Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:03

2040-cı illər: Avropa xəyalları və kabusları


Gələcəkdə Avropanın qadın siyasətçilərinin hamısı burqa geyinəcək?
Gələcəkdə Avropanın qadın siyasətçilərinin hamısı burqa geyinəcək?
Petra Hulova - guardian.co.uk

Ərim yorğanını gözünün üstünə çəkən 6 aylıq qızıma baxıb deyir: «Bax, burqa geyinməyi məşq edir».

Biz Avropanın gələcəyi haqqında zarafat etməyi xoşlayırıq. Məsələn, bu gün teleqram və faksların dəbdən düşdüyü kimi internetin də artıq dəbdə olmadığı bir dövrdə həyat necə olacaq?

Bəzi avropalılar indi burqa geyinirlər. Bu heç də onları keçmişin adamı, ya da fatalist etmir. Ancaq bu kənardan belə görünür. Bəlkə ona görə ki, biz müsəlmanları bəyənməyən bir qitədə yaşayırıq. Hərçənd internetə baxsaq görərik ki, müsəlmanlar virtual dünyaya tam inteqrasiya olunublar.

Bu gün isə elə bir qəzet tapmazsan ki, onun səhifələrində müsəlmanlarla bağlı müzakirələr yer almasın. Hətta müsəlmanların çox az olduğu doğma Çexiyamda belə bu belədir. Əslində, mənim ölkəmdə müsəlman qıtlığı o dərəcədədir ki, demaqoqlar öz qəzəblərini yönləndirmək üçün başqa istiqamətlər axtarırlar. Qəzəblərinə hərdən qaraçılar, vyetnamlılar, hərdən də qadınlar tuş gəlir.

AVROPANIN GƏLƏCƏYİ QADINLARA MƏXSUSDUR

Hətta mühafizəkar jurnallarda belə yazılır ki, Avropanın gələcəyi qadınlara məxsusdur. Bu mühakimədə qeyri-adi heç nə yoxdur. Bu fikirdən əsəbiləşənlərin ya qadınlarla problemi var, ya da belə təsəvvür edirlər ki, gələcəkdə Avropanın qadın siyasətçilərinin hamısı burqa geyinəcək. Burqa elə bir geyim növüdür ki, o, effektiv idarəçiliyə əsas əngəl kimi təqdim olunur. Əlbəttə, əgər o vaxta kimi Avropada idarə etməyə nəsə qalsa.

BÜTÜN GÜNAH KİŞİLƏRDƏDİR

Bəlkə də geyim ikinci dərəcəli məsələ olacaq
Bəlkə də geyim ikinci dərəcəli məsələ olacaq. Avropalılar yavaş-yavaş yoxa çıxır. Bəzilərinə görə, günah azad qadınlardadır. Çünki onlar təhsil alıb özlərinə bir az maddi şərait yaradan kimi qərara alırlar ki, çox uşaq dünyaya gətirməsinlər. Bəzi feministlər isə belə iddia edirlər ki, bütün günah kişilərdədir. Çünki onlar hamiləliyə qarşı dərman ixtira ediblər ki, nəsil artırmaq riski olmadan həzz ala bilsinlər.

Mən indi keçəl, yorğanının altından gözləri parlayan qızıma baxanda 30-40 il sonra avropalıların necə olacağını təsəvvür edirəm. Həmin vaxta qədər mən artıq dözülməz hala gələn təqaüdçülərin nəhəng ordusuna qoşulmuş olacağam. Bütün yaşlı insanlar kimi mən də qızıma deyəcəyəm ki, bizim gəncliyimizdə hər şey necə yaxşı idi...

Mənim cibim yəqin ki, sevgi məktubları kimi kiçik 4-cü nəsil elektron kitablarla dolu olacaq. Nəvələrimlə telefon əlaqəsi saxlamaq üçün 12-ci nəsil mobil telefonum daim açıq olacaq. Qızım isə görüşə virtual şossedə saatda 500 km sürətlə tələsəcək. Onun burqasını isə aşağı salınmış pəncərə şüşəsindən içəri girən külək dalğalandıracaq.

MƏNİM QORXUM NƏDƏNDİR?

2040-cı ildə Avropa qadını əvvəllər olduğu kimi yenə də öz hüquqları uğrunda mübarizə aparacaq. Əlbəttə, bütün bunlar üçün Avropanın özünün mövcud olması lazımdır. Mən heç də Avropanın regionlara parçalanmasından və ya öz vahid valyutasını itirməsindən qorxmuram. Mənim qorxum dağılmış şəhərlərdən, ətraf mühit fəlakətlərindən, kabus epidemiyalarından, internetin çökməsindən və sairdəndir.

Əlbəttə, bu cür fəlakət ssenarilərini göz qabağında canlandıranda hətta avropalıların tədricən yox olması, yaxud Avropada müsəlman çoxluğunun yaranması perspektivi belə adamı o qədər də qorxutmur. Əslində, bütün bu qorxulu təsəvvürləri beyindən çıxartmaq üçün bir neçə kiçik dəyişikliklər kifayətdir.

Biz sadəcə bir az daha çox uşaq dünyaya gətirməli və daha qənaətcil olmalıyıq. Mən indi qızıma baxıb təsəvvür edirəm ki, bir neçə ildən sonra ona nəyi etmək olar, nəyi yox, deyəndə üzümə necə baxacaq. Bizim hamımız kimi o da bunu dözülməz qəbul edəcək. Biz də kiminsə bizə əmr etməsini qəbul edə bilmirik. Çexiyada insanların göstərişlərə xüsusi allergiyası var. Bu da 40 illik kommunist rejiminin təcrübəsindən irəli gəlir.

/Sayta hazırladı: Kəbiran Dilavərli/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG