Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:54

Moskva meri küçələrdən ticarət köşklərini yığır


Yeni merin «təmizləmə» əməliyyatı moskvalılar arasında fikir ayrılıqları yaradıb
Yeni merin «təmizləmə» əməliyyatı moskvalılar arasında fikir ayrılıqları yaradıb
SOBYANİN DƏ MOSKVA KÜÇƏLƏRİNDƏ KÖŞKLƏRİ YIĞIR

İllərdir ki, Moskvada «Belorusskaya» dəmiryol stansiyasının yaxınlığındakı körpünün altında köşklərdə spirtli içkilər, siqaret və isti kökələr satılırdı. Amma Moskvanın yeni meri Sergey Sobyaninin ilk təşəbbüslərindən biri həmin ərazidən köşkləri təmizləmək olub.

Oktyabrda mer olandan dərhal sonra Sobyanin şəhərin mərkəzində metronun «Krasnopresnenskaya» stansiyası ətrafında kiçik köşklərə hücum etdi. Əsas kimi də bildirirdi ki, bu köşklər ərazidəki heykəli görməyə qoymur, mənzərəni pozur.

Tez-tez şəhəri dolaşan yeni merin göstərişi ilə bir neçə günün içində Moskvanın metro stansiyalarının qarşısından, küçə və parklarından yüzlərlə köşk yığışdırıldı.

Yeni merin bu cür «təmizləmə» əməliyyatı moskvalılar arasında fikir ayrılıqları yaradıb. Metronun «Novoslobodskaya» stansiyası yaxınlığında qəzet köşkü işlədən 47 yaşlı Aleksandr Dutov merdən narazılardan biridir:

«Belə etmək olmaz. Birincisi, yüzlərlə adam işsiz qalacaq. İkincisi, əslində onlar moskvalıları və miqrantları düşünmürlər. Yaxşı, tutaq ki, köşklərin bəziləri mənzərəni korlayır, amma gözəlləri də var. Metronun yaxınlığından qəzet köşkünü yığışdırmaq olmaz».

«Təmizləmə»dən ən çox ziyan çəkənlərdən olan – hot-doq satan «Star Dos» şirkətinin də 30 köşkü götürülüb.
Mer tez-tez şəhəri dolaşır
Şirkətin sözçüsü bildirir ki, onların hər köşkü gündə azı 30 000 rubl, təxminən 1000 dollar gəlir verirdi.

Artıq bəzi köşk sahibləri Sobyaninə qarşı məhkəmə iddiaları qaldırıblar. Moskva rəhbərliyi isə bildirir ki, şəhərin müxtəlif yerlərində ticarət üçün 2200 xüsusi yer ayrılıb.

MÜHACİRLƏRİN YENİ PROBLEMİ – İŞ İCAZƏSİ VERİLMƏYƏCƏK

Moskvada yaşayan jurnalist Tünzalə Vəliqızı deyir ki, Moskva küçələrində ticarətlə məşğul olan azərbaycanlılar da çətin vəziyyətə düşüblər. Onlardan yalnız qanuni sənədlərlə ticarət edənlərə başqa yerlər təklif olunur.

Tünzalə Vəliqızı bildirir ki, Moskvadakı mühacirləri yeni ildən başqa bir təhlükə də gözləyir.

Hökumətin qərarı ilə yanvarın 1-də mühacirlərə «iş vərəqəsi» deyilən iş icazəsi verilməyəcək. Bu halda Moskvada qanunsuz yaşayıb-işləyən azərbaycanlıların da hara gedəcəkləri qaranlıqdır:

«Geriyə qayıdacaqlar, yoxsa, nə olacaq, bilmirəm».

MERİN PLANI NƏDİR?

Moskvadakı Karneqi Mərkəzinin təhlilçisi Nikolay Petrov bildirir ki, ümumilikdə yeni merin şəhəri necə idarə etməklə konkret planının olmasına inanmır. Buna misal kimi də bəzi köşklərin götürülüb, sonra yenidən yerinə qaytarıldığını deyir:

Yanvarın 1-də mühacirlərə «iş vərəqəsi» deyilən iş icazəsi verilməyəcək
«Əvvəlcədən planlaşdırmadan bir ucdan köşkləri yığışdırırlar. Baxmırlar ki, kimin sənədi var, kimin uzunmüddətli müqaviləsi var. Onların bir çoxu həqiqətən də şəhər sakinlərinə çox vacibdir. Bir yandan da görürlər ki, ağ ediblər, bəzi köşkləri geri qaytarıb, təzədən əvvəlki yerinə quraşdırırlar».

Amma Moskva sakinləri arasında Sobyaninin «təmizləməsindən» razı qalanlar da az deyil.

«Belorusskaya» stansiyasının yaxınlığında götürülmüş bir köşkün yerində duran Yevgeniya adlı yaşlı qadın deyir ki, Allah Sobyanindən razı olsun. İndi o, öz bağçasından topladığı gülləri burada rahatca sata biləcək. Əvvəllər köşk sahibləri onu buralara yaxın buraxmırmış:

«Onların hamısını milis müdafiə edirdi. Mən yalnız bunu deyə bilərəm. Biz yerli sakinlər öz ərazimizdə heç nə edə bilmirdik. Heç bir hüququmuz olmadan yaşayırdıq. Bizi qorxudurdular. Onlar buranın yiyələri, biz isə heç kim olmuşduq».

Köşklərin götürülməsi Sobyaninin yeganə mübahisəli qərarı deyil. Məsələn, Moskvanın əsas küçələrindən biri olan «Tverskaya» küçəsindən dayanacaq yerlərini yığışdırıb. Buna görə də müştərilərini itirən həmin gur küçədəki mağaza sahibləri narazı qalıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG