Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

Beş milyon manata heykəl...


Naxçıvanda Koroğlunun heykəli
Ötən il elə bu vaxtlar (2009-cu il dekabrın 3-də) prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğluya heykəl qoyulması haqda sərəncam verdi. İndisə dövlət başçısı öz ehtiyat fondundan heykəlin başa gəlməsinə 5 milyon manat vəsait ayırıb. Vəsait Bakı Şəhər İcra Hakimiyyətinə yönələcək.

«BU VƏSAİT TEXNİKİ İŞLƏRƏ XƏRCLƏNƏCƏK»

Heykəlin müəllifi Tokay Məmmədov deyir ki, bu vəsait əslində texniki işlərə xərclənəcək. Heykəltəraşın sözlərinə görə, heykəlin neçəyə başa gələcəyini bəri başdan demək çətindir. Onun hansı materialdan, hansı ölçüdə hazırlanacağı hələlik bəlli deyil. Buna qərarı da heykəltəraşın diliylə desək «yuxarılar» verməlidir. Onun dediyinə görə, artıq iki metrlik bir model hazırlanıb. Prezidentin ona baxmasını gözləyirlər:

- 2 metrlik böyük model hazırlamışıq. Amma hələ baxmayıblar.

- Bizə məlumat verərdiniz, ölçüləri nə qədər olacaq?

- Elə iş ondadır da. Ölçü sonra bilinəcək. Onlar gələndən sonra bu dəyişə də bilər. Təzə variant da ola bilər. Ona görə sizə heç nə deyə bilmərəm.

«HƏLƏ SMETA TUTULMAYIB»

Tokay Məmmədovun sözlərinə görə, heykəl tuncdan və qranitdən hazırlanmalıdır. Amma bu dəqiq deyil. Son söz prezidentindir. Yalnız prezidentin baxışından və təkliflərindən sonra ölçülər, materialın keyfiyyəti dəqiqləşəcək. Üstəlik də smeta müəyyənləşəcək. Hər halda, belə başa düşülür ki, vəsait artırıla da bilər:

- Hələ smeta tutulmayıb. Onda məlum olar ki, çatır, çatmır. Amma hələ hazır deyil. Tuncu, qraniti gətirən idarələrdən asılıdr. Başqa respublikalardan gətirilməlidir. Kimə, hara sifariş ediləcək bəlli deyil. O pul texniki puldur...

«300 MİN MANATA BAŞA GƏLƏ BİLƏR»

Başqa bir heykəltəraş Ömər Eldarovun emalatxanasında iyirmi ilə yaxındır ki, iki metrlik model heykəl bəxtinin açılacağı günü – vaxtını gözləyir. Onun ucalmasına isə çox yox, 300 min manat pul lazımdır. Hər halda, müəllif belə deyir.

Söhbət Azərbaycan Demokratik Cümhuriyyətin yaradıcılarından Məmməd Əmin Rəsulzadəyə qoyulacaq heykəldən gendir. Ömər Eldarov deyir ki, öz boynuna düşən işin bir qismini çoxdan görüb. Hökumət heykələ baxıb bəyənsə və vəsait ayırsa, yerdə qalanı asandır. Heykəltəraş deyir ki, indiki qiymətlərlə belə bir heykəl 300 min manata başa gələ
Ömər Eldarov
bilər:

- Yəni sizin əməkhaqqınız da ora daxildir?

- Hər şey onun içindədir.

- Bəs beş milyon manata heykəl qoyulur. Bu normaldırmı?

- Beş milyon manata?

- Bəli.

- Hansı heykəl?

- Koroğlunun heykəli.

- Mən bilmirəm. Mən qarışmıram. Mən öz işimlə məşğulam.

«BAHADIR»

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, bu gün Azərbaycanda memarlara və heykəltəraşlara verilən əməkhaqqı Avropada və ya Amerikada veriləndən qat-qat azdır. Ona görə bu məbləğin böyük hissəsinin qonorar şəklində müəllifə veriləcəyini güman etmir. Həmin məbləğ daha çox materiala yönəldiləcək:

- Amma o materialın nədən olması, niyə bu qədər baha başa gəlməsi şübhə doğurur. Şübhəm var ki, bu beş milyon manat tam şəkildə ora xərclənsin. Deyim ki, ölçüsü, miqyasları, ətrafındakı kompozisiyalar hamısı xərc aparır. Amma istənilən halda qoyulacaq heykəlin büdcəsi baha görsənir. Beş milyon manat kifayət qədər böyük məbləğdir. Bayraq Meydanından sonra mümkündür ki, bu xərclər beş milyonla yekunlaşmasın.

«BU MİFƏ QOYULAN KAPİTALDIR»

Xaliq Bahadır
«Azadlıq» qəzetinin köşə yazarı Xaliq Bahadır belə fikirləşir. O dönə-dönə vurğulayır ki, Koroğluya heykəl qoyulmasının əleyhinə deyil. Ancaq öncə Azərbaycan dövlətini yaradanlara, onun müstəqilliyini qorumaq üçün canından keçənlərə, yəni, daha real qəhrəmanlara daş abidələr qoyulmalıdır. Özü də bunun üçün yetərincə namizəd var: Babəkdən tutmuş Şah İsmayılacan, Nadir Şaha, Səttarxana, Xiyabaniyə, Rəsulzadəyə qədər. Ən əvvəl də Demokratik Respublikanı quranlara heykəl ucaldılmalıdır:

- Xalq bilməlidir ki, onun bu cür liderləri olub. Demokratik düşüncəli liderləri olub. Öz çağında Avropa demokratiyasına örnək olan demokratik respublika qurublar. Bunlar aşılanmalıdır xalqa. Yoxsa bunun üstündən xətt çəkib mif tanıdırlar. Bu da onunla bağlıdır ki, özlərinin düzəltdikləri Heydər Əliyev mifini xalqa yaxşı yedirsinlər. Koroğlu bizim mifik qəhrəmanımızdır. Amma Azərbaycanın bir də real tarixi var.

Bakıda rəyini soruşduqlarımızınsa düşüncələri fərqlidir. Bu rəqəmə təəccüblənən də oldu, susan da oldu, «dəyər» deyən də:

- Vallah deyə bilmərəm.

- Məncə, çoxdu. Beş milyon manata heykəl olar? Mənə gülməli gəlir, bir heykələ beş milyon manat ayırsınlar.

- Bahadır. Çox bahadır. Nəzərə alsaq ki, Azərbaycanda düzəldilir bahadır. Heykəl üçün bahadır. Körpü də məsələn, 5 milyona tikilir, heykələ də beş milyona qoyulur.

- Beş milyon manat? O kişiyə dəyər.

Şərhləri göstər

XS
SM
MD
LG