Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:22
«Panorama» verilişində deputat Rasim Musabəyov və «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu 2010-cu ilin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu dəyərləndiriblər.

Ərəstun Oruclu:

AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ MÜNASİBƏTLƏR SİSTEMİNİN DAĞIDILDIĞI İL...

«2010-cu ili mən şəxsən ictimai-siyasi münasibətlər sisteminin dağıdılması kimi dəyərləndirirəm. Baxın, bu gün artıq Azərbaycanın siyasi gündəmi dəyişib. Artıq söhbət demokratiyadan, insan haqlarından, sosial-iqtisadi problemlərdən getmir. Bu gün söhbət çadradan gedir, hicabdan gedir. Bu artıq təhlükəli tendensiyadır. Kimlərsə-fərqi yoxdur kənardan və ya içəridən bu mövzunu gündəmə gətirib. Bununla da onlar siyasi münasibətləri, ictimai-siyasi mübarizəni artıq bu müstəviyə keçirmək istəyirlər. Bu, bütünlükdə cəmiyyətin problemidir. Ancaq ən çox hakimiyyətin. Söhbət təkcə hicabdan getmir. Söhbət onun arxasındakı siyasi məqsədlərdən gedir».

Rasim Musabəyov:

«SİYASİ PARTİYALAR YIĞINCAQ ÇAĞIRIR, ORA GƏLƏN OLMUR...»

«Mən istəməzdim siyasi mənzərəni bu istiqamətə yönəldək. Hicab məsələsi Fransada da var, Türkiyədə də. Yəni haradakı demokratiya ilə bağlı problem yoxdur. Ona görə bu iki məsələni bilavasitə bağlamazdım. Bu gün siyasi partiyalar yığıncaq çağırır, ora gələn olmur. Deyirlər ki, seçkiqabağı bizə kütləvi aksiyalara imkan verilmədi. Ancaq seçkilərdə toplantılar üçün hər rayonda 10-15 yer ayrılmışdı. Onda heç bu imkanın 10 faizindən belə istifadə edilmədi. Çünki müxalifət liderləri anlayırdılar ki, ora gələn olmayacaq. Rayonlardakı fəallara xəbər edib kiçik meydanları doldurmağa çalışırdılar».

Rasim Musabəyov
Bəs görəsən bu vəziyyəti doğuran hansı səbəblərdir?

Rasim Musabəyov:

«NEFT PULLARINDAN HAMIYA ÇATIR. LAP DAMCI-DAMCI DA OLSA...»

- Azərbaycanda vəziyyət Belarusa, Ermənistana baxanda fərqlidir. Orada müxalifət ciddi etirazları var. Hakimiyyət də müxalifətə qarşı zorakı üsullarla davranır. Təbii, müxalifətin ciddi mübarizəsi olmayanda, hakimiyyətin zorakılığına ehtiyac qalmır. Ancaq bunun özəllikləri də var. Azərbaycanda iqtisadi mühit kifayət qədər müsbətdir.

- Bu iqtisadi islahatlara görədir yoxsa sırf neft pullarına görə?

- Neft pullarını da əldə etmək üçün müəyyən siyasət tələb edilirdi. Azərbaycana böyük neft pulları gəlir. Bu dolayı da olsa, gedib hamıya çatır. Lap damcı-damcı da olsa. Ona görə də ciddi, kütləvi etirazlar yoxdur. İndi kiminə neft pullarından vedrə çatır, kimisinə bir ovuc, kimisinə də damcı. Hər halda, insanlar indi fərdi şəkildə həyatlarını qurmaqla məşğuldurlar. Yığışıb, mübarizə aparmaq, vəziyyəti dəyişmək əhval-ruhiyyəsi yoxdur. Buna görə də heç kimi qınamaq olmaz.

Ərəstun Oruclu:

«NEFT PULLARI BİR QRUPUN, BİR AİLƏNİN HİMAYƏSİNƏ KEÇİB...»

«Mən neft sərvətlərinin bölüşdürülmə qaydasını bir qədər fərqli dəyərləndirirəm. İndi söhbət heç də neft pullarından kimisinə vedrə, kimisinə çömçə, kimisinə də bir qaşıq çatmasından getmir. İndi neft pulları bir qrupun, bir ailənin himayəsinə keçib...».

Şərhləri göstər

XS
SM
MD
LG