarşı tərəf mağazanı saxta sənədlərlə başqa bir adamın adına keçirib, ilkin instansiya məhkəməsinin qərarından da apellyasiya şikayəti verilib. Mais Ağayevin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi də həmin saxta sənədlərə istinad edərək mağazanın Şəki Şəhər İcra Hakimiyyətində işləyən həmin şəxsə məxsus olması barədə qərar çıxarıb. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

MƏHKƏMƏ QAPILARINDA

Mais Ağayev iddia edir ki, bu işlərin arxasında dayanan bazarın keçmiş rəhbərliyidir. Onu himayə edənsə rayonun keçmiş rəhbərliyi olub. Şəkinin İcra Hakimiyyətində rəhbərlik dəyişəndən sonra həm bazarın rəhbərliyi dəyişib, həm də bazar adına keçirilən icra hakimiyyətinin əməkdaşı işindən çıxarılıb.

Bundan sonra Mais Ağayev yenidən məhkəmələrə müraciət edib ki, saxta əqdlə başqasının adına keçirilmiş əmlakı geri alsın. Bu il dekabrın 7-də Şəki Şəhər Məhkəməsində keçirilən prosesdə araşdırılıb ki, icra hakimiyyətinin həmin keçmiş əməkdaşı vergi qeydiyyatında yoxdur və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur.

Məhkəmə qərar çıxarıb ki, 2006-cı ildə mağaza adına keçirilərkən isə o, Şəki Şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışırmış, yəni sahibkarlıqla məşğul ola bilməzdi. Bundan sonra qarşı tərəf qərardan apellyasiya şikayəti verdiyinə görə Şəki Şəhər Məhkəməsində məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

ÖZBAŞINALIĞIN ARXASINDA KİM DAYANIR?...

Mais Ağayev prezidentə müraciət edərək əmlakının geri qaytarılmasında ona kömək etməsini xahiş edib: «İstəyirəm ki, haqq-ədaləti bərpa edəsiniz. Yetimlərin mallarını özlərinə qaytarasınız. Yetim malını yeyənlərin arxasında Azərbaycanın iri banklarından birinin prezidenti dayanır. Məhkəmə prosesi başa çatdıqdan sonra mən geniş mətbuat konfransı keçirib həmin adamın adını açıqlayacağam».

Mais Ağayev AzadlıqRadiosuna bir aydan artıqdır ki müraciət edib və biz qarşı tərəfin mövqeyini öyrənmədən materialı efirə vermək fikrində deyildik. Ancaq ötən müddət ərzində istər Şəki bazarının indiki, istərsə də keçmiş rəhbərinə, adı çəkilən icra hakimiyyətinin keçmiş işçisinə və digər şəxslərə müraciətlərimiz cavabsız qaldı. Çünki onlar məsələ ilə bağlı mövqe bildirmək istəmədilər. Bununla belə, gələcəkdə də tərəflərin mövqelərini dinləməyə hazırıq.
XS
SM
MD
LG