Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:16

Azadlıq uğrunda müqəddimə


Azər Qaraçənlinin "Azadlıq nitqləri" kitabından

Əvvəli burda

Azadlıq uğrunda müqəddimə


Bəhmənyar metafizikanı bütün elmlərin möhtac olduğu müqəddimə adlandırırdı.

Azadlıq uğrunda bütün mübarizələrin möhtac olduğu müqəddimə də budu: təmkin.
Müdrikliyin səbirsiz forması yoxdu, müdrikliyin istənilən forması təmkindən ibarətdi.

Bir müdrik adamı təsvir eləmək lazım gəlsə, hamı onu təmkinli təsvir eləyəcək, heç kim onu səbirsiz təsvir eləyən deyil. Müdrik adam deyən kimi adamın gözünün qabağına səbirli adam gəlir, səbir – bilməyin nəticəsidi.

Səbrin laqeydliyə aidiyyəti yoxdu, səbir – səbirdi, laqeydlik – laqeydlik. Anlaqsız və vecsiz adamın biganəliyini, təbii ki, səbir kimi qəbul eləmək, səbirlə qarışdırmaq olmaz. Səbir – boşluq deyil, əksinə, səbir – gərginlikdi.

Məhz bu qədər gərginliyi idarə eləyə bildiyinə görə səbir – iradədi.

Özündə bu qədər əsəbi, duyğunu, düşüncəni gəzdirdiyinə görə zənginlikdi. Hər şeyin yerini bildiyinə, özünü aparmağı bacardığına görə mədəniyyətdi, etikadı.

Eşitmək, başa düşmək və götür-qoy eləmək istədiyinə görə ağıldı. Nümunə olduğuna görə uğurdu. Xeyiri təcəssüm elədiyinə görə əxlaqdı.

Əxlaq olduğuna görə dəyərdi. Dəyər olduğuna görə qiyməti dəyişməyəndi, daimidi. Bütün bunlara görə bir üstünlükdü, öz alternativlərindən yüksəkdədi.

Ancaq biz heç demədik ki, səbir həm də bir təcrübədi, illərlə aşılanan keyfiyyətdi, yaşca böyüklüyün əlamətidi. İnsanın yetkinlik çağı kimi tarixin də yetkin çağları əvvəlkindən təmkinlidi.

Məsələn, insan hüquqları, plüralizm, dözümlülük kimi dəyərlər tarixin bizə qədərki dövrünün ən yetkin çağlarında qəbul olunub; bir Allah bilir bundan sonrakı yüzilliklərdə dünya hansı çılğınlıqlarını itirəcək, bu gün bizim ağlımıza sığmayan nələrdən imtina eləyəcək, nələrə səbir eləmək qərarına gələcək.

Bu gün adamlar elə şeylərə dözürlər ki, vur-tut yüz il əvvəl ona görə qan su yerinə axırdı. Sabah da adamlar bu gün qan saldıqları şeylərə dözəcəklər.

Bu günün mübarizəsi dünənin mübarizəsindən daha təmkinlidi.

Dinc mübarizə, qansız mübarizə bir vaxt sadəcə arzuydusa, sonra qanlı mübarizələrlə müqayisədə daha az adamın ölməyi demək idisə, bu gün gözümüzün qabağında dinc dəyişikliklər baş verir.

Düzdü, burda da dinc sözü bizim indiki qavrayışımızda götürülür, yəni müqayisədə belə adlandırılır, əslindəsə bu dəyişikliklər heç də tam dinc və qansız olmur, bəzən orda da iğtişaş və yaralanmalar olur, bəzən hətta ölüm də olur.

Ancaq dünya azadlıq uğrunda sözün əsl mənasında dinc, təmamilə dinc, nəinki yaralanmalarsız, nəniki iğtişaşsız, həm də səs-küyü daha az olan, kütlənin nəinki sakit hərəkət elədiyi, həm də sakit şüar söylədiyi, bəlkə heç söyləmədiyi də, sakitcə irəlilədiyi, bəlkə heç irəliləmədiyi də, eləcə dinməz-söyləməz yığışıb yerində durduğu bir mübarizə formasına keçməlidi.

Yeni dövrün bütün dəyişiklikləri, eləcə də ictimai-siyasi dəyişiklikləri dövrün ən böyük dəyərinə – dözümə, təmkinə əsaslanmalıdı.

Mübarizə və təmkin bir-birinə zidd görünür, çünki mübarizə sözündə bir əsəbilik, çılğınlıq var. Ancaq bu söz dinc mübarizə kəlməsinin kəşfiylə özünün klassik mənasından ayrılıb onsuz da. Əgər hələ də tam ayrıla bilməyibsə, onda qoy ən dinc mübarizə yaransın.

Əgər ən dinc şəkildə kütləvi toplaşmaq mümkün deyilsə, onda toplaşmaqdan imtina olunmalı, kütləviliyin vacib olduğu gündə küçələri doldurmaqla yox, küçələri boşaltmaqla yaradılmalıdı o kütləvilik.

Dinc toplaşmaq mümkün olandasa dağılışmaqla yox, toplaşmaqla aparılmalıdı azadlıq uğrunda mübarizə, qapı-pəncərəni bağlamaqla yox, qapıdan çölə çıxmaqla aparılmalıdı.

Azadlıq uğrunda mübarizə adama haqq verdiyindən adam istər-istəməz qızışır bu mübarizəni aparanda. Həm qızışıb səhvlərə, ədalətsizliyə, amansızlığa, hörmətsizliyə yol verməmək üçün, həm də haqq-ədalət naminə, həqiqət naminə: azadlıq uğrunda mübarizə aparan adam özünün haqlı olduğuna bir az şübhə də eləməlidi.

Hətta azadlıq uğrunda mübarizə aparan adam da özünün haqlı olduğuna bir az şübhə eləməlidi ki, ədalət hissini itirməsin, həqiqətə sadiq qala bilsin, mərhəmətli ola bilsin.

Bu mənəvi ehtiyatkarlıq azadlıq uğrunda mübarizə aparan adama həm əxlaqi, həm psixoloji, həm də ictimai bir təmkin gətirəcək, onu ehkamdan, özündənrazılıqdan, cığallıqdan qoruyacaq.

Təmkin – azadlıq uğrunda mübarizəni əxlaqi suallar üzərində dərindən düşünməyə vadar eləyir; bu mübarizə heç vaxt o suallarsız aparıla bilməz.

Daha doğrusu, aparıla da bilər, amma aparılmamalıdı. Ən başlıcası, təmkin – azadlıq uğrunda mübarizəni qana boyanmaqdan qoruyur; dəxli yoxdu onun özünün qana boyanmasından, yoxsa onun başqasını qana boyamasından.

Hər şeydən pis məqsədlər üçün istifadə eləmək olar, o cümlədən təmkindən də. Ancaq biz ən yaxşı məqsəddən – azadlıqdan danışdığımıza görə onun bu məqsəd uğrunda əmələ (mübarizəyə) verə biləcəyi ən yaxşı cəhətlərə diqqət yetiririk. Azadlıq tale məsələsi olduğuna görə onu səbirsizlik kimi xüsusiyyətin – nəticəsini hesablayan yox, həmin nəticəni ya heç bilməyən, ya da güman eləyən bir xüsusiyyətin öhdəsinə buraxmaq olmaz.

Əgər biz təmkinlə səbirsizliyi xeyir-şər qütblərinə qoyası olsaq, onda təmkini həmişə xeyirin yerinə qoyacağıq.

Səbirsizliyin işarəsi – mənfidi, ona müsbət işarə qoymaq mümkün deyil. İctimai mübarizədə, demək olar, elə bir səhv yoxdu ki, orda səbirsizliyin iştirakı olmasın.

Azadlıq uğrunda mübarizədə buraxılan bütün səhvlər, demək olar, emosionallıqla, çılğınlıqla birbaşa bağlı olur.

Səbir, səbir, səbir. Azadlıq uğrunda mübarizə ona möhtacdı.

Mübarizə varsa, demək, cəsarət var, əzm var, ona görə mübarizə aparanlardan danışanda onların cəsarətə, əzmə ehtiyacı olduğunu demək yersizdi, bunu, əgər demək olarsa, yalnız mübarizə aparmayanlardan danışanda demək olar. Azadlıq uğrunda mübarizə aparanlara cəsarət aşılamağa ehtiyac yoxdu, onlara yalnız səbir aşılamaq lazımdı.

Azadlıq uğrunda mübarizə sonsuzdu, heç kim onu öz ömründə tam qələbəylə başa vura bilməyəcək.

Azadlıq uğrunda mübarizə aparan adam hər qələbəsindən sonra neçə-neçə zirvənin qaldığını görəcək, həmişə olduğundan daha çox azad olmaq imkanını görəcək, azadlıq iştahının artdığını, azadlıqdan doymağın mümkün olmadığını görəcək, azadlıq mübarizəsinin başa çatmadığını görəcək...

Ona görə də səbir, səbir, səbir. Təmkin, təmkin, təmkin…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG