Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Fotoları ilə tarix yazan adam


«ATADAN ƏVVƏL DOSTUMU İTİRMİŞƏM»

«Atadan əvvəl dostumu itirmişəm. Özümü çox pis hiss edirəm. Həm də anlaya bilmirəm nə baş verib. Elə bilirəm indi gedib evdə atamla görüşəcəm. Uzun illər idi jurnalist kimi işləyirdi. Anam dəfələrlə deyirdi ki, təqaüdə çıx, otur evdə. Atamsa razılaşmırdı. Deyirdi mən evdə otura bilmərəm. Sonadək bu işdə çalışmaq istəyirəm».

Jurnalist Turxan Kərimov, atası –fotojurnalist Elxan Kərimov haqqında belə deyir.

Dekabrın 20-də Azərbaycan mediası tanınmış fotoreportyorlarından birini -«Turan» İnformasiya Agentliyinin əməkdaşı Elxan Kərimovu torpağa tapşırdı. Elxan ayın 19-da axşam ürək çatışmazlığından vəfat edib.

DEMOKRATİK MÜBARİZƏNİN ÖNÜNDƏ OLMUŞ ADAM


Hərdən ürəyindən şikayətlənirdi. Son vaxtlar bu hərdənlər daha da çoxalmışdı. Özü bir şey deməyəndə də sol əlinin arabir gəzib sinəsində dayanması narahatçılığının bitmədiyindən xəbər verirdi. Amma buna baxmayaraq o elə özünün də dediyi kimi, sona qədər işlədi. Necə işlədiyini isə bütün media mənsubları yaxşı bilirdi.

Jurnalist Şahvələd Çobanoğlu:

- Elxan müəllim çox səmimi, təmiz adam idi. O, Azərbaycanda xalq hərəkatının, demokratik mübarizənin ilk illərindən tanıdığımız adamlardan idi. Həmişə özünə hörməti və sevgini qorumaqla yanaşı, bizim uzun illərimizi də fotolarının yaddaşında qoruyub saxlayan birisi idi.

Hamı onu tanıyırdı. Yerindən və vaxtından asılı olmayaraq medianı cəlb edən hər yerdə onu görmək olurdu. Jurnalistlərin arası ilə gəzinir, şirin-şirin söhbətləşir, sanki heç işləmirdi. Amma sonda onun fotoları yenə də ən yaxşılardan olurdu. Çox vaxt ekstremal şəraitlərdə neçə işlədiyimizi sonradan onun çəkdiyi şəkillərdən bilirdik.

O, MEDİAYA ÇOX ŞEY VERDİ


«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, Elxan artıq 12 il idi onunla çalışırdı. Və o öz fotoları, əsərləri ilə təkcə «Turan»a yox, bütün Azərbaycan mediasına, ictimaiyyətinə çox şey verdi:

«O öz şəkilləri ilə Azərbaycanın yeni tarixini yazıb. Hesab edirəm ki, onun əsərləri ilə Azərbaycan jurnalistikasına verdiyi töhfələr çox böyük məna daşıyır. Və bu böyük bir izdir».

Elxan Kərimov «Turan» İnformasiya Agentliyində baş fotomüxbir vəzifəsində çalışırdı. O, AzadlıqRadiosu ilə də uzun müddət əməkdaşlıq edib.

Elxan Kərimov bir çox müəssisə, mətbuat orqanı və digər KİV-lərin aparıcı fotoqrafı olmuş, bir sıra mükafatlara layiq görülmüşdü.

DOĞUM GÜNÜNƏ 8 GÜN QALMIŞ

O, 1948-ci ilin dekabrında Bakının Bülbülə kəndində doğulmuşdu. Dekabrda da vəfat etdi. Doğumundan düz 8 gün əvvəl.

Dekabrın 28-də Elxanın 62 yaşı tamam olacaqdı. Amma heç ona bu qədər yaş verməzdin. Cavan, gülərüz, qarşına çıxanda mütləq hal-əhval üçün adama vaxt ayıran birisi idi.

Gələn il yanvarın 5-də Elxanın ürəyində şuntlama əməliyyatı aparılmalıydı. Özü bu əməliyyatı gözləsə də, ürəyi gözləmədi.

Beləliklə, 1971-ci ildən başlayaraq hamını və hər şeyi fotoaparatının yaddaşına köçürən bu adam artıq özü şirin, bir az da kədərli xatirə kimi hamının yaddaşına köçdü. Bundan sonra o təkcə öz şəkillərində yox, həm də çəkdiyi fotolarda xatırlanacaq. Belə fotolar isə ölkənin hər yerində, özü də təkcə mətbuat səhifələrində deyil, şəxsi arxivlərdə də saysız-hesabsızdır...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG