Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:15
“YARIMFABRİKAT GƏNCƏ”

Araz Önərin Gəncədə 49 metr uzunluğunda bişirilən torta münasibəti “birmənalı deyil”:

“Biz çox unikal ölkədə yaşayırıq. Niyəsini saymaqla bitməz.
Gəncədə İlham Əliyevin ad gününə 49 metr tort bişiriblər. Ümumiyyətlə, Gəncə şəhəri yarımfabrikat şəhərdir. Dəfələrlə Gəncədə böyük-böyük paxlavalar, şəkərburalar, tortlar bişirilib. Camaat da iştaha ilə yeməyə gəlir...”

LAZIMLI VƏ GƏLİR GƏTİRƏN YANĞINLAR...


Natiq Cəfərli xatırlayır ki, Qədim Romada, Miladdan öncə 1-ci əsrdə, məşhur siyasətçi və sərkərdə, Spartakın qiyamını yatırdan, Marcus Licinius Crassus kapitalını yanğınsöndürmə xidmətini özəlləşdirməklə qazanıb. Mülkünü almaq istədiyi adamların evlərini yandırırdı, sonra söndürürdü. Beləliklə, yanğından sonra borca düşmüş zavallı mülkədarlar arasında həm nüfuz qazanırdı, həm də pul:

“26.06.2006-ci ildə, Üzeyir Hacıbəyov küçəsi, 13-də yerləşən Zabitlər Evi yandı, daha doğrusu, yandırıldı, və bu hadisədən sonra, binanın yararsız hala düşməsi haqqında bir akt tərtib etməklə, həmin ərazinin mülkiyyət hüququ dəyişdirildi.

Bu gün səhər saatlarında, elə həmin ünvanda, yəni, Üzeyir Hacıbəyli küçəsi, 5 ünvanında
Üzeyir Hacıbəyov küçəsində yanğın
yerləşən, keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın başlayıb. Təqribən 1000 kv metr ərazi yanıb, bina yararsız hala düşüb, və çox güman ki, daha bir akt yazmaqla, milyonlarla dəyəri olan ərazinin də mülkiyyətçisi dəyişdiriləcək. Hakimiyyət mənsubları belə mafiya üsulları ilə varlanmağa davam edirlər. Onlar üçün müqəddəs heç nə yoxdur.

Amma mən bir məsələdən qorxuram, birdən gün gələr, bunların başı elə dönər ki, sonunda Neron sindromuna tutularlar, və Bakını yandırmaqla, tarixə düşmək istəyərlər. Zatən yaxşı əməllərlə, bunların tarixdə qalmaq şansları, ən pisi, heç istəkləri belə yoxdur…”.

İTLƏR VƏ İNSANLAR


Elnur Məcidli yazır ki, Fransada itlərə olan xoş münasibət, Azərbaycanda insanlara olan münasibəti üstələyib:

“Strasburqa həftələrdir hakim olan soyuq havada heyvanlara olan qayğı məni heyrətləndirib. Fransızlar itlərini gəzdirməyə çıxaranda az qala şuba geyindirirlər ki, sadiq həmsöhbətləri donmasın... Bəlkə də fransız itləri Azərbaycanda insanların hansı vəziyyətdə yaşadıqlarını bilsələr, Parisdə, Strasburqda, Lyonda etiraz aksiyaları keçirərlər…
Ya da keçirməzlər, bu günlərinə daha çox şükür edərlər, sahiblərinə daha çox sadiq olarlar.
Azərbaycanda insan olmaq yerinə, Fransada it olmağın sevincini yaşarlar.. Hər halda tam dəqiqliklə deyə bilmərəm, bunu ən yaxşısı fransız itlərin öhdəsinə buraxıram.
Elə Azərbaycanda da itlərin və digər heyvanların hüquqlarını qoruyan, onlara qayğı göstərən tapılar…Ya insanların?…Ya xalqın?...”

FACE – İSTANBUL: BİRİ BİZİ DURDURSUN

Vəfa Cəfərovanın yazdığına görə, FACE-İstanbul (Forum of Azerbaijanies in Europe) forumu hökumət rəsmilərinin müdaxiləsinə baxmayaraq baş tutur. Bloqçunun iddiasına görə, “Azərbaycanın İstanbuldakı Konsulluğu işini gücünü atıb tələbələrə qarşı təxribatlar quraşdırır”:

