Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Təbriz İnqilab Məhkəməsi 11 fəalın mühakiməsinə hazırlaşır


Milli fəalların həbsinin əsl səbəbi GAMOH üzvü olmalarıdır
Milli fəalların həbsinin əsl səbəbi GAMOH üzvü olmalarıdır
İranda ayrı-ayrı vaxtlarda həbs olunmuş 11 azərbaycanlı milli fəalın ETTELAAT tərəfindən aparılmış istintaqları yekunlaşıb və iş materialları Təbriz İnqilab Məhkəməsinə göndərilib. Bu barədə AzadlıqRadiosuna mühakimə olunacaq fəallardan bir qisminin hüquqlarını müdafiə edən vəkil Məhəmmədrza Fəqihi məlumat verib.

«ƏSAS SƏBƏB GAMOH-a ÜZV OLMALARIDIR»

Fəallardan bir qismi girov müqabilində azadlıqda olsalar da, digər qismi indiyə qədər ETTELAAT-ın Təbriz şöbəsində saxlanılırdı. Bir neçə gündür ki, barələrindəki istintaq bitdiyinə görə Təbriz həbsxanasına köçürülüblər.

Milli fəalların məhkəməsi yanvarın 1-də Təbriz İnqilab Məhkəməsində başlanacaq.
Jurnalist Əkbər Azad, tələbələr Aydın Xaceyi və Yunis Süleymani, mühəndislər Şəhram Radmehr və Həsən Rəhimi, müəllim Şükrullah Qəhrəmanifər, həkim Əlirıza Əbdullahi və daha bir neçə milli fəal GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) üzvü olmaqda, hakimiyyətə qarşı təbliğat aparmaqda və casusluğa yardım etməkdə təqsirləndirilir.

VƏKİL TAM BƏRAƏTƏ ÜMİD ETMİR


Vəkil Məhəmmədrza Fəqihi deyir ki, milli fəalların həbsinin əsl səbəbi GAMOH üzvü olmalarıdır: «Ana dillərinə və tarixlərinə görə Azərbaycan milli hərəkatında çalışıblar. Əsas fəaliyyətləri bu olub. Ancaq hakimiyyət buna davam gətirə bilmir. Bunların həbsinin əsas səbəbi GAMOH-a üzv olmaqlarıdır. Hakimiyyətə qarşı təbliğatı və o biri ittihamı da əsas ittihamla bərabər onlara veriblər».

Məhkəmə qarşısına çıxarılacaq milli fəallardan biri Ayət Mehrəlibəylidir
Vəkilin sözlərinə görə, milli fəallara casusluğa yardım və hakimiyyətə qarşı təbliğat ittihamları üzrə bəraət verilməsinə ümid edir: «İki ittihama görə bəraət ala bilərlər, mənim buna ümidim var, ancaq inanmıram ki, GAMOH-a üzv olmaları ittihamına bəraət verilsin».

Məhkəmə qarşısına çıxmağa hazırlaşanlardan biri jurnalist Əkbər Azaddır. O, girov müqabilində azadlıqdadır, lakin gələcəkdə azadlıqda qalıb-qalmayacağı məhkəmənin çıxaracağı hökmdən asılıdır. Deməsinə görə, jurnalistlik fəaliyyəti ilə yanaşı Azərbaycan dilində nəşr olunan uşaq kitablarının və ədəbi kitabların nəşrində, həmçinin milli dillə bağlı müxtəlif tədbirlərin təşkilində aktiv iştirak edir. Həbsini də bu fəaliyyəti ilə əlaqələndirir:

BU İŞ DAVAM EDƏCƏK


«Mən İran vətəndaşıyam, Güney Azərbaycan türküyəm, Güney Azərbaycanın türk dili, mədəniyyəti sahəsində çalışıram. O zamanacan ki, mən özümü azərbaycanlı bilirəm, bu iş davam edəcək. Doğumdan ölümə qədər biz yorulmadan işimizi davam edəcəyik».

Məhkəmə qarşısına çıxarılacaq milli fəallardan biri Ayət Mehrəlibəylidir. Ayət Mehrəlibəylinin qardaşı Ruhulla Mehrəlibəyli deyir ki, o, əvvəllər də milli fəal kimi müxtəlif tədbirlərdə iştirak etdiyinə görə dəfələrlə həbs olunub.

«QARDAŞIMA 8 AYDA GÜCLƏRİ ÇATMAYIBSA...»


Ruhulla Mehrəlibəyli qardaşının həbsini belə izah edir: «Bununla hökumət istəyir ki, qardaşımın fəaliyyətinin qarşısını alsın. Ancaq həbsdə saxlandığı son 8 ayda buna gücləri çatmayıbsa, bundan sonra da çatmaz».

Ruhulla Mehrəlibəyli deyir ki, qardaşı 8 ay ETTELAAT-ın Təbriz şöbəsində saxlanılıb, iki gündür ki, zindana köçürülüb. 8 ay ərzində qardaşı ilə cəmi 1 dəfə görüşə bilib. Onun sözlərinə görə, Ayət Mehrəlibəyli ETTELAAT şöbəsində saxlanılarkən ona işgəncələr verilib, ancaq ailənin hazırda onun zindandakı vəziyyətindən xəbəri yoxdur.
XS
SM
MD
LG