Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:31

Bayram havası - qiymətlərdən şikayətlənənlər daha çoxdur


Keçən ildəki kimi alver getmir.
«KEÇƏN İLKİ ALVER YOXDUR»

Artıq Yen il bayramının astanasındayıq. Kimi bayramı öz evində, kimi restoranda, kimi də xaricdə keçirməyə tələsir.

Uşaqlarını şəhər gəzintisinə çıxaran Seymur deyir ki, bu il bayramı restoranda qarşılayacaq. Xanımına əziyyət vermək istəmir. Artıq indidən sifariş də verib. Qiymətə gəlincə:

- Cibimizə uyğun olanı seçmişik.

Nəzrinlə Kəmalə deyir ki, onlar da bayramı ailəliklə məşhur restoranlardan brində keçirməyi planlaşdırıblar. Amma qərar verə bilmirlər: hansında:

- Hələ yer sifariş verməmişik. Yer o qədərdi.

Qiymətlər restoranlarda 50 manatdan başlayır. 250-300 manata da yer tapmaq olar. Bayramı evində qarşılayanlarınsa çoxu götür-qoydadırlar. Yəni necə etsinlər ki, çox xərcə düşməsinlər.
Metronun «28 may» stansiyasının arxasındakı bazarda satıcı alıcıdan çoxdu. Qəssablar da, meyvə-tərəvəz satıcıları da müştəri azlığından gileylənirlər. Deyirlər ki, alver zəif gedir:

- Fakt camaatda pul yoxdur.

- Bayram əhval-ruhiyyəsi yoxdur. Kasıbçılıqdı. Camaatda pul yoxdur. Keçən ildəki kimi alver getmir.

- Nə satırsız? Endirim etmisiz?

- Əvvəl necə indi də elə. Qiyməti artırmamışıq. Camaatda pul yoxdur, kasıbçılıqdır. İki kilo mandarin alırdılarsa, indi bir kilo alırlar.

- Ən çox nə alırlar?

- Mandarin, pomidor, apelsin...

Satıcının köməyin piştaxta yoldaşı gəlir:

- Çuğundur, kök.

- Ən çox neçə manatlıq bazarlıq edirlər, iyirmi manat, on manat?

- Bahooo... Ən çox 9 manat, 8 manat. 20 manata kimdir bazarlıq edən?

Yüz manat olsa bayramı birtəhər yola vermək olar
Camal adlı bu zarafatcıl satıcı deyir ki, bayramda da burda olacaq. Evdə səkkiz uşaq onun yolunu gözləyir:

- Vallah. 8 uşaq evdədir. Evə getsəm qırğına düşərik.

Şahdəstə xalanın kefi kök olmasa da, qaşqabaqlı da deyil. Dediyinə görə, əvvəlki günlərə baxanda bu günə şükür. Bayrama az qalıb deyə alver az da olsa gedir:

- Bu gün bir az yaxşıdır.

«ÜRƏYİM İSTƏYƏN SÜFRƏNİ AÇMAĞA 200-300 MANAT LAZIMDIR, AMMA...»

Şahdəstə xalanın alıcısı tibb bacısı Lalə də piştaxtadakı mallara diqqətlə baxır, yüz ölçür, bir biçir. Bayram bazarlığına indi başlayıb. Deyir ki, yüz manat olsa bayramı birtəhər yola vermək olar:

- Yüz manata hər şeydən bir az alıb bayram süfrəsi açmaq olar. O da birtəhər. Bir kilo ət, bir toyuq, bir az mer-meyvə, kişmiş. Yəqin bəs eləyər.

Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun əməkdaşı Kifayət Abbasova da bazarlığa təzəcə başlayıb:

- Bazarlıq eləmisiz?

- Ət almışam. Altı manata mal əti, 7 manata qoyun əti. Hər yerdə belədir də. Hərəsindən iki kilo almışam.

- Bayramda ürəyiniz istəyən süfrəni aça biləcəksizmi?

- Açaram. Əlbəttə, bir az maaş azdır.

- Yaxşı bayram süfrəsi açmaq üçün nə qədər pul lazımdır?

- İki yüz-üç yüz manat. Salat hazırlayardım. Aş dəmləyərdim, dolma bişirərdim, tort bişirərdim.

- Bu dəfə iki yüz-üç yüz manat xərcləyə biləcəksizmi?

Qiymətlərin təxminən iyirmi faiz artdıgı söylənilir.
- Mən yarısını xərcləyəcəm, yüz-yüz əlli manat.

YENƏ DƏ MONİTORİNQLƏR VƏ YARMARKALAR

Bu, Bakıdakı ən ucuz bazarlardan birində müşahidələrimizdir. Ümumən qiymətlərin təxminən iyirmi faiz artdıgı söylənilir. Hər halda bazarda söhbət etdiyim alıcılar belə düşünür. Onların sözlərinə görə, xüsusən də balığın, toyuğun qiyməti artıb. Elə kartofun, soğanın qiymətinin də bir manata qalxdıgını deyirlər. Elə meyvə-tərəvəzin də qiymətindən şikayətlənirlər.

Qiymət artırımına nəzarət etmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir neçə gündür monitorinqlərə başladığını bəyan edib. Xidmət əhalidən xahiş edir ki, istehlak mallarının qiymətlərində artım olanda onlara məlumat versinlər.

Üstəlik Kənd Təsərrüfatı Nazirliyisə ənənəvi yarmarkalar keçirir.

«AZƏRBAYCAN BAZARI TƏZADLARLA DOLUDUR»

İqtisadçı Məhəmməd Talıblı deyir ki, bu çıxış yolu deyil:

- Azərbaycan bazarı başqalarından fərqlənir, təzadlarla doludur. Artıq ənənə halını alıb ki, hər bayram ərəfəsi heç bir səbəb olmadan qiymətlər iti sürətlə artır. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı qanunauyğunluqla idarə olunmur. Qiymətlər bəlli bir qrupun əlində cəmləşib, inhisarçı qrup tərəfindən idarə olunur. Əks halda qiymətlər endirilməliydi, başqa təşviqedici addımlar atılmalıydı.
XS
SM
MD
LG