Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56
Əsəd Qaraqaplan

FƏRD OLAN ALLAH OLANDI
(Esse)

Oşonun məşhur bir fikri var: Ən böyük cəsarət Fərd olmaqdı.

Yaşadığın cəmiyyət, ilişgidə olduğun insanlar, qarşılaşdığın hadisələr sənə hər kəs kimi olmağı, davranmağı təkid edən bir durumda, sən yenə özün olmaq, Fərd olmaq istərkən olanlar olur..

İçi yaxınlarım daxil, kütləyə qarşı birmənalı ikrah hissi duyuram. Çünki Fərdi, özü olanı satan, ələ verən birinci kütlədi.

Diktatura rejimi səni o vaxt sıxışdırmağa başlayır ki, sən ilk öncə kütlə tərəfindən sıxışdırılırsan.

Kütlə səni özü kimi etməyi bacarmayanda sıxışdırıb səni ələ verir, satır.

Biz satılmışların, ələ verilmiş Fərdlərin kütləvi cəmiyyətində yaşayırıq. “Hər kəs kimi olmaq”, “Ətrafına görə yaşamaq”, “ağıllı olmaq” günün devizi.

Maddi və fiziki həyatını qurban verib, mənəviyyat axtaran, hər kəs kimi olmayan, ətrafına görə yaşamayan, özü olmaq istəyən biri yol ayrıcında qalır: o ya hər kəs kimi olmalı, ya da hər kəsi qurban verib Fərd olmalıdı.

Artıq belə bir fikir yaranıb ki, sən hər kəs kimi deyilsənsə, deməli, sənin yaşamaq, yaratmaq haqqın yoxdu.

Sən hər kəs kimi deyilsənsə, deməli, sən satqınsan.

Sən hər kəs kimi deyilsənsə, deməli, sən vətən xainisən..

Fərd olmaq həm də vətənsiz olmaq, laməkan olmaqdı.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Ən böyük əxlaqsızlıq ətrafına görə yaşamaqdı, başqalarının həyatını, taleyini yaşamaq.

Məsələn, sən kim olduğunu bildiyin halda, özünə əmin olduğun durumda haqqında yaranacaq fikirlərdən qorxub, ətrafına görə davranışını düzəldir, “dürüst” biri olub, qorxağa çevrilirsən. Allaha yox, Şeytana xidmət etmiş olursan.

Orxan Pamuk demiş: Dürüstlük çox vaxt qorxaqlıqdan başqa nədi ki?!

Nitsşe demiş: Yaxşı adam olmaq – boyun əymək, hər kəsin pis və iyrənc tərəfinə göz yummaqdı.

Cəmiyyət həmişə iki qrupa bölünür: Fərdlərə və kütləyə. Fərd Allahın tərəfində, kütlə Şeytanın tərəfində olur.

Allah hər kəsin ola bilməz, Allah Fərdlərin, təklərindi. Şeytan kütlənin, hər kəsindi.

Hər kəsin olan mənim deyil, mənim olan hər kəsin.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Nitsşe “Allah öldü” deyəndə heç də Fərdlərin, təklərin Allahının öldüyünü yox, əksinə, kütlənin Allahının öldüyünü anladırdı.

O demək istəyirdi ki, artıq kütləvi, hər kəsin olan “Allah öldü”, indi Fərdlərin, təklərin Allahı yaranır.

Nitsşenin Allahsız, ateist olması düşüncəsi də Fərdi yox, kütləvi düşüncədi.

O, ateist olsaydı, Allahın bir peyğəmbərini obraz kimi götürüb, fikirlərini onun dilindən çatdırmaz, İlahi sistemə, İlahinin yaratdığı təbiətə qaçmazdı, söykənməzdi.

Fərd Allahsız, inamsız, inancsız, sevgisiz ola bilməz.

Fərd söyə, lənətləyə, nifrət edə bilməz.

Fərd olan güclü, iradəli olan, yeri gəlsə, ölməyi də, yaşamağı da bacarandı.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Kütlə söyər, lənətləyər, nifrət edər.

Kütlə sinəsini açıb küləyə qarşı gedə bilməz.

Kütlə Allahdan, təbiətdən qorxar.

Kütlə diktatura rejiminin vuran əli, döyünən ürəyidi.

Kütlə olan Şeytan olan, şər olan, hər kəs kimi olandı.

Yaşadığın zamanın hər anını, bulunduğun məkanın yollarını Fərd kimi addımlamaq qoyun sürüsü arasında çoban olmaqdı.

Fərd çobandı, Fərd idarə edər, istədiyi vaxt kütlənin ağzını istədiyi yerə döndərər.

Fərd əmr etməz, tabe olmaz (“əmr etməklə tabel olmaq mahiyyətcə eynidi” Sartr), Fərd sadəcə edər, bildiyini edər.

Fərd hər kəsin bildiyi, anladığı, gözüylə gördüyü Sultan ola bilməz, Fərd könüllərin, düşüncələrin Sultanı olar.

Fərd insanları düşüncələrində, hisslərində idarə edər.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Biz quduz kütlənin Fərdləri satıb, ələ verdiyi bir cəmiyyətdə yaşayırıq. Quduzlaşmış cəmiyyətin Fərdi ya dahi olar, ya da olmaz.

Fərd liberal davranmaz, Fərdçün hər hansı bir dəyər ya var, ya da yoxdu.

Fərd qızıl orta xətti kəsib keçər, Fərd çürümüş dəyərləri dağıdıb, öz dəyərlərini ortaya qoyar.
Ədəbiyyatımızda da belədi.

Fərd İsa Muğanna, kütlə Çingiz Abdullayevdi.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Kütlə çığırar, səs-küy salar, şüvənlik edər.

Kütlə çıxıb küçəyə qiyam edər.

Kütlə nə etdiyini bilməz.

Fərd pıçıltıyla səsləri batırıb, nəfəsləri kəsər.

Fərd üsyanı yaradar, üsyan etməz.

Fərd nə etdiyini bilər.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Bizdə hər şey başqa adla çağırılır. Məsələn, o adam ağıllı sayılır ki, o, çoxbilmiş, hiyləgər, fəndgirdi.

O adam ağıllı sayılır ki, o, gündəlik həyatdan, ötəri qayğılardan daha yaxşı baş açır.

O adam ağıllı sayılır ki, hər kəsi yola verir, liberal davranır, qızıl orta xətti tutur, pisliklərə, iyrəncliklərə göz yumur.

Fərd olan DƏLİ olandı.

Fərd olan gündəlik həyatın, ötəri qayğıların fövqündə dayanandı.

Fərd olan yola verməz, radikal davranar, qızıl orta xətti kəsər, pisliklərə, iyrəncliklərə göz yummaz, qamçılayıb keçər.

Fərd Nəsimidi, kütlə zahid.

Kütlənin bir barmağın kəssən dönər Həqdən qaçar, Fərdi diri-diri soyarlar ağrımaz.

Fərd gerçək aşiqdi, kütlə fitva verən.

Hər şey Fərd olanda başlar, Fərd olanda bitər.

Həq Fərddi, Həq Fərd olandadı.

Fərd ailədən böyükdü, Fərd cəmiyyətdən böyükdü, Fərd rejimdən böyükdü, Fərd vətəndən böyükdü, Fərd yer üzündən böyükdü.

Fərd olan Allah olandı, Allah kimi tək olandı..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG