Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Nübar etməyən Nübar qəsəbəsi


İntiqam
PREZİDENT AYAĞINI SAXLASAYDI

Maşını üç-dörd dəfə saxladıb yolboyu düzülmüş polislərdən Nübar qəsəbəsini soruşuruq. Tələsik «Düz gedin» deyirlər.

Dekabrın 28-də dövlət başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışına getmişdi. Prezidentin korteji üçün yolu təmizləyən polis əməkdaşlarından biri əliylə dağın ətəyində bir-birinə sığınmış evləri göstərib deyir ki, budur Nübar.

Elə bu vaxt prezidentin korteji ildırım sürətiylə Nübar qəsəbəsinin böyründən ötüb keçir.

3000-dək əhalisi olan bu qəsəbənin varlığından bəlkə də xəbəri olmadan. Bakının iki addımlığındakı qəsəbədə adamların su deyib yanmağından, qışda qazsız donmasından, XXI əsrdə odun sobası qalamalarından, qar-yağış yağan kimi palçığa batmalarından, çirkab sularının həyətə axıdılmasından xəbərsiz...

- Prezident ayağını saxlayıb bu qəsəbəyə girsəydi, birinci istəyiniz nə olardı?

Sualımın cavabında İntiqam gülümsünür:

- Qaz olsun, su olsun, kanalizasiya olsun. Başqa nə lazımdı ki...Hamam suyunu, əl-ayaq suyunu küçəyə, həyətimizə buraxırıq. Bu da başdan-ayağa xəstəlikdir.

İntiqamın sözünə Çaparxan əmi qüvvət verir:

«MƏKTƏBƏ QƏDƏR UŞAQLAR İKİ DƏFƏ AYAQQABI DƏYİŞİRLƏR»


- Odun almaqdan yorulmuşuq. His-pas. Şərait yoxdur. Dolanışıq yoxdur. Beş nəfərik, hamımız xəstəlikdən yatırıq. Soyuğun təsiridir.

- Odun yandırırıq. Şəhərdən, ordan-burdan tullantı taxtalardan yığıb gətiririk. Atamgil Yevlaxda yaşayır. Ən ucqar kənd sayılır ora, amma qaz da yanır, küçələrdə asfalt da var. Onlar bura gələndə bizə gülürlər, Bakıda yaşayırsız, özü də şəraitsiz...

- Yağa, buranı görəsiz...Asfalt yola çıxana kimi palçığa batırsan.

Yeganə
Qəsəbədə yaşayanlar danışırlar ki, ali məktəbdə oxuyanlar dərsə çatmaq üçün ya səhər obaşdan yola çıxırlar, ya da şəhərdə qohum-əqrəba yanında qalırlar. Elə gənc ana Yeganə də bundan danışır:

- Uşaqlar məktəbə palçığa bata-bata gedir. Bir ayaqqabı çantada, o biri ayağımızda. Sinif otağına o ayaqqabı ilə girmək olmur. Məcbur qalıb birini yolda, o birini məktəbdə geyirlər. Soyuq olanda uşaqlar bəzən həftələrlə dərsə getmirlər. Elektrik sobası yandırırlar. İşıq keçəndə uşaqlar xəstəlik tapırlar. Soyuq oldu, işıqlar da keçir. 14 ildi insanlar burda zülm çəkirlər. Yaşamırlar, sürünürlər...

Əslində, Nübar qəsəbə yox, Hökməli kəndindəki yaşayış massividir. El arasında qəsəbə deyilir. 1990-cı ildə burda 360 bağçılıq təsərrüfatı olub. Adı da ordan qalıb. Əhalisinin böyük əksəriyyəti məcburi köçkünlərdir. Burda üç məktəb tikilsə də, uşaq bağçası və poliklinika yoxdur.

«İSTİLİK XƏTTİNİN OTURUB ÜZÜNƏ BAXIRIQ»

Nübardakı məktəbə də baş çəkirik. Uşaqlar da böyüklər kimi eyni problemlərdən danışırlar. Dərslərini əzbərləmiş kimi. Amma bir az fərqli tonda, gülə-gülə. Deyirlər ki, hava soyuyan kimi işıqlar tez-tez kəsilir:

- Bir dəfə məktəbdə yanğın da olmuşdu. Ondan sonra məktəbin qarşısında «pojarsöndürənlər» qoydular.

- Məktəbimizin istilik xətti çəkilib, işləmir. Oturub elə üzünə baxırıq.

