Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:11

Nobel mükafatlı yazıçı xanım siyasətçiyə qarşı


Lyosaya Nobel mükafatı təqdim edilir. Stokholm, 10 dekabr 2010

Lyosaya Nobel mükafatı təqdim edilir. Stokholm, 10 dekabr 2010

Nobel mükafatlı Peru yazıçısı Mario Varqas Lyosa bəyan edib ki, həbsdə olan keçmiş prezident Alberto Fucimorinin qızının gələn ilki prezident seçkilərini udmasına imkan verməmək üçün bütün imkanlarından istifadə edəcək.

Yazıçının fikrincə, mühafizəkar millət vəkili Keyko Fucimorinin prezident seçilməsi Peru üçün fəlakət olardı.

Keyko Fucimori gələn il aprelin 10-da keçiriləcək prezident seçkilərində qələbəyə ən çox şansı olan 3 potensial namizəddən biridir.

"Əgər cani və oğru olduğu üçün həbsə məhkum edilmiş diktatorun qızının prezident seçilmək şansı varsa, mən küçəyə çıxıb bütün mümkün hüquqi vasitələrlə buna mane olmaq istəyənlərdən biri olacam" - deyə Lyosa jurnalistlərə bildirib.

34 yaşlı Keyko Fucimori Peruda kifayət qədər populyardır.

Gələn ilki prezident seçkilərində - keçmiş prezident Alehandro Toledo və paytaxt Limanın keçmiş meri Luis Kastaneda ilə birlikdə onun da qalib gəlmək şansları yüksək qiymətləndirilir.

Keykonun atası keçən il 25 illliyinə azadlıqdan məhrum edilib. Keçmiş prezidenti 1990-2000-ci illər arasında "ölüm eskadronları"na 2 qətliam törətmək əmri verdiyi üçün məhkum ediblər.

Həmin dövrdə Peru hökuməti maoçu üsyançılara qarşı mübarizə aparırdı. Bundan başqa ata Fucimorini bir neçə korrupsiya işində əli olmaqda da təqsirli biliblər.

Bu həmin Fucimoridir ki, vaxtilə prezident seçkilərində Lyosanın rəqibi olub.

1990-cı ildə keçirilmiş prezident seçkilərində o, Lyosanı məğlub edə bilmişdi.

Fucimori hakimiyyətə gələndən sonra hiperinflyasiyanın və iqtisadi böhranın dərinləşməsinin qarşısını alsa da, insan haqlarının kobud şəkildə pozulması və korrupsiya qalmaqallarında əsas fiqur olduğu üçün sonda hakimiyyətdən getməli olmuşdu.

Lyosa deyib ki, Peru axır 10 ildə demokratik üsulla idarə olunur. "İndiki hakimiyyətin fəaliyyətinə bəlkə də əla qiymət vermək olmaz, amma onu həmin həddə çatdırmaq üçün şərait var".

Lyosanın nüfuzu həm ölkəsində, həm də Latın Amerikasında 2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatını alandan sonra hədsiz dərəcədə artıb.

Onu Perunun "vicdan səsi" də adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG