Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:19

70 yaşlı siyasətçi ilə söhbət


Vəfa Quluzadə
Vəfa Quluzadə
Vəfa Quluzadə - politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri (1990-1999-cu illər).

Dekabrın 21-də Vəfa Quluzadənin 70 yaşı tamam olub (1940-cı ildə Bakıda doğulub).

Politoloq bu və digər məsələlərlə bağlı bəzi fikirlərini AzadlıqRadiosu ilə bölüşüb:

- Bu günlərdə 70 yaşınız tamam oldu. Siyasi fəaliyyətə isə 1970-ci ildə başlamısınız. Azərbaycanın builki siyasi həyatında ürəkaçan hansı hadisə var ki, onu bu 70-lərə hədiyyə edərdiniz?

YOXDUR HƏDİYYƏ

- Mən belə ürəkaçan şey görmürəm və sözün düzü özümə bir hədiyyə də tapmıram. Məsələn, mən çox arzu edərdim ki, bizim torpaqlarımız işğaldan azad edilsin. Lakin mənim bu barədə bütün proqnozlarım tam özünü doğruldur. Dediyim kimi, rus imperiyası dağılmamış bizim torpaqlar azad olunmayacaq. Ona görə də heç bir uğur yoxdu. Mən niyə güclə özümə hədiyyə axtarıb tapmalıyam. Yoxdur hədiyyə.

- Bu hadisələr hələ ki, baş vermir. Bəs Azərbaycanın özündə nələr olmalıdır sizin fikrinizcə?

HANSI ÖLKƏ XOŞBƏXT OLACAQ?

- Mən hesab edirəm ki, tək Azərbaycanda yox, bütün keçmiş Sovetlər Birliyi ərazisində yeniləşməyə, demokratikləşməyə böyük bir ehtiyac var. O ölkədə ki, qanunun aliliyi təmin olunacaq və bu kəndlidən tutmuş prezidentə qədər hamıya şamil ediləcək, həmin ölkə də xoşbəxt olacaq. Qanunun aliliyi bir sistemdir. Bu sistem olmayınca sözsüz ki, bütün məsələlər yıxıla-dura yeriyəcək. Azad bir millət kimi biz gərək qanunun aliliyi hökm sürən bir dövlət quraq. Əsas məsələ bax budur.

- Azərbaycanın dediyiniz bu xoşbətliyi təxminən Sizin neçə yaşınıza təsadüf edə bilər?

- Mən heç vaxt özümü tarix barədə hökm çıxaran adam hesab edə bilmərəm. Demokratiya elə məsələdir ki, buna xalq nail olmalıdır. Demokratiyanı ixrac etmək olmaz. Bunu xalq özü əldə etməlidir. Xalq gərək demokratiyanı gətirə bilsin.

- Yəqin ki, xalqı da bundan ötrü kimlərsə, harasa istiqamətləndirməlidir?

BİZİM GƏNCLƏR ARTIQ SOVET İTTİFAQININ GƏNCLƏRİ DEYİLLƏR

- Sözsüz ki, istiqamətləndirilməlidir. Bundan başqa, artıq xalqın gözü açılıb. Xalq gedib Afrikanı, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Amerikanı və digər yerləri görür. Xalqın övladları artıq o ölkələrdə təhsil alır. Bizim gənclər artıq Sovet İttifaqının gəncləri deyillər. Gözləri açıqdır, çox şey bilirlər. Mən universitetlərdə mühazirə deyərkən, müxtəlif tədbirlərdə iştirak edərkən onlarla görüşürəm. Bu tamamilə başqa bir gənclikdir. Mən onlara inanıram. Və hesab edirəm ki, Azərbaycanın xoşbəxt gələcəyini bu gənclik yaradacaq. Ümumiyyətlə isə, sözsüz ki, Azərbaycanda iqtisadiyyat liberallaşmalı, Qərb prinsipləri ilə işləməlidir. Müstəqil, azad iqtisadiyyat ölkəyə müstəqillik və azadlıq gətirir. Yox, əgər bu müstəqillik idarə olunursa, monopolistlərin əlindədirsə, onda sözsüz ki, ölkənin də vəziyyəti ona uyğun olur.

- Əgər ölkədə qanunun aliliyi təmin olunmursa, iqtisadiyyat dediyiniz kimi azad deyilsə, bunları kim yoluna qoymalıdır?

BİR ADAMIN İŞİ DEYİL

- Bu, bir adamın işi deyil. Mən bu kimi də sizə deyə bilmərəm. Amma yenə də deyirəm ki, ölkə inkişaf etməlidir. Ölkədə elə şəraiti xalq öz işi və mübarizəsi ilə yaratmalıdır. Amerikaya bu demokratiyanı, inkişafı, azadlığı kim gətirdi? Orada bütün gənclər istədikləri kimi azaddırlar. Və hökumət də onların azadlığını təmin edir. Almaniya, Fransa və başqa ölkələrdə də o cür. Niyə biz öxumağa, bilik almağa oralara gedirik? Çünki görürük ki, ziya, bilik oradadır. Görmürükmü, maarıf sistemi, başqa nazirliklərimiz nə qədər narazılıqlarla üzləşirlər.

- Dediniz Azərbaycan gəncliyinə güvənirsiniz. Bəs bu gəncliyin azadlığını kimdir təmin etməyən?

- Özləri.

- Necə etsələr təmin etmış olarlar?

GƏLİN ÖZÜMÜZƏ YAXŞI BAXAQ

- Hər ölkənin öz tarixi var. Mən bunu dəqiq deyə bilmərəm. Kimsə bizə qanunun aliliyini göydən gətirib bağışlamayacaq ki, ondan sonra calışaq. Hər bir insanın səviyyəsi qalxdıqca biz demokratiya və qanunun aliliyinə bir az da yaxın olacağıq.

Amma içkili vəziyyətdə, maşınlarda əcnəbi musiqiləri dinləyərək hoqqabazlıq edən gənclik heç nəyə nail ola bilməz. Mən güvənmək barədə dediyim fikirləri gənclərin az hissəsinə aid edirəm. Azərbaycanın əksər gəncləri elə deyil. Avara-avara küçələrdə sürətlə maşın sürməkdən başqa bir şey barədə düşünmürlər. Gəlin özümüzə yaxşı baxaq.

- Sizcə bunlar daha çox politoloqların uşaqlarıdır ya məmurların?

YA MƏMURLARIN, YA DA…

- Mən hesab edirəm ki, politoloqlar az-çox ziyalı təbəqəsidir və onlar zəif dolanırlar. Bu onların uşaqları deyil. Politoloqların uşaqları o cür maşınlarda gəzə bilməzlər. Bunların hamısı ya məmurların, ya da onların himayə etdiyi sistemlərdə işləyən və böyük pul qazanan adamların uşaqlarıdır. Başqa bir şey deyil.

- Nəzərə alsaq ki, ziyalıları məmurlarla əhali arasında dayanan təbəqə də adlandırırlar, onda bu özbaşınalıqların xalqa da dəxli olmadığı anlaşılır.

YENİ ZİYALILAR YARANMIR

- Bilirsiniz, ziyalı təbəqəsi o qədər əriyib ki, Azərbaycanda yeni, zəmanəyə uyğun ziyalılar yaranmır. Azərbaycanda keçmişdən qalma, köhnə psixologiyaya, dünyagörüşünə malik qocalmış ziyalılar var. Onlar da yavaş-yavaş yoxa çıxırlar. Bugünki Azərbaycan özünün ziyalı təbəqəsini yarada bilmir. Ona görə də yenə deyirəm, bu mübarizələrdə xalqın inkişafı böyük faktordur. Amma bu inkişafa bir günün, yaxud bir aylın ərzində nail olunmur. Bu tarixi prosesdir.

- Deyirlər Azərbaycanın hər cür inkişaf etməsi üçün pulu var. Bəs niyə etmir onda?

- Düzü mən bilmirəm Azərbaycanın gələcəyi necə olacaq. Həyat mübarizədir. Heyvanat aləmi də, insanlar da, xalqlar da mübarizə içindədilər. Burada udanlar və uduzanlar var. Mən istərdim ki, biz uduzanlar sırasında olmayaq. Düzdür, bizim udanlar arasında olmağımız üçün çox imkanlarımız var. Amma görək bundan necə istifadə eddə biləcəyik.

- Bu imkanları idarə edənlərdən nəsə asılıdır ya yox?

MƏN BUNU DEYƏ BİLMƏRƏM

- Sözsüz ki, asılıdır. İmkanlarımız var, böyükdür, amma ki, görək necə istifadə edirik bundan.

- Desəydilər ki, arzuladığınız Azərbaycanı görməyin başlanğıcını qoymaq üçün 70 yaşınızda Sizə nəsə etmək imkanı verilir, nə edərdiniz?


- (Gülür) Heç bir şey. Mən bunu deyə bilmərəm. Deyə bilmərəm sizə…..
XS
SM
MD
LG