Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:00

Mən cinlə şeytanın fərqini necə anladım?


R.ƏHƏDOĞLU
(Şəkildəki mən deyiləm)

Qırmızı diplomlu filoloq olaraq bir sual məni daim düşündürürdü:

Niyə Dostoyevskinin "Besı" romanı Türkiyə türkcəsinə "Cinlər" adıyla çevrilib, bizdə isə kim ki bu əsərdən danışır - adına "Şeytanlar" deyir.

Doğrusu, qırmızı diplomum başıma bəladı. Kimsə hansısa sözün mənasını anlamayanda o saat cumur üstümə ki, qardaş, sən fil həkimisən (hələ bir filoloqluğuma lağ edə-edə), mənə bir əlac.

Bəs yaxşı, mən hansısa sözün qabağında belə aciz qalanda başıma haranın külünü töküm.

Bir dəfə hətta "Cin ayrı, şeytan ayrı" məsəlindən ötrü dəstəyi qaldırıb biz jurnalistlərin "ştatlı" din ekspertlərindən birinə (adını çəkmək istəməzdim) zəng çalmaq da istəmişdim.

Amma sonra fikirləşmişdim ki, məni hoydu-hoyduya götürər - deyər Azadlıq Radiosu indi də cindən-şeytandan yazmağa başlayıb?

Nə başınızı ağrıdım, çox fikirləşdim, axırda savadsızlığımı aləmə faş eləmədən bu iki fövqəladə varlığın fərqini anlamağın orijinal yolunu tapdım.

Üz tutdum paytaxtın yeraltı dünyasına. Daha doğrusu yeraltı keçidlərdəki dini kitab satılan dükanların birinə. İçəri müştəri ilə doluydu.

"21-ci əsr" adlanan həmin dükanın sıınıq-salxaq rəflərini, piştaxtalarını diqqətlə gözdən keçirib iki kitab seçdim:

Şeytan. Müəllif Məzahir Badkubeyi. Nəşr edən: Mübahilə. Çap tarixi 2006

Mühəmməd İsa Davud. Cinlər aləmində (Bilinməyən yönlərilə). Bakı 2006 Tərcümə edən: İntiqam Rüstəmov.

Sevindim ki, nəhayət ki, istəyimə çatacam. Çünki həmin kitablarda cinin və şeytanın müfəssəl təsvirləri verilir.

"Cinlər aləmi"nin müəllifi "Giriş"dəki qeyddə bildirir ki, kitabı Mustafa Kəncur adlı bir cinlə söhbət (həmsöhbət olduğu cin gözünə görünməsə də) əsasında yazıb:

"Bismillahir rəhmani rəhim!

Kitabın qonağı müsəlman bir cindir. Hindistanlıdır (Bombey şəhərindən)... Adı Mustafa Kəncurdur. Kəncur qəbiləsindəndir.

Təəssüf ki babası kafir halda ölmüşdür... O indi 180 yaşındadır. Mustafanın müsəlman olması ilə on minlərlə cin müsəlman oldu. İndi onlar Mustafanı himayə edirlər. Mustafa onların başçısıdır...

Allah-təala Mustafa Kəncurun vasitəsilə digər cinlərə də müsəlman olmağı nəsib etsin... Amin".

"Giriş"dəki bu qeydi çox böyük təəccüblə oxudum. Çünki cinlərin müsəlman və qeyri-müsəlman kateqoriyalarına bölündüyüni bilmirdim (Bu da savadsızlığın daha bir əlaməti).

Kitabın "Cinlərin görünüşü və formaları" bölümü isə mənim üçün göydəndüşmə idi. Sizə də maraqlı ola biləcəyini düşünüb əsas hissəslərini yazıma əlavə edirəm:

"Müsəlman cin Mustafa Kəncura dedim: - Bu halda insanların xətalı düşüncə və səhv fikirlərini düzəltmək üçün soruşuram. Allah-təala səni hansı şəkil və biçimdə yaratdı?

- Eynilə insanların gözləri dəyişik rənglərdə olduğu kimi cinlərin də göz rəngləri təkcə qırmızı olmur.

Bəzi cinlərin gözü qara, mavi, bəzilərinininki isə bal rəngindədir. Bizim göz bəbəyimiz sizinki kimi tam yuvarlaq deyil, elips şəklindədir.

Sizin, gözlərimizi qırmızımtıl olaraq bilməniz bəzi xəfif şüaların gözümüzə düşməsi nəticəsində yaranır. Çünki bu işıqlar qırmızıya çalan işıqlardır.

Əksinə olduğu halda insanlar cinlərdən qorxmaq yerinə onlardakı gözəlliyi görə biləcək və onlardan xoşlanacaqlar.

Qulaqlarımız at və pişik qulaqlarına bənzəyir və xırdaca tüklərlə örtülüdür. İnsanlar bir az diqqətcil olsalar, pişik qulağının kiçik olmasına baxmayaraq necə də atın qulağına bənzədiyinin şahidi olarlar.

Bunun üçün də cinlərin müsəlman olanları bir surətə girmək istədikləri zaman pişik, at və şir surətlərinə üstünlük verirlər.

Burnumuza gəlincə, eynilə insanların burnu kimi üzümüzün ortasında yer alır. Bu da var ki, burnumuz sizin burnunuz kimi uzunsov olmayıb bəzi filippinli kişi və qadınların burnu kimi dəyirmidir (yuvarlaqdır)...

Biz cinlərin saçları olduqca seyrəkdir. Yaş keçdikcə cinlərin saçı tökülür. Xanım cinlərin saçları çox uzundur.

Saçların uzunluğu cinlərdə gözəllik nişanəsi olub çox qiymətli bilinir. Hətta bəzi xanım cinlərin saçı yerlə sürünür.

Ona dedim: - Bəs sizin əl və ayaqlarınız necə?

- Bizim əllərimiz siz insanların əlləri kimidir. Ancaq əllər dırnaq və qol uzunluğu baxımından fərqlidir... Bizim qollarımız bir az uzundur. Eyni şəkildə dırnaqlarımız da bir az uzundur.
Ayaqlarımızın ön hissəsi daha genişdir, ayaq barmaqlarımız isə qıllarla örtülmüşdür.

- Sizin skeletiniz, qəlbiniz və həzm sisteminiz vardırmı?

- Bəli, eynilə sizdə olduğu kimi bütün bunlar bizdə də var. Ancaq bizim sümük toxumamız və skeletimiz cismimizə və ət toxumamıza görə daha artıqdır.

Fəqət sümük toxumamızın çox olmasına rəğmən, cinlər sizin xəyal edə bilməyəcəyiniz qədər rahat və yumşaq hərəkət edə bilmə xüsusiyyətinə sahibdirlər...

İfrazat orqanı eynilə sizin kimi çalışır. Ancaq bizim ifrazatımız sizinki kimi kəsif olmayıb şiddətli və sərt bir buxar kimidir. Kiçik ifrazımıza gəlincə isə, şiddətlə fışqıran bir buxar kimidir..."

Daha sonra cinlərin dişləri, dilləri və sair orqanları da təsvir edilir. (Detallara getmirəm. Dükanın bazarını öldürmək istəmirəm).

"Şeytan" kitabından isə məlum olur ki, Şeytan elə İblisdir.

"Şeytanın adı İblisdir. Allah-təalanın əmrinə əməl etmək, İnsana boyun əymək istəmədiyi üçün Cənnətdən qovulub".

"İblisin evlənməsi" bölümündə isə hər şey mənim üçün tamamilə aydınlaşır:

"İblis cinlərdən olan bir qadınla ki - adı Ləhma binti Ruhatbni Səlsl idi - evləndi. Və onunla uşaqları oldu, birinci doğuşda Bilqeyis və Tunə, 2-ci doğuşda Şöilə və Şəilə, 3-cü doğuşda Dohər və Dohirə, 4-cü doğuşda Şuza və Şizə, 5-ci doğuşda Fəqtəs və Fəqtəsə dünyaya gətirdilər.

Şeytanın övladları o qədər çoxaldı ki, sayı və hesabı olmadı.

Hərə bir tərəfə dağıldı, sularda. quyularda, səhralarda, murdar yerlərdə və çoxlu məkanlarda yaşamağa başladılar. Belə ki bütün dünya onların nəsli ilə doldu.

Sonra cürbəcür sifətlərə düşdülər. Məs: İnsan, at, ulaq, qatır, dəvə, keçi, inək, quzu, it, yırtıcı heyvanlar, tısbağa və digər heyvanlar ki, yer üzündə çoxdurlar".


Bax belə. İndi mən bilirəm ki, Dostoyevskinin romanının adını kim düzgün tərcümə edib?

Cinlə şeytanı elə dəqiqiliklə ayırıram ki, əlimyandıda üstümə cumanların hər birinə qırmızı diplomumdan utanmadan həmin fərqi yerli-yataqlı anlada bilərəm.

Kitabı aldığım yeraltı keçidi isə bu yaxınlarda şəhərə çıxanda görüb tanımadım. Ən müasir üslubda təmir olunub.

Yerə mərmər döşənib, taxta köşklər, piştaxtalar plastik çərçivələrdən düzəldilmə yeni və sivil dükanlarla əvəzlənib.

Narahatlığım bircə ondan idi ki, birdən bu yenidənqurmada həmin kitab dükanı "ixtisara düşə". Amma tanış simaları gördüm, ürəyim yerinə gəldi.

Dükan öz işində idi. Daha müasir və yaraşıqlı biçimdə. "21-ci əsr" adına layiq vəziyyətdə. Yeni bir kitab da aldım: "Behişt bələdçisi".

Kim nə deyir desin, mən kitabın gücünə inanıram. Kitab oxumaq insanı avamlıq və bisavadlıqdan xilas edib işıqlı gələcəyə aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG