Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07














BƏNZƏRLİK


Pəncərəmdən baxanda
Rəssamın çəkəcəyi
Portretimə bənzəyirəm.
Zaman çərçivədən çıxanda
Kim biləcək
kimə bənzəyirəm?!

Hərdən babama,
hərdən nəvəmə
Bənzəyirəm.
Hərdən dəftər-kitabla,
Mürəkkəb-qələmlə
Öz-özümü bəzəyirəm.

Hərdən bənizim qaçır,
Ulduzları yatmış səmaya,
Günəşi batmış
Dənizə bənzəyirəm.

Içimdən yuyunur gedir bir gözəl,
Ayaqlarından qum üstünə,
Süzülən, yazılan,
Izinə bənzəyirəm.

Özüm də bilmirəm kiməm,
nəçiyəm,
Hərdən içimdəki dağlardan böyük,
Hərdən gözümdəki yaşdan kiçiyəm.
Hərdən Dəlidağdır, Kirsdir mənə yük,
Hərdən Xocalıda, Ağdamda, heçəm...
Siz mənim sözümdən oxuyun məni,
Üzümdən-gözümdən oxuyun məni,
Oxuya bilənlər anlayar necə
Rastda pəsə,
Çahargahda zilə bənzəyirəm.
Sultanam, yurdundan didərgin düşən
Mərziliyə bənzəyirəm!


YENİDƏN

Üzdüm,
Üzdüm,
yoruldum,
Nə qollarımda hey qaldı,
nə ayağım altda torpaq...
Uzandım arxam üstə,
Göylərə baxdım ancaq.
Göylər necə mavi imiş,
Arxamdakı dəniz kimi,
Dəniz necə mavi imiş
Üstümdəki göylər kimi...
Bu dəniz, bu göy,
Batıracaq bir gün məni vallah
o mavigöz kimi...

İstədim dənizi qucam,
Içəm, dolduram gözümə.
İstədim göylərə uçam,
Uçam, qaldıram özümlə.
Yarı balıq, yarı adam, yarı quş,
Olam özüm-özümə.
O gözlərin tərifinə
Mapmavi bir misranı
Qarmaqtək atdım dənizə.
Mavigözlü su pərisi
Tutub gəldi üzə-üzə,
Gülə-gülə,
Sinəsində qoşa nar,
Parpar gözləri mavi gilə,
Dartdı,
Çıxardı məni sahilə,
Saçlarımdan qumlara,
Qumlarından gözlərimə
yaş süzülə-süzülə...


CƏNNƏT

Cənnəti gəzmişəm mən qarış-qarış,
Var onun ilanı, qurbağası da!
Qızıl balıqları qum üstə qalmış,
Dənizi, dəryası verilib bada.

Orda nə adəm var, nə də ki həvva,
Yalnız mazut qoxur, qaz qoxur hava.
Kürsülər üstündə bitməyir dava,
Gözləri kor olur ölkə gələndə.

Müqəddəs nə varsa, tapdanır tamam,
Nə dini din qalıb, imanı iman.
Baş alıb fırıldaq, yeriyir yalan,
Ortaya bir halal tikə gələndə.

Dağları fövt olub şeytan əlində,
Bağları doğranıb sülhü gələndə,
Başına daş düşüb mələklərin də,
Rizvanın yerinə tülkü gələndə.


RİZVANIN YERİNƏ

Rizvanın yerinə tülkü gələndən,
Cənətin hər yeri özəlləşibdi.
Daha o tülküyə tülkü deməzsən,
Kökəlib şir olub, gözəlləşibdi.

Başının atında qu balışları,
Ayağı altında cüt papışları.
Silinib üzünün çox qırışları,
Masajla bir sürü qız əlləşibdi.

Onun savadı var, alim tülküdü,
Cənnət dədəsinin halal mülküdü!
Ya qaz ver, ya toyuq, amma bol gətir,
Üstündə istotla duz əlləşibdi.

Adəm çox çalışdı, bata bilmədi,
Tutub quyruğundan ata bilmədi,
Şeytan tələ qurdu, tuta bilmədi,
Əlli əlləşibdi, yüz əlləşibdi.

Beləcə başlandı Tülkü dünyası,
Toyuq-cücələrin başlanar yası.
Xətrinə dəyənlər sayılar asi,
Sözü dastan olub, qəzəlləşibdi!


YE MƏNİ, DÜNYA!

Bir gün gözlərimi yaşlayacaqsan,
Haçanda mıxladıb daşlayacaqsan,
Bilmirəm haramdan başlayacasan,
Ye məni, ye məni, ye məni dünya!

Doğuldum, mən səni bir nənni bildim,
Ərəb-fars, urus-türk, erməni bidim.
Sual qarmağında mən anı bildim,
Ye məni, ye məni, ye məni dünya!

Acı dərdlərimdən şirin sözüm var,
Alma-buğda demə, qara üzüm var.
Dəyirman daşından çıxan dözüm var,
Ye məni, ye məni, ye məni dünya!

Boy atdım, başımın ağılı gəldi,
Saldım sevdalara, sığalı gəldi.
Şəngülüm, şüngülüm nağılı gəldi.
Ye məni, ye məni, ye məni dünya!

Canımda nə qədər qəmin dadı var,
Əlif kafi nunla, mimin odu var,
Qarabağ adlanan qara cadu var,
Ye məni, ye məni, ye məni dünya!


MƏN BU DƏRDİ

Aman Allah necə çəkim,
Mən bu dərdi, mən bu dərdi!
Gündüz dözüm, gecə çəkim,
Mən bu dərdi, mən bu dərdi.

Qayadır, oya bilmirəm,
Yaradır, soya bilmirəm,
Röyadır, qoya bilmirəm,
Mən bu dərdi, mən bu dərdi.

Küsüb getdi, yenə döndü,
Saçlarımda dənə döndü,
Mən mən oldum, mənə döndi,
Mən bu dərdi, mən bu dərdi.

Çəkirəm, doya bilmirəm,
Yadlara yaya bilmirəm,
Yiyəsiz qoya bilmirəm,
Mən bu dərdi, mən bu dərdi.

Nədir torpaq, nədir Vətən,
Geyim butalı bir kəfən,
Baltalayım məhşərətən,
Mən bu dərdi, mən bu dərdi!


VURUŞ VAR HƏLƏ

Mən əgər bir damla göz yaşı olsam,
Kim yarpaq üstündən götürər məni?
Ay ellər, mən əgər qürbətdə ölsəm,
Kim torpaq üstündən götürər məni?!

Kim əyər başını, gözləri dolu,
Kim alar çiyninə bu qədər yolu?
Mələklər çaş edər sağ ilə solu,
Kim bəqa mülkünə ötürər məni.

Gedərəm, gedərəm, gələrəm yenə,
Gələrəm mələrəm, mələrəm yenə,
Yaralı ceyranım hay verməz mənə,
Dağlarda, daşlarda itirər məni.

Ömür bir vuruşdur cənnət vədinə,
Kim o Qarabağı qaytarar mənə?!
Ölsəm də, bu yolda vuruş var yenə,
Vətən harayına gətirər məni!
Qızılgullər ləcək-ləcək ...

Sən bir canlı ikonasan,
Canında ahlar, dualar!
Qalxıb divara qonasan,
Baxar, dahilər yanılar.

Kimlər səni allah bilər,
Kimlər səndə günah bilər,
Küssün qoy yeni qəhbələr,
Günah bilməzlər ah bilər...

Anılar, allah anılar,
Isalıq allahlıq olar,
Haçadan uçar yanılar,
Yanılar, Allah danılar.

Kimə qüsl, kimə hamam,
Kimə vəsl, kimə cima,
Kimə kufr, kimə iman,
Hamısı Allahdan olar.

Qızıl güllər ləçək-ləçək,
Üzün ikonadan göyçək,
Sağərim ol, qaldır içək,
And içməsən, əhd danılar...

2010, Moskva.

Günün bütün mövzuları

XS
SM
MD
LG