Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

Bilet qıtlığını kim yaradır?


Dəmiryol vağzalı
Dəmiryol vağzalı
«ON GÜN QABAQDAN QATAR YOXDUR»

Bakıdakı Dəmiryol Vağzalında qələbəlikdir. Dekabrın 30-na biletlər on gün əvvəldən satılıb. Xüsusən də ölkənin qərb bölgəsinə – Tovuza, Qazaxa, Ağstafaya bilet tapmaq müşkülə dönüb. Diktafonumu işə salmazdan qabaq yüngülvari kəşfiyyata çıxdım, kassaların qabağına yığışanlardan «dekabrın 30-na bilet varmı?» soruşdum. Narazılıqla başını bulayan da oldu, «hələ tapmamışam», «əlaltdan satdırırlar» deyən də.

«Bilet yoxdur» cavabını alanlar ümidlərini üzmür, başqa kassaların qabağına gedirdilər.
Diktafonla ilk yaxınlaşdığım Telli xala oldu:

- Varmı bilet?

- Yox. Nə bilim görək nə olur. Yeni ilə gedirik. Srağagün gəlmişdik, dedilər ki, dünən gələk. Həmin gün də gələ bilmədik...

- Başqa kassalardan soruşmusuz?

- Bir o kassadan soruşdum, dedilər ki, yoxdu...

Növbəti sərnişinə yaxınlaşıram:

- Dekabrın 30-na bilet axtarırsız deyəsən.

Dekabrın 30-na biletlər on gün əvvəldən satılıb
- Bəli, Tovuza getmək istəyirəm. Hansı kasaaya gedirsən, ayın axırına kimi bilet yoxdur. Ancaq dekabrın 31-nə var. On gün qabaqdan bilet yoxdur. İndi görək bu biri kassada nə deyəcəklər...

«İNANMIRAM Kİ, TƏLƏBAT ÇOXDUR»

Vağzaldakı bütün kassaların üstünə elan yapışdırılb. Elanda deyilir ki, dekabrın 29-30-da Bakıdan Böyük Kəsiyə sürət qatarı buraxılacaq. Həmsöhbətim deyir ki, elanda nə yazıblar o ayrı məsələ, amma fakt budur - bilet yoxdur:

- Mən inanmıram ki, tələbat çoxdu. Gərək yuxarıdan zəng etdirəsən. Ya da nəsə başqa varianta əl atasan. Camaatı incidirlər.

Müsahibimlə kassaya yaxınlaşırıq. Kassir deyir ki, bayramqabağı rayonlara axın başlayıb. Ona görə də 94/93 saylı əlavə qatar xəttə çıxacaq. Sərnişinlə kassir arasında mübahisə düşür:

- Bayramdı da, on gün qabağa satış olub. Siz soruşun da məndən, növbəniz çatanda verəcəm. Yer var da. «Bokovoy» yerlərdi.

- Xanım, mən gəlmişdim. Yenə yox idi. On gün qabaqdan səhərdən axşama növbə düzülsə, bilet satılıb qurtarmaz.

Müsahibimlə kassaya yaxınlaşırıq...
- Dünən olub da satış. Satılıb qurtarıb.

Bu söhbəti eşidən başqa sərnişinlər də yaxınlaşıb səhər tezdən burda olsalar da, bilet ala bilmədiklərini deyirlər. Kassirsə onları sakitləşdirməyə çalışır:

- Ayın 30-u 3 qatar gedəcək: Tbilisiyə, Qazaxa, əlavə 94 saylı qatar və Ağstafa.

Qoşma qatarda nə qədər yer qaldığını xəbər alsaq da, kassir söyləmir:

- Mən deyə bilmərəm. Amma var.

- Bayramda biletə təxmini tələbat nə qədərdi?

- Mən bilmirəm.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov AzadlıqRadiosuna deyir ki, adi günlərdə 2000-2500 bilet satılırsa, bayram günlərində tələbat 5 minə çatır.

«HƏR BAYRAM EYNİ MƏNZƏRƏ»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyir. Onun sözlərinə görə, bilet qıtlığı ilə bağlı Birliyə də məlumatlar gəlir. Bu məlumatlarda biletlərin əlaltdan satdırılması və ya süni qıtlıq yaradıldığı deyilir:

Eyyub Hüseynov
«Düşünürəm ki, nazirlik bu işdə qayda yaratmalıdır. Dəmiryolu elmi əsaslarla idarə olunmalıdır. Əhalinin hərəkət dinamikası öyrənilməlidir. Çox təəssüf ki, necə gəldi, xaotik idarə edilir. Nəticə də göz qabağındadır».

«BU, ONLARA SƏRF EDİR, KORRUPSİYAYA YOL AÇIR»

Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov da yaranmış vəziyyəti idarəçiliklə bağlayır:

«İdarəçilik bərbad haldadır. Yəni, bunun planlaşdırılması, statistik hesablama, proqnozlaşma olmalıdır. Görünür, proqnoz verən bölmə işləmir. Buna görə də bayramlarda, tətillərdə belə vəziyyət yaranır. Bu, onlara sərf edir, korrupsiyaya, rüşvətə yol açır».

Yeri gəlmişkən, vağzalda olarkən sərnişinlərdən bir neçəsi mənə qıraqda hərlənən iki nəfəri göstərib bilet satdıqlarını dedi. Amma bu arada vağzal rəisinin köməkçisi gəlib çıxdı və icazə almadan müsahibə götürə bilməyəcəyimi dedi. Mübahisə həll olunanda isə sərnişinlərin göstərdiyi iki şübhəli şəxs yoxa çıxmışdı.

«BU ŞAYİƏLƏRİ YAYANLAR BİLET ƏLDƏ EDƏ BİLMƏYƏNLƏRDİR»


Nadir Əzməmmədov
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov AzadlıqRadiosuna belə deyir. O süni bilet qıtlığı yaradılması və ya biletlərin baha qiymətə satılmasının mümkün olmadığını deyir:

«Biz kompyuterləşdirilmiş sistemdə işləyirik. Sərnişin şəxsiyyət vəsiqəsi əsasında bilet alır. Alverçi, ya da başqası öz adına bilet alıb sata bilməz. Bu sözləri yayanlar bilet əldə edə bilməyənlərdir. Ona görə də belə böhtanlar atırlar».

BAKI-TBİLİSİ XƏTİNƏ DƏ ƏLAVƏ QATAR BURAXILIR

O ki qaldı, işin düzgün proqnozlaşdırılmaması ilə bağlı iradlara, Nadir Əzməmmədov deyir ki, sərnişin sıxlığını görüb bəzi tədbirlər görürlər. Əvvəlcə Böyük Kəsik istiqamətində əlavə qatar buraxmağı planlaşdırıblar. Amma tələbatın artdığını görüb Bakı-Tbilisi istiqamətində də ikinci qatarı xəttə buraxacaqlar.

Eyni zamanda, başqa qatarlara əlavə vaqonlar qoşulacaq. Nadir Əzməmmədova görə, bu da problemi yoluna qoyacaq.

«Azərbaycan Dəmir Yolları» dekabrın 23-dən yanvarın 6-na kimi gücləndirilmiş iş rejimində işləyəcək.
XS
SM
MD
LG