“Öz vətəndaşına qürbətdə rüşvətsiz heç bir yardım etməyən məmurlar öz cılızlığını hər addımda sübut etməkdə israrlıdır. FACE İstanbul forumunun olmaması üçün əlindən gələni edirlər. universitetlərə zəng edir. Universitetlərə sözünü yedizdirə bilməyəndə Türkiyə Xarici İşlər nazirliyinə təzyiqlər edirlər. Boğaziçini belə itiririk! Həmdə foruma bir həftə qalmış! amma kimdir Konsulluq kimi maneəcikdən qorxan? Forumun keçirilməsinə Beykənt Universiteti razılıq verir! amma bunu elan edəndən bir gün sonra Konsulluğun “Azad Fikirli İnsanlara Ölüm” şöbəsinin işçiləri universitetə zəng edib bu yeridə əlimizdən alırlar! Son ümid yerimiz olan Galatasaray universitetinə müraciət edirik. Dekana vəziyyəti olduğu kimi təsvir edirik! Dekan deyir ki, narahat olmayın kim istəyir zəng eləsin zal iki günlük sizindir! Şah və MAT!
Bu şahmat partiyasında qələbə həmişə bizim olacaq! Bilirsiz niyə? ağlarla oynayan bizik! bizim uğrunda vuruşduğumuz ideyalar pulla alınmır!...”.

İLHAM ƏLİYEV: BİZ TƏŞƏBBÜSLƏRİ REALLIĞA ÇEVİRİRİK!


Rauf Rey prezident İlham Əliyevin 2010-cu ildəki fəaliyyətini videoda əks etdirib və bloqunda yerləşdirib.

GƏNC QIZ İNTERNET KLUBDA?

Şizo Sumqayıtda internet klublara gedənlərdən yazır və qeydlərinə görə, Bakıdan 20 dəqiqəlik məsafədə yerləşən “gənclər” şəhərində internet klublarda qızlara rast gəlmək çətin məsələdir. “Çünki camaat belə qızlara o qədər də yaxşı baxmır” deyə bloqçu yazır:

“Bakıda internet kluba gedən qızların sayı məncə, daha çoxdur. Burada isə belə qızlara pis baxırlar”. Qızlar ürəkdən danışsalar da, adlarını deməkdən çəkinirlər. Beləcə, bir neçə gənclə söhbətdən bizdə belə bir fikir formalaşır ki, Sumqayıtda gənc qızların internet kafelərə getməsi yaxşı qarşılanmasa da, gedənlər var. Görünənsə odur ki, gənclərin bir çoxunun evində hələ də şəxsi kompüterləri yoxdur, internetə çıxış vasitəsini ya mobil telefonlarda, ya da internet klublarda görürlər. Gənc qızların bəzisi “adım çıxacağı, canım çıxsın” deyib klublara üz çevirir, bəzisi isə “öz işimdir” deyib, dedi-qodulara məhəl qoymayıb oğlanlarla birgə internet klublara gedirlər“.

ƏSL YAPON KİŞİSİ: STEREOTİP


Sakura öz ənənəsinə sadiq qalaraq yaponlardan yazmağı davam edir. Bu dəfə yaponlar arasında keçirilən maraqlı bir sorğunun nəticələrini bloqunda yerləşdirib. Respondentlərdən soruşublar ki, əsl yapon kişisi necə olmalıdır? Yapon qadınlarının cavablar diqqətçəkəndir:

“Güclü yapon kişisi birinci qan qrupuna malikdir. Rəyi soruşulan xanımların 44,9% belə düşünür... Xanımların 45,1% düşünür ki əsl kişinin iş və şəxsi həyatı 50/50 nisbətində olmalıdır, daha 40,7% işin xeyrinə olmaqla 70/30 nisbətinə səs verib...

Xanımların 58,1% düşünür ki əsl güclü kişi daha çox ət yeyir, amma bunu çox açıb ağartmır, qalan 30,7% əsl kişinin ət yeməsi və bununla lovğalanmasını istəyir...Xanımların 48,8% hesab edir ki əsl yapon kişisinin xanımı sağlam və təbii qadın olmalıdır. Əlbəttə, axı o kişinin əmr etdiyi sayda uşaq dünyaya gətirməlidir!...”.

“FACEBOOK” SOSİALLAŞMASI


“Keçən il isə facebookda bum başladı. Həm istifadəçilərin yaş həddi aşağı düşdü, həm də iri axın müşahidə edildi ki, nəticədə region və paytaxt gəncləri arasında hər zaman qeyd edilən fərqlər azaldı, əsl mənada sosiallaşma getdi”.

Civə yazır ki, ən maraqlı cəhəti isə, bu sosiallaşmanın rənglər fərqliliyi yaratması oldu, fikirlər topluluğu gətirdi…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG