Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47
Tbilisidən Bakıya uçan təyyarənin qalxmağına hələ çox, iki saata yaxın vaxt varıydı.

Sənəd qəbulu başlamamışdı.

Ətraf qələbəlik. Gürcüstanın yerli telekanalının müxbirləri mikrafon və kamerayla silahlanaraq, gözlərini giriş qapısına zilləyib hansısa önəmli bir şəxsin yolunu gözləyirdilər.

Jurnalistlər bir neçə dəfə gözlədikləri adamın gəldiyini zənn edərək həyacanla qapıya tərəf qaçdılar.

Onların arasındakı miniyubka geymiş gənc, gözəl qız isə hər yanılmadan sonra kor-peşman yerinə qayıdanda, utancından qıpqırmızı olurdu.

Asan deyildi, ətrafdakı kişilərin çoxusunun gözü ona zillənmişdi.

Yanımda da görünüşündən amerikalıya bənzəyən gənc oğlan rükzaqını başının altına qoyub, betonun üstündə eləcə yatırdı, dünya aləm vecinə deyildi.

Acıydım, yuxusuzuydum, üstəlik ətrafdakı qələbəlikdən, gənc jurnalistə zillənmiş acgöz baxışlardan, onun utanmasından, sanki özüm utanırmışammış kimi sıxılırdım.

Siqaret çəkmək üçün çölə çıxdım. Tbilisiyə yağış çisələyirdi, siqaretimin ağ dumanı havaya, yağışa qarışaraq əriyirdi...

* * *

Gürcüstana ilk səfərimiydi, ilk dəfəydi ölkəmin sərhədlərini tərk etmişdim.

Bakıda işlədiyim Qeyri Hökumət Təşkilatlarından biri mənim çalışqanlığımı, Gürcüstanın paytaxtında baş tutacaq seminara göndərməklə qiymətləndirmişdi.

Mənim də daxil olduğum 6 nəfərlik Azərbaycan nümayəndə heyətini şəhərin mərkəzindəki otellərdən birinə yerləşdirmişdilər.

Sülhməramlı məqsəd daşıyan seminarda azərbaycanlı, erməni və gürcü gənclər iştirak edirdi.

Seminar başlamamış heç bir dialoqdan söhbət belə gedə bilməyəcəyini anladım.

Ermənilər və azərbaycanlılar bir-birinin qanını qəltan eləməyə hazırıydılar.

Dolmanın, kamançanın, torpaqların kimə aid olması, hansının daha qədim xalq olması barədə yorulub əldən düşənə qədər mübahisə edirdilər, hərdən gürcülər də qədim xalq məsələsində ermənilərin və azərbaycanlıların onların haqlarını çeynədiyini əsas gətirərək mübahisəyə qoşulurdular.

Mən bu ağır söhbətlərə qoşulmurdum, birincisi, ingilis və rus dillərində yetərincə yaxşı danışa bilmirdim, ikincisidə ki, mübahisə etməyə həvəsim yoxuydu.

Əsas şəhər və səyahətlə maraqlanırdım. Tbilisi barədə çox eşitmişdim, oxumuşdum.

Amma gördüyüm şəhər xəyallarımdakı şəhərdən tamam fərqliydi.

O, o qədər balaca, o qədər köhnə, o qədər miskiniydi ki...

Gürcülər də çox kasıb və özlərindən razıydılar, burunları Qaf dağındaydı. Bəlkə də yanılırdım, aramsız yağışa görə şəhəri, insanları düz-əməlli tanıya da bilməmişdim.

Leysanın iri damlaları az qala asvaltı deşirdi, çölə çıxmaq mümkün deyildi.

Şəhərdəki hündür, qollu-budaqlı ağaclar səmanı işğal eləmişdi, göy üzü görsənmirdi, sanki yağış yerə göydən yox, ağacların gövdəsindən tökülürdü. Darıxa-darıxa pəncərələrdən küçələrə baxa qalmışdım.

Vaxt keçdi, mən isə Tbilisini kədərli ovqatda tərk edirdim...

***

Məni yuxudan oyadan yoldaşım xəbər verdi ki, sənəd qəbulu başlayıb. Belimdə çanta, yarıyuxulu halda növbə gözləməyə başladım.

Tezliklə təyyarə çatıb yatmaq istəyirdim.

Nəhayət, növbəm çatdı, çantamı təyyarənin yük yerinə aparacaq olan aparata qoydum. Çantaları qəbul edib, qəbz verən qıza baxdım - gözəliydi.

Onun baxışlarının da qısa bir an məndə dayandığını hiss elədim.

Növbəti yoxlanışdan sonra yoldaşlarım xəbər verdi ki, digər yoxlanış mərhələsi yəqin, yarım saatdan sonra başlayacaq. Vaxtı yatmaqla qiymətləndirmək qərarına gəldim...

Biraz keçəndən sonra məni durquzdular ki; “xarici pasportu, bileti hazırla yoxlanış başlayır”.

Sənədləri yenə bayaqki qız yoxlayırdı. Sıra mənə çatdı: pasportumu, biletimi verdim.

Gözlərimiz rastlaşdı, gözəl mavi gözləri varıydı. Pasportu qaytardı, “Thank you” – dedim gülümsəyərək, “Thank you” – eyni tərzdə cavab verdi.

Ondan aralananda bədəninin də sifəti qədər gözəl olub-olmadığını bilmək üçün arxadan boylandım. Bu bir anlıq axmaq hərəkətimə görə məni gic gülmək tutdu...

Pilləkənlərlə aşağı düşüb avtobusa doluşduq, camaatın yığılmasını gözlədik.

Avtobus hərəkətə gələndə qabaqda, həmin gözəl qızın olduğunu görüb sevindim: “Deyəsən, bəxtim Tbilisini tərk edəndən sonra gətirir”.

Avtobusdan təyyarənin trapının yanında endik, gözəl qız gəlib trapın yanında, nəzarətçi oğlanın böyründə dayandı.

Növbəmi gecikdirmək üçün sıradan xeyli aralı dayandım.

Gözləri masmavi qıza baxırdım. Orta boylu, incə bədənliydi - üzünün gözəlliyiylə bədənin gözəlliyi bir-birini tamamlayırdı.

Başına beret taxmışdı, şabalıdı rəngə çalan uzun dalğalı saçlarına arxadan sancaq vurararaq üsulluca belinə tökmüşdü.

24-25 yaşı olardı, biraz yorğun, biraz yuxusuz görsənirdi. Yorğun, yuxusuz olması onu daha mistik, daha özəl, daha cazibədar göstərirdi.

Tam əminiydim, o, mənim həyatımda o anacan gördüyüm ən gözəl varlıq idi.

Yağışdan sonra mavi səhərin açıldığı, üfüqdə xəfif, qızılı günəş şüalarının boylandığı, rənglərin, gözəlliklərin bir-birinə qarışıb, insanda qəribə həyat sevinci yaratdığı bu əsrarəngiz vaxtda, bu gözəl qıza tamaşa etməkdən möhtəşəm heç nə ola bilməzdi.

O, utancaq baxışlarını məndən gizləməyə çalışırdı. Bir neçə dəfə baxışlarımız rastlaşdı, bir anlıq bir-birimizə baxdıq, sanki içimdə şimşək çaxdı, ildırım guruldadı.

Bir də ayılıb gördüm ki, növbəm çatıb, təyyarəyə qalxmalıyam. Yenə “Thank you” – dedim gözlərinin içinə baxaraq, “Thank you” – dedi, biraz qeyri-rəsmi, biraz daha səmimi.

Gözlərində qəribə bir şey varıydı, deyəsən bu, ayrılıqdan doğan təəssüfüydü.

Bəlkə də o, an həyatımın ən böyük təəssüf hissini yaşadım...

***

Bakı eyni Bakıydı, necə qoyub getmişdimsə, eləcə tapdım.

Ancaq Tbilisidən fərqli olaraq Bakıda havalar çox isti keçirdi. Günəşin şüaları quduzlaşmışdılar, şəhər qır qazanı kimi qaynayırdı.

Amma tez keçdi, payız gəldi, havalar sərinləşdi.

Həyatımın bir adı varıydı – monotonluq. Hər gün işə gedir, bir-iki saat oturub evə qayıdırdım, görüləcək iş yoxuydu.

Başqa iş tapa bilmədiyimdən burda verilən qəpik-quruşa razı olmuşdum. Buna da ki, maaş demək olmazdı.

Gələcəyə dair heç bir ümid, perspektiv, işıq ucu yoxuydu.

Hərbi xidmətdə olarkən yeni həyat, çoxlu pul, işıqlı gələcək barədə o qədər şirin xəyallar qurmuşdum ki.

Tərxis olunandan sonra isə həyat yenidən mənə sərt üzünü göstərirdi.

Ruh düşkünlüyü, ümidsizlik, qaranlıq gələcək barədə fikirlər məni daha da bədbinləşdirir, tənbəlləşdirirdi.

Gün-gündən daha özünə qapalı, daha susqun, daha qüssəli olurdum.

Avtobuslara minir, avtobuslardan düşürdüm, metro basabaslarında əzilir, özümü eskalatorlardan çölə atırdım.

Bakının isti, ilıq, buludlu, yağışlı, leysanlı, küləkli, çovğunlu günlərində mən başımı aşağı salıb, səkilərdə, küçələrdə, meydanlarda, parklarda tək-tənha gəzirdim.

Başqa məşğuliyyətim yoxuydu, gəzinti mənim həyatdakı yeganə lüksüm idi.

Gecəylə, gündüzün arasındakı o əsrarəngiz vaxtda - dənizin üfüqündə günəşin doğduğu vaxt, zərif, ürkək şüaların Bayıl daxmalarının, köhnəlmiş gəmi cəsədlərinin, nimdaş binaların, yaraşıqlı göydələnlərin, təmtaraqlı otel damlarının üzərində əks olunduğu zamanda, mən həmişə Bakının küçələrindəydim.

Payız yağışlarının biraz səngidiyi, günəşin buludların arasından çölə çıxmaq üçün çırpındığı, dar küçələrin, qaldırımların, yarpaqlarını tökmüş skelet ağacların gümüşü rəngə boyandığı, bu heyrətamiz mənzərənin bir anlıq olduğunu anladığım, havanın qaralmasıyla ruhumun da qaralacağını sezdiyim vaxtlarda, mən də oralardaydım.

Gecələr köpək sürülərinin, zalım canilərin qaynaşdığı şəhərin ücra, qorxulu, zülmət künc bucaqlarında, uzaqdan insan kölgələrini sezdiyim, bir-birimizə yaxınlaşdıqca kölgələrin gözlərinə baxmaqdan qorxduğum, iki addım aralanandan sonra, soyuq, sərt bıçağı böyrəyimə saplayarlar deyə həyacan keçirdiyim, aralanandan sonra dərin bir ah çəkdiyim anlarda avaralanırdım.

Bakının dəbdəbəli mərkəzindəki təmtaraqlı restoranlarda, kafelərdə yemək yeyənlərə, pivə içənlərə baxan, üzüpudralı qlamur qızların, onların pula görə qucaqlarına atılmağa hazır olduqları “Xammerli” qaqaşların, şən-qayğısız, dünyadan xəbərsiz, bivec kütlənin yanından ötən, pulsuzluğuna görə özünə nifrət edən də məniydim.

Suyu süzülə-süzülə evinə qayıdan, sabah açılacaq səhərin digərlərindən heç də fərqlənməyəcəyini bilən, qutudakı son acı siqareti çəkib narahat bir yuxuya gedən də məniydim.

Amma içimdəki ümüdsizliyi dağıtmaq üçün dəlilər gibi dayanmadan gəzdiyim, küçələri, səkiləri, parkları, meydanları ayaq izlərimlə qabar elədiyim günlərdə ağlımda bir şey daha varıydı – aereportda gördüyüm gözəl qızın mavi gözləri.

Mən ona ilk baxışdan vurulmuşdum. O mənim kədərli, qüssəli günlərimdə tutuna biləcəyim yeganə dayaq idi...

Başımı aşağı salıb, dərvişlər kimi yolları ələk-vələk elədiyim avara günlərimdə onun xəyalı daima mənimləydi.

O, mavi gözləri bir daha görməyəcəyim üçün hüzünlənirdim.

Əvvəllər unutmamağın əzabını çəkirdim, onun xatirəsini başımdan silib atmaq, yeni həyata başlamaq üçün çabalayırdım.

Zaman keçdikcə isə onun uzun saçları, gözəl əndamı, üzünün cizgiləri xatirəmdən silinirdi. Bu zamanlarda isə unutmağın əzabını çəkirdim.

Onun üz cizgilərini xatırlamağa çalışır, hansısa uğur qazananda, o cizgini yaddaşıma əbədilik köçürmək üçün dəhşətli mübarizəyə atılırdım və hər dəfə də o mübarizədən məğlub ayrılırdım. Onun məndə qalan yeganə xatirəsi mavi gözləriydi, bilirdim ki, bir müddətdən sonra onu da itirəcəm, ondan mənə qalan yeganə şey, cizgilərini sezə bilmədiyim, dumanlı, qəribə bir xatirə olacaq.

***

Yaz gəldi.

Qaranlıq, depressiyalı qışdan sonra parlaq, işıqlı günlər başlamışdı.

Ofisdəki işlərimiz də çoxalmışdı, maaşım artmışdı.

Baharın gəlişiylə çox şey unudulmuşdu, həyata yenidən qucaq açmışdım.

Hər səhər tezdən oyanıb, yeni cücərməyə başlayan otların, ağacların çiçəklərini iyləyə-iyləyə işə gedirdim, gümrahıydım, sevincliydim.

Axşamlarsa xəfif küləyin ritminə uyğun rəqs edən, sırayla düzülmüş iri gövdəli akasiya ağaclarının yanından qayğısızca yellənə-yellənə şəhərə enirdim, dostlarla görüşürdüm, əylənirdik, deyirdik-gülürdük.

Hər şey mənim gözlədiyimdən də yaxşı gedirdi.

Belə günlərin birində rəhbərim mənə xəbər verdi ki, keçən ilki seminara yenə dəvət gəlib və qərara alınıb ki, təşkilatımızı yenə mən təmsil edim.

Bundan gözəl nə ola bilərdi ki...

Axşam evə gəldim və çoxdan etmədiyim bir işi gördüm – Tanrıya dua etdim və təşəkkür elədim. Uzun müddət ona küsülü olduğum üçün üzr istədim.

Qəribədir ki, Gürcüstana getmək məsələsi ortaya çıxan kimi, dərhal mavi gözlü qız, ilk dəfə onu necə görmüşdümsə, bütün varlığıyla, gözəlliyiylə təsəvvürümdə canlandı.

Mən onu unutduğumu düşünürdüm, uzun müddət onu unutmuşam deyə əzab da çəkmişdim. Son dəfə mavi gözlərini itirmişdim, ondan sonra da tapa bilməmişdim.

İndi isə o, yenidən mənim qarşımdaydı.

Səfərə bir həftə qalırdı, sevinirdim, Tbilisiyə yenidən təyyarəylə gedib-gələcəkdik.

Yenə aeroportda mavi gözlü qıza rast gəlim, onunla danışım, tanış olum deyə hər gün Tanrıya dua edirdim. İçimdə uzun bir sevinc səsi varıydı, amma həm də qorxurdum...

Gözlənilən gün yaxınlaşırdı. Şələ-şüləmi yığmışdım, artıq hər şey hazır idi. Bircə qalırdı ki, biletimi alıb aeroporta yollanım.

Axır ki, o gün də gəlib çatdı. Digər yoldaşlarla birlikdə aeroporta yollandıq. O qədər həyacanlıydım ki, mənə deyilən sözlərin heç birini eşitmirdim. Sanki xəyallarımın içərisində əriyib yox olmuşdum.

Tbilisi aeroportunda, gözlərim hədəqəsindən çıxmışdı, mavi gözlü qızı axtarırdım, hər yana, hər tərəfə boylanırdım.

Ürəyim elə döyünürdü ki, sanki mən özüm bütöv, yekə bir ürəyiydim.

Amma onu görə bilmədim. Kədərləndim, özümə təsəlli verdim ki, keçən dəfə də onu qayıdanda görmüşdüm.

Tbilisidə də havalar aydın, günəşli keçirdi. Seminardakı mənasız, çeynə-tüpür söhbətlərdən bezirdim, ancaq əlimə fürsət düşdükcə şəhərə cumurdum, gəzdikcə-gəzirdim. İçimdə qəribə bir hiss varıydı.

Bilirdim ki, bir-iki gündən sonra Tbilisini tərk edəcəm, amma şəhəri tərk etməklə-etməmək arasında çırpınırdım.

Tərk etmək istəyirdim ki, bəlkə aeroportda mavi gözlü qızı görə biləcəm, tərk etmək istəmirdim ki, birdən ona heç aeroportda da rast gəlmərəm.

İçim içimi yeyirdi.

Vaxt tez keçdi, bir-iki gün sonra, mən yenə Tbilisi aeroportundan geriyə - Bakıya yollanırdım. Hər şeyi gözə almışdım, yetər ki, onu görə bilim.

Mərhələ-mərhələ təyyarəyə yaxınlaşırdıq, amma “o” ortalarda yoxuydu.

Bütün ümidimi itirmişdim. Amma qəfildən, arxamdan mənə kiminsə gözünü zillədiyini hiss elədim. Dərhal arxaya çöndüm.

Uzaqdan durub mənə baxırdı. Sanki çıxılmaz bir labirintdə kor-koranə yolumu tapmışdım, ya da hansısa ilahi bir qüvvə mənə kömək etmişdi - çıxış oradaydı.

Onun arxadan mənə baxdığını da sanki, hansısa mələk çiynimə toxunaraq xəbər vermişdi.

Göz-gözə gəldik. Bir anlıq nə edəcəyimi bilmədim, donub qaldım.

Hiss elədim, o da gərginiydi.

Gözlərimə inanmırdım, bu müddət ərzində ola bilməzdi ki, o məni yadda saxlasın. Ola bilərmi ki, o da mənim çəkdiyim əzabları çəkib?..

Nə qədər vaxt keçdi bilmirəm. Əlim qəfildən cibimə getdi və barmaqlarımla kağız parçasını hiss elədim.

Ürkək addımlarla ona yaxınlaşdım və cibimdəki kağız parçasını çıxarıb ona uzatdım. Əvvəlcə təəccübləndi, qısa tərəddüddən sonra kağızı götürdü.

Üzümə baxdı, deyəsən gülümsədi, amma dəqiq bilmirəm, onun sifətindəki ifadə nəyi bildirirdi. Mən o ifadəni həyatımda birinci dəfəydi görürdüm.

Olanları böyük təəccüblə izləyən yoldaşlarım getmək üçün məni çağırdılar. Qəfildən ayıldım: “Write me please” dedim gülümsəyərək.

O da gülümsədi, amma təəccübdən heç nə deyə bilmədi.

Mən həyatımda heç zaman ayıqkən belə sərxoş olmamışdım...

***

Düz bir ay elektron poçtama heç bir məktub gəlmədi. İlahi, bu bir ay ərzində mən nələr yaşamadım?

Ona verdiyim kağız parçasında uzun-uzun ilk dəfə onu necə gördüyüm, hansı hissləri keçirdiyim, onun yoxluğunda necə əzablar çəkdiyim barədə yazmışdım.

Məktubun sonunda da elektron poçtamı verib, xahiş etmişdim ki, mənə yazsın. Amma bir ay ərzində o, heç nə yazmadı.

Bütün şairlərin yerinə şeirlər yazdım, bütün əzabkeşlərin yerinə əzab çəkdim, bütün gözləyənlərin yerinə gözlədim, həsrət çəkdim.

Başqa şeylər düşündüm – daha nəylə içimdəki dəhşətli enerjidən xilas ola bilərəm deyə, sxemlər, xəritələr çəkdim. Nafiləydi.

Gözləməkdən bütün varlığım tükəndi. Axırda hər şeydən bezib bir küncə çəkildim, həyatdan küsdüm. O mənə yazmırdı. Bütün çabalarım yetərsiziydi.

Bir ayın tamamında, özümə etiraf eləmək istəmədiyim ümidlə elektron poçtamı yenidən yoxladım. Məktub gəlmişdi.

Sakit, zərif cümlələrlə yazdığı məktubunda gec yazdığı üçün, əvvəlcə məndən üzr istəmişdi, mənasız bir hadisəni də gecikməyinin sübutu kimi göstərmişdi.

Yəqin ki, onun nə vatxsa qadın jurnallarının birindən oxuduğu “Kişilərdə necə maraq oyatmalı?” tipli məqalələr, mənim iztirablarımın əsas səbəkarı olmuşdu.

Amma yazmaq istəməsəydi, ümumiyyətlə yazmazdı, yazmışdısa da, ehtimalım məni daha da sevindirirdi.

Beləcə biz yazışmağa başladıq. Məni aeroportda görərkən həqiqətən tanıdığını etiraf elədi. Bunu da onunla izah elədi ki, guya, gördüyü bütün adamları yadda saxlayır.

Təbii ki, inanmadım.

Gözəl adı varıydı - Nino. İlk vaxtlar yalnız məktublaşırdıq.

Sonra isə çat proqramlarının birində canlı, görüntülü danışmağa başladıq. Az qala hər gün danışırdıq – hər şey barədə.

Mən onu sevdiyimi deyəndə, cingiltili səsiylə ucadan gülmüşdü.

Amma bu gülüş kinayəli gülüş yox, sevildiyini bilməkdən və sevincdən doğan klassik qadın gülüşüydü.

O, da mənim onun zövqünə uyğun olduğum, xarici görünüşümdən xoşu gəldiyi barədə aradabir bir neçə kəlmə yazırdı.

Mən də kompüterin qabağında dondurma kimi əriyib, suya dönüb, axıb gedirdim.

Zaman da axıb gedirdi. Artıq yayın qızmar çağıydı. Bakı yenə od tutub yanırdı.

Nino bir gün mənə yazdı ki, məzuniyyətə çıxır və tətil üçün Bakıya gəlmək istəyir.

Mən dəfələrlə Tbilisiyə gəlib onunla görüşmək istədiyim barədə yazsam da razılaşmamışdı. İndi isə o özü Bakıya gəlmək istəyirdi.

Yadımdadır ofisdəydim, sevincimdən var gücümlə qışqırıb, şıllaq atmışdım.

Bu hərəkətimə görə, daş dövründən qalma, eybəcər, hələ də “qız uşağı” olan yaşlı katibəmiz dişinin dibindən çıxanı mənə tərəf vızıldatmışdı.

Sevincimin həddi-hüdudu yoxuydu.

Nino iki gündən sonra Bakıda olacaqdı. Onu aeroportda qarşılamaq üçün nə qədər dil töksəmdə razılaşmadı, mənim səhər onu çirkin, yuxulu görməyimi istəmirmiş.

Bakıda yaşayan rəfiqəsi onu qarşılayacaqdı və Nino bir həftə boyunca rəfiqəsigildə qalacaqdı.

Belə qərara gəldik ki, gəldiyi gün o, rəfiqəsigildə biraz istirahət edəcək, axşamçağı hava sərinləyəndən sonra şəhərdə görüşəcəyik.

***
Sahil bağında görüşdük, rəfiqəsiylə birlikdə gəlmişdi.

Rəfiqəsi ağıllı qızıymış, qızı oğurlamayım deyə mənlə məzəli bir zarafat elədi, dərhal da çıxıb getdi.

Onunla baş-başa qaldıq, gülümsəyərək: “bu da mən” dedi. Nə cavab verəcəyimi bilmədim.

O qədər həyacanlıydım ki, dilim dişlərimə, əllərim ayaqlarıma dolaşmışdı.

Çox qısa bir yay donu geyinmişdi, düz, çılpaq ayaqları bayırdaydı, yupyumru döşlərinin incə cizgiləri, gözəl bədəni paltarının altından xəfifcə gözə çarpırdı.

Mavi gözləri işım-işım işıldayırdı.

“Nədi, o qədər yol qət edib bura gəlmişəm, mənlə heç danışmayacaqsan da?”-dedi işvəylə. Səfehcə bir-iki cümlə qırıldatdım.

“Çoxdan Bakını görmək istəyirdim, mənə şəhəri göstər” dedi qoluma girərək.

Birazdan dilim açıldı, monoloq dialoqa çevrildi. Nizami küçəsində, bulvarda, içərişəhərdə xeyli gəzişdik, ona şəhərin maraqlı yerlərini göstərdim, kafedə çay içdik.

Axşamsa rəfiqəsi gəldi, sabah yenə eyni vaxtda, eyni yerdə görüş təyin edib ayrıldıq.
Gecə sevincdən yata bilmədim.

Görüş vaxtının gəlib çatması üçün, hətta saniyələri saydım.

Ertəsi gün görