Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:59
Dekabrın 25-də Binəqədi rayonu Xocasən qəsəbəsindəki 103 saylı orta məktəbə hücum etdiyi bildirilən Hacı Hacıqulu Həşimov, Hacı Azər Sərcanov və Məşədi Yusif Əlikram oğlu rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə AzadlıqRadiosuna Hacıqulu Həşimovun oğlu Rəşad Həşimov məlumat verib.

“Qərarda deyilir ki, İnzibati Xətalar Məcəlləsinin 296 –cı maddəsi ilə Bakı şəhər Binəqədi polis idarəsinin 40-cı bölməsindən daxil olmuş inzibati xətalar haqqında materiala Binəqədi rayon məhkəməsində baxılıb və onların hərəsinə 10 gün həbs verilib”.

Rəşad Həşimov deyir ki, əslində adı çəkilən şəxslər 103 saylı məktəbə uşaqların hicabla dərsə buraxılmamağının qanuni səbəbini aydınlaşdırmaq üçün gediblərmiş.

Binəqədi rayon polis idarəsindən isə Hacı Hacıqulu Həşimov, Hacı Azər Sərcanov və Məşədi Yusif Əlikram oğlu ilə bağlı məhkəmənin inzibati həbs qərarı çıxardığını təsdiqləyiblər. Polisdən AzadlıqRadiosuna onu da bildiriblər ki, həmin şəxslər məktəbin pəncərələrinə hicabla bağlı yazılar yapışdırdıqları üçün saxlanılıblar.

Təhsil Nazirliyi hicablı şagirdlərin dərslərə buraxılmamağı ilə bağlı göstəriş verib. Artıq onlarla məktəbli bir həftədir ki, dərslərdə iştirak edə bilmir. Nazirliyin mövqeyinə görə, orta məktəb şagirdlərinin geyimi qanunvericiliyin tələblərinə cavab verməlidir. Hicab yasağı universitet tələbələrinə şamil olunmur.

Dekabrın 10-da isə bir qrup dindar Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdi. Hicablı şagirdlərin dərslərə buraxılmamağına etiraz edən dindarlardan 20-yə yaxını polis tərəfindən saxlanmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG