Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:32

Gəncədəki Sərdar bağının nadir ağacları kəsilib


Bu ilin iyunundan Gəncənin Sərdar (Xan) bağının əsaslı təmirinə başlanıb. Bunun üçün 2 milyon manat vəsait ayılıb. Gəncə sakinləri tam müasir üsulda təmir olunan tarixi Sərdar bağının özəlliyini itirdiyini və nadir ağacların kəsilməsindən narahat olduqlarını deyirlər.

Gəncə sakini Təhminə Tağıyeva deyir ki, indi tarixi Sərdar bağı digər müasir bağlardan fərqlənmir:

“Parkın yanından keçəndə təsadüfən gördüm ki, ağacların dibini kərpiclə hörürlər. Əvvəllər meşə kimiydi, ağaclar sıx idi. Xüsusi gözəlliyi var idi. İndi nə eləmək istəyirlər başa düşmək olmur. Amma Xan bağının özəlliyi o idi ki, həm unikal bağ idi, çox gözəl görünüşü var idi. Həm də çox təbii idi. İndi o biri bağlara oxşayır, təbiiliyini itirəcək”.

BAĞDA SEYRƏKLİK YARATMAQ İSTƏYİBLƏR

Kənd Təsərrüfatı elmləri doktoru Zaur Həsənov da deyir ki, bağdakı nadir ağaclar kəsilib. Bu səbəbdən bir neçə ziyalı şəhər İcra Hakimiyyətinin başçısına şikayət ediblər.

“Biz etirazımızı bildirdik. Bir qrup mütəxəssis yığılıb icra başçısına müraciət etdik şikayətlə ki, ağacları öz başlarına kəsirlər. Xüsusən orda qiymətli ağaclar olub dişli Fotinya o bağa çox gözəllik verirdi, önəm verirdi. O ağacı kəsdilər sıradan çıxardılar. Mən çox pərt oldum ki, bu Güney Qafqazda olan nadir bitkilərdəndir. Bağımızda çoxdandır əkilmişdi. Üzəri yarpaqlı-çiçəkli, onu kəsmək məni çox incitdi. Bu ağacları da kəsdilər, İpək Akasiyası, Albeziya onu kəsdilər. Fikirləri o idi ki, seyrəltsinlər sıxlıq olmasın”.

Zaur Həsənov deyir ki, sonradan kommunal şöbənin işçiləri söz veriblər ki, həmin ağac növlərindən gətirəcəklər. Gətiriblər də. Ancaq mütəxəssisin fikrincə, o ağacların mühitə uyğunlaşa bilməməsi və sıradan çıxması istisna deyil. İndi yeni gətirilən hər bir cins ağacın
Xan Bağında təmir işləri
ekoloji xüsusiyyətini öyrənmək vacibdir.

“44 adda müxtəlif bitki gətirilib. Yeri düzgün seçilməyəndə bitki də sıradan çıxır. Düzdü şaxtaya az davamlı olan bitkilər də var. Qış dövründə çiçəkləyən bitkilər var. Bunların uyarlıq xüsusiyyətinə gəldikdə ola bilər ki, bitkilərin bir-biri ilə antaqonist (əks mövqe) münasibəti ola bilər. Orda əkilən Ardıc ağacı var, o canlı mikrobların hamısını məhv etmək qabiliyyətinə malikdir. Burda olan digər bitkilərdən qara qoz da var, onda da fitonsitlik xüsusiyyəti var. Hər bir cinsin ekoloji xüsusiyyətinə uyğun şərait yaratmaq lazımdır. Suvarılması gübrələnməsi torpağın reaksiyası mütləq lazımdır. Park sifətindən çıxdı. Bağ park oldu”.

“VORONTSOV BURA AĞAC GƏTİRİB ƏKDİ”

Gəncənin tarix qoruğunun keçmiş direktoru Səyyaf Paşayev deyir ki, ümumiyyətlə Gəncədə tarixi parklara da abidələrə də kobud münasibət göstərilir, Gəncə tarixi simasını itirmək üzrədir.

“Mən hələ sovet dövründə işləyəndə bu bağı bağçılıq adı altında nazirlikdə qeydiyyata saldırdım. Hər bir ağacın dibində özünəməxsus ot bitir. Sarmaşıqlar da var idi. Onlar bunların hamısını daradılar. Vorontsov bağ bağçılığa çox meylli adam idi. O da bura müxtəlif ölkələrdən ekzotik ağaclar gətirib əkdi. Avropa ölkələrindən..... həmin dövrdə bağa xüsusi bağbanlar qulluq edirmiş. İndi artıq parka çevrildi. Ordakı həddən artıq işıqlandırılmalar, bəzəkli döşəmələr. Bu tərəfdən baxırsan parkın o biri tərəfi görünür. Bağ elə bir şeydir ki, orda bitkilər torpaqla nəfəs alır.
Gəncədə tarixi abidələrə münasibət sıfır dərəcədədir. Tarixi abidələr Gəncənin milli simasını təşkil edir. Bu gün bu milli simadan əsər əlamət qalmayıb”.

Xan Bağı
Bağdakı təmir işlərinə nəzarət edən və icraçı qurum olan Gəncə şəhər Kommunal Təsərrüfat və İstehsalat Birliyini baş mühəndisi Zahid Məmmədov deyir ki, kəsilən ağaclar köhnə və qurumuş ağaclar idi. Onları saxlamaq əhəmiyyətsizdir.

“Ağaclar budanıldı, orda ağac kəsilməyib. Ora mindən artıq ağac əkilir. Orda biz nadir ağacı kəsib yerinə nadir ağac əkərikmi? Hardasa birinə 300-500 manat pul veririk. 4- 7 metr uzunluğunda ağaclar əkmişik ora. İtaliyadan Pionena ağacı aldıq gətirdik. Biz dekorativ ağacları İtaliyadan, Türkiyədən gətirdik. Qurumuş ağacları saxlamağa nə gərək var? Onlar kəsilib”.

Sərdar bağının təmir işləri gələn ilin fevralınadək başa çatacaq. İndi bu bağı nadir ağacların əvəzinə dekorativ ağaclar bəzəyəcək.
XS
SM
MD
LG