Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17
“Digər şəxslər Məclis sədri vəzifəsinə namizədliklərini irəli sürə bilməyiblərsə, burda problem axtarmaq lazım deyil”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” verilişində Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Onun sözlərinə görə, Müsavatda keçirilən seçkilər bütün təşkilatlar üçün nümunə ola bilər. Bu sözləri Məclis sədrliyinə keçirilən seçkilərə də aid etmək olar. Amma bu nəticə 4-5 aylıq nəzərdə tutulub. Çünki partiyanın qurultayında yenidən bu post üçün seçki keçirilməsi planlaşdırılıb. Buna görə Məclis sədrliyi ətrafında yaranmış söz-söhbətə lüzum yox idi:

“İkincisi, Divanda bir namizədin üzərində konsensusun yaranması o demək deyil ki, başqa şəxslər öz namizədliklərini irəli sürə bilməzlər. Hər bir Məclis üzvü, Divan üzvü istəsəydilər Məclis sədri vəzifəsinə öz namizədliklərini irəli sürə bilərdilər. Onlar bu hüquqlarından istifadə edə bilməyiblərsə, istəməyiblərsə burda bir problem axtarmağa ehtiyac yoxdur”.

MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİMİZ DAVAM ETMƏLİDİR

İsa Qəmbər partiya başqanı postuna keçiriləcək seçkilərə münasibət də bildirib. O deyib ki, müsavatçılar kimi seçəcəksə o da başqan olacaq. AXCP-Müsavat birləşməsinə gəlincə, başqan bildirib ki, bu birləşməni mümkün hesab etsə də, bunu avtomatik bir birləşmə kimi qəbul etmək düzgün deyil:

“Müsavat hazırda AXCP ilə müttəfiqlik münasibətlərini davam etdirmək və hətta dərinləşdirmək təklifinin üzərində dayanıb. Biz hesab edirik ki, bizim müttəfiqlik münasibətlərimiz davam etməlidir və bunu daha da dərinləşdirmək, zənginləşdirmək olar. Bu günə bizim mövqeyimiz belədir. Eyni zamanda Müsavat Partiyası AXCP ilə iki partiyanın birləşməsi ideyasını istisna etmir. Bunu mümkün sayır. Ancaq bunu avtomatik bir birləşmə olaraq görmür. Biz hesab edirik ki, bu, əvvəla müəyyən mərhələlərdən keçən bir prosesdir. İkincisi, biz yalnız bir partiyanın birləşməsini yox, Rəsulzadə-Elçibəy yoluna bağlı olan, ölkədə dəyişiklik etmək istəyən qüvvələrin bir araya gəlməsini, bir təşkilatda birləşməsini istəyirik”.

MƏN "RUH"UN MÜKAFATINDAN İMTİNA ETMİŞƏM


Müsavat başqanı “RUH” Jurnalistləri Müdafiə Təşkilatının ona təqdim etdiyi “Jurnalistlərin dostu” mükafatından imtinasına da aydınlıq gətirib. İsa Qəmbər deyib ki, o bu addımı ilə jurnalistlərin dostu olmaqdan imtina etmiş hesab edilə bilməz:

“Mən məhz “RUH”un verdiyi mükafatdan imtina etmişəm. Aydın məsələdir ki, mən jurnalistlərlə dostluqdan heç zaman imtina etmərəm. Çünki mənim jurnalistlərə, azad sözə hər zaman böyük sayğım, diqqətim, hörmətim olub. Və hər zaman jurnalistlərin dostu olmağa çalışmışam və bundan sonra da çalışacam.

Amma “RUH” təşkilatının jurnalistlərin dostu kimi hörmətli bir mükafatı İlham Əliyevə verməsi təbii ki, mənim tərəfimdən müsbət qarşılana bilməzdi. Necə ola bilər ki, bu ölkədə jurnalistlər öldürülür, döyülür, onları öldürənlər, onları döyənlər tapılmır, cəzalandırılmır. Bu ölkədə jurnalistlər həbsə atılır, gənc bloqqerlər həbs olunur, baş redaktorlar illərlə həbsxanalarda yatırlar. Bu ölkə bütün dünya jurnalist təşkilatlarının siyahısında jurnalistlər üçün təhlükəli bir ölkə, söz azadlığının, mətbuatın boğulduğu bir dövlət kimi qeyd olunur.

Azərbaycan hakimiyyəti, dövlət başçısı jurnalistlərin düşməni kimi beynəlxalq təşkilatların hesabatında əks olunur. Və belə bir mərhələdə bu təşkilat İlham Əliyevə jurnalistlərin dostu mükafatını təqdim edir. Bu, tamamilə məntiqsiz və əsassız bir qərardır. Digər tərəfdən də bu qərarın yayıldığı bütün qəzetlərdə, internet saytlarında mükafatın əvvəllər kimlərə verildiyi qeyd olunur. Mənim də adım orada çəkilir. Belə çıxır ki, demokratik düşərgədən bir neçə nəfərə bu mükafat zamanında verilib. Bununla da mükafatın guya obyektiv əsaslarla verilməsi fikri təqdim olunur. Ona görə də mən bu mükafatdan imtina etmək qərarına gəldim”.

Şərhləri göstər

XS
SM
MD
LG