Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:16

Danışıqların son mərhələyə girdiyi il?


2010-cu ildə Qarabağ danışıqları Soçidən start götürdü...
2010-cu ildə Qarabağ danışıqları Soçidən start götürdü...
«Bu, hamıdan əvvəl Dağlıq Qarabağda yaşayanların və əlbəttə ki, Azərbaycanın və Ermənistanın özünün, o cümlədən də bütün regionun marağındadır. Biz gərək əlimizdən gələni edək ki, bu münaqişə həllini tapsın».

Bu, ABŞ Dövlət katibi Hillari Klintonun dedikləri idi.

2010-cu il boyu belə bəyanatlar Avropadan və Rusiyadan da yetərincə səsləndi. Amma ancaq səsləndi. Başqa heç bir dəyişiklik olmadı.

2010-cu ildə Qarabağ danışıqları Soçidən start götürdü...

Bu il də Rusiya problemin həllinə çalışırmış kimi çoxsaylı təşəbbüslər etdi.

2009-cu ildə prezidentlər İlham Əliyevlə Dmitri Medvedev Dağlıq Qarabağ söhbətini Ulyanovsk şəhərindəki körpünün açılışı ilə başlamışdılarsa, 2010-cu ildə prezidentlər bu mövzuya Soçi şəhərində xizək sürməklə start verdilər...

Bir sözlə, İlham Əliyevlə Serj Sarkisyanın Soçidə başlayan danışıqları Həştərxanda başa çatdı. Əlbəttə ki, yenə də irəliyə atılan nəticəsiz addımlarla.

Amma Soçi danışıqları az-çox müşahidəçilərin diqqətini çəkə bildi. O da irəliləyişi ilə yox, daha çox dövlət başçılarının «Krasnaya polyana» kompleksində xizək sürmələri ilə.

2010-cu ildə də ATƏT-in Minsk qrupu sammit olan və olmayan yerlərdə gah prezidentlərin, gah da xarici işlər nazirlərinin görüşlərini təşkil etdi.
Soçidə başlayan danışıqları Həştərxanda başa çatdı
Bu danışıqların heç birində Dağlıq Qarabağ nizamlamasına dair ciddi sənəd imzalanmadı. Tərəflər ən yaxşı halda meyitlərin və əsirlərin qaytarılmasına dair humanitar razılaşmalara imza atdılar.

BARIT QOXULU BƏYANATLAR...


2010-cu ildə də Yerevandan və Bakıdan yetərincə barıt qoxulu bəyanatlar səsləndi.

Serj Sarkisyan keçirdiyi hərbi təlimlərlə, İlham Əliyev isə ayırdığı hərbi büdcə ilə öyündülər. Prezident İlham Əliyev:

«Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən artıqdır».

Prezidentlərin demək olar ki, hər görüşündən sonra Bakı Dağlıq Qarabağın müstəqilliyinin mümkün olmadığını, Yerevan isə bölgənin artıq müstəqil olduğunu bəyan edirdi.

Hər dəfə də belə bəyanatların fonunda ortaya çox sadə bir sual çıxdı. Dövlət başçıları əsas fikirlərini bir-birinə Bakıdan və Yerevandan ismarış yollamaqla çatdırırlarsa, bəs onda onlar başqa ölkələrdə düzənlənən və bəzən hətta 3-4 saat çəkən görüşlərdə nədən danışırlar?

Doğrudanmı yalnız «Madrid prinsipləri» adlanan sənəddən. Yeri gəlmişkən, yola saldığımız ildə bu sənədin neçə dəfə və necə yeniləndiyini ictimaiyyət dəqiq bilmədi. Sadəcə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri hərəsi öz növbəsində qarşı tərəfi qeyri konstruktivlikdə suçladı.

Serj Sarkisyan keçirdiyi hərbi təlimlərlə, İlham Əliyev isə ayırdığı hərbi büdcə ilə öyündülər
Azərbaycanın Xarici Işlər naziri Elmar Məmmədyarov:

«Bunlar gülməli şeylər danışırlar. Deyirlər ki, yox, biz Sankt-Peterburqda danışılanlara nail olmalıyıq. Mən deyirəm ki, Sankt Peterburqdan əvvəl Soçi görüşü olub. Orada 3 prezident görüşüb. Deyirlər yox, Soçini biz qəbul etmirik, amma siz Sankt-Peterburqu qəbul etməlisiniz».

HƏM «HƏ», HƏM «YOX»...

Beləliklə, diplomatların dediyi kimi, Azərbaycan «Madrid sənədi»nə «hə» deyəndə, Ermənistan «yox», Ermənistan «hə» deyəndə isə, Azərbaycan «yox» dedi.

Bəzən də iki ölkənin XİN rəhbərlərinin açıqlamalarından belə məlum olurdu ki, Bakı və Yerevan problemin həllində anlaşmaq istəyirlər, amma hansısa xırda-para detallar, yaxud elementlər araya girib mərdimazarlıq edir.

İlboyu Azərbaycanda hamı az qaldı inansın ki, 5 rayon bu gün ya sabah azad olunacaq. Amma olunmadı.

Əvəzinə Azərbaycanla Türkiyə arasında «sərhəd açılımı» adlı krizis yarandı. Türkiyə-Ermənistan sərhədinin aşılmasının Dağlıq Qarabağ nizamlamasına müsbət təsir edəcəyini düşünənlər az qaldı Bakı ilə Ankaranı bir birindən küsdürsün.

DANIŞIQLARIN SON MƏRHƏLƏYƏ GİRDİYİ İL?

Vəfa Quluzadə
Ümumilikdə götürəndə, 2010 Qağlıq Qarabağ danışıqlarının son mərhələyə girdiyi il adlandırıldı. Prezident İlham Əliyev dedi ki, bu, artıq sonuncu mərhələdir. Ancaq sonuncu mərhələnin nə qədər sürəcəyini heç kim deyə bilmədi.

Politoloq Vəfa Quluzadə isə bu il də o fikirdə qaldı ki, Rusiya çökmədən nə bu danışıqların sonu olacaq, nə də imzalanan sənədlərin əhəmiyyəti. Əlbəttə ki, imzalanan sənəd olarsa:

«Mənim bütün proqnozlarım tam özünü doğruldur. Mən əsl işğalçı Rusiyanı hesab edirəm. Ona görə rus imperiyası dağılmamış bizim torpaqlar azad olunmayacaq. Çünki imperiya «dondurulmuş münaqişələr»də maraqlıdır».

Bəzi politoloqlar 2010-cu ildə də ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə qınadı. Elə həmin 2010-cu ildə də Azərbaycanın 3-cü çağırış Milli Məclisi fəaliyyətini yekunlaşdırıb yerini 4-cü çağırışa verdi. Özü də işlədiyi 5 ildə bir dəfə də olsun Dağlıq Qarabağ məsələsini müzakirə etmədən. Halbuki, bəzi deputatlar spikerdən dönə-dönə tələb və xahiş edirdilər ki, Azərbaycan parlamenti də Ermənistanda olduğu kimi, heç olmasa, ildə bir dəfə bu məsələni müzakirə etsin.
XS
SM
MD
LG