Qubadlı 3 saylı Xanlıq kənd məktəbində bizi təlim-tərbiyə işləri üzrə direktor müavini Mübariz Hətəmxanov qarşılayır. Mübariz müəllim deyir ki, qəsəbə yeni salınıb deyə qaz, su, yol problemi həll olunmayıb. Bununla bağlı bir neçə dəfə Abşeron rayon İcra Hakimiyyətində olublar:

Mübariz Hətəmxanov
- Söz verilib ki, 2012-ci ilin sonuna kimi bura qaz çəkiləcək. «Atyalı» tərəfdən qazlaşdıra-qazlaşdıra gəlirlər. 2008-ci ildə Qubadlı rayon İcra Hakimiyyəti məktəbə istilik xətti çəkib. Qaz olsa qazanxana işə düşərdi. Amma indi məktəbi elektrik enerjisi ilə qızdırırıq...

KOROĞLUYA 5 MİLYON VERMƏKDƏNSƏ...

Prezident kortejinin yanından bir göz qırpımında keçdiyi Nübardan bəlkə biz də yolumuzu salmazdıq. Vüqar adlı internet ziyarətçimiz olmasaydı. Vüqar yazır ki, Koroğlu heykəlinə ayrılacaq 5 milyonun çox yox, 2 milyonu bəxtsiz Nübar qəsəbəsinə ayrılsın. Bu qəsəbənin də yol, qaz, kanalizasiya kimi əbədi problemləri həll olunsun. Qəsəbənin adını da Koroğlu qoysunlar və beləcə Koroğlu hər zaman yad olunsun.

Vüqarın bu təşəbbüsünü qəsəbədə çoxu dəstəklədi:

- Beş milyonluq quru heykəl qurulur. Burda 2000-3000 ailə yaşayır. Bir var canlını yaşadasan, bir var cansızı. Bəlkə gələcəkdə uşaqlarımız böyük vəzifədə çalışacaqlar. Bizim kimilərinə qayğı göstərəcəklər. Amma heykəl kimə qayğı göstərəcək? Biz - yəni canlı heykəl qədər yoxuqmu?

Bu təşəbbüs 3 saylı Xanlıq orta məktəbində mübahisəyə çevrilir. Müəllimlər təklifi dəstəkləsə də, direktor müavini Mübariz Hətəmxanov razılaşmır və deyir ki, beş milyon manata heykəl olmaz. Prezidentin sərəncam verdiyini deyirik:

- Prezident fərman veribsə...Mən neçə ildi şəhərdə Koroğlunun heykəlini görməmişəm. Olmalıdır.

- Ehtiyac yoxdur. O boyda dastanı var. Hamı ürəyində yaşadır onu.

- Koroğlu da lazımdır, şərait də. Amma birinci insanlara şərait lazımdır.
- Koroğlunun heykəli də lazımdır. Rəsulzadənin heykəli də Universitetin qarşısında qoyulmalıdır.

- Koroğlu da lazımdır, şərait də. Amma birinci insanlara şərait lazımdır.

«QAZ DA OLACAQ, SU DA, KANALİZASİYA DA...»

Abşeron rayon icra başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsi Yavər Hüseynov əmin edir ki, qaz, su problemi yaxın illərdə həll olunacaq. Deyir ki, qaz çəkilişi maliyyə problemlərinə görə dayandırılsa da, gələn ildən davam etdiriləcək:

- Qaz işinin 70 faizi həll olunub.

- Novruz bayramına qədər qaz çəkiləcəkmi?

- Novruza qədər inanmıram. Amma 100 faiz çəkiləcək.

Yavər Hüseynovun sözlərinə görə, yalnız kanalizasiya xətləri çəkiləndən sonra yollara asfalt döşənəcək. Amma kanalizasiya çəkilişi üçün də əsaslı vəsait lazımdır.

Qaldı ki, suya, Yavər Hüseynovun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su xəttinin ambarları Nübarda yerləşir. Bu da problemin həllini tezləşdirəcək.

Nübarın ən böyük problemlərindən biri də qəsəbə sakinlərinin böyük əksəriyyətinin evlərinin sənədsiz olmasıdır. İcra nümayəndəsi deyir ki, qaz çəkiləndə sənədləşmə də həllini tapmalıdır.

Bəlkə də reportajı elə bu cür nikbin xəbərlə yekunlaşdırmaq olardı. Əgər qəsəbə sakinlərinin şübhələri olmasaydı:

- Elə hər il deyirlər düzəldərik. İli ilə calaşdırırlar.

Qəsəbədə deyirlər ki, kaş şəhərdəki Heydər parklarından biri də burda salınaydı, bəlkə onda prezident arada Nübara gələrdi, onlar da uzun illərdi həsrət qaldıqları qazın nübarını edər, asfalt yolda gəzərdilər.

Şərhləri göstər

XS
SM
MD
LG