Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

«Bu il Qafqazda təsəlliverici hadisə az olub»


Ərəstun Oruclu
«2010-cu ildə Azərbaycanda xüsusi sevindirici hadisə baş verməyib. Bunun əvəzində kifayət qədər neqativ hallar olub».

Bunu «Qafqaz Qovşağı» verilişində «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib. O, noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərdən tutmuş mətbuat, vətəndaş cəmiyyətinə qədər durumunun pisləşdiyini deyir:

«Azərbaycanın müstəqillik tarixində parlament seçkilərindəki qədər saxtakarlıq olmamışdı. İndi Azərbaycan parlamentində bir müxalifətçi belə təmsil olunmur. Düzdür, özlərini konstruktiv müxalifət adlandıranlar var, ancaq bu, həmin hal deyil».

Ə.Oruclu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa da, fəal hərbi əməliyyatların başlamamasını müsbət hal kimi qiymətləndirir.

Ekspert 2010-cu il ərzində Azərbaycanda vətəndaş və siyasi hüquqların pozulmaqda davam etdiyini, siyasi partiyaların, QHT-lərin, KİV-in fəaliyyətinin məhdudlaşdırıldığını, korrupsiyanın artdığını deyib.

Verilişə Yerevandan qoşulan Strateji və Milli Araşdırmalar Mərkəzinin baş eksperti Manvel Sarkisyan də bildirib ki, bu il Ermənistanda təsəlliverici hadisə az olub:

Manvel Sarkisyan
«Bu il hökumətin xarici siyasət mövqeyi möhkəmlənib. O mənada ki, Dağlıq Qarabağ ətrafında informasiya vəziyyətinin pisləşməsi və təmas xəttində baş verənlərin fonunda Rusiya bazasının müddətinin uzadıldı. Bu, şübhəsiz ki, Rusiyanın regionun balansına kobud müdaxiləsi idi. Hökumət hesab edir ki, ölkənin müdafiə qabiliyyətini artırıb».

Gürcüstandakı İlya Dövlət Universitetinin Hüquqi Təhsil və Vətəndaşların Tədrisi Mərkəzinin direktoru Merab Basilaya isə ölkəsi üçün 2010-cu ilin yekunlarını belə qiymətləndirib:

«Bizdə il daha rəngarəng olub, həm yaxşı, həm də pis olaylar baxımından... Bu il Gürcüstanda ictimai fikirdə çox ciddi irəliləyiş olub... Həmçinin, hökumətin təhsil qanununa dəyişiklik etməsi nəticəsində bu il etnik azlıqlar da ali məktəblərə qəbul olub. Ancaq çox pis haldır ki, Gürcüstanda informasiya əldə etmək problem olaraq qalır. Hökumət fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmağı özünə borc bilmir. Pis haldır ki, ölkə müxalifəti 2-3 il əvvəl olduğu kimidir».

Şərhləri göstər

XS
SM
MD
LG