Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53
Dekabrın 22-də Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclası öz işinə başlayıb. Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir. Sabah isə təşkilatın dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

ANS TV-nin məlumatına görə, artıq bu gündən təşkilata üzv olan ölkələrin dövlət başçıları Türkiyəyə gəlməkdədirlər. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də var. Bugünkü proqrama görə, prezident İlham Əliyevin Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Güllə görüşü var və bu görüş Bakı vaxtı ilə saat 18:45-ə təsadüf edir. Məlumata görə, görüş Abdullah Gülün İstanbulda yerləşən köşkündə baş tutacaq.

Bundan sonra isə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq. Bu görüş isə Bakı vaxtı ilə saat 20:00-a nəzərdə tutulub. Bu görüşdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin müzakirə olunacağı, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsinin aparılacağı bildirilir.

Sabah isə Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla təşkilata üzv olan ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

İƏT-in əsas məqsədi ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirməkdir. 1982-ci ildə yaradılan bu təşkilat, sonradan 1992-ci ildə türk dövlətlərinin qatılması ilə genişlənib. Amma bu il ilk dəfədir ki, bu toplantının iclasına dövlət başçıları da qatılacaq və bu toplantıya Zirvə Görüşü adı veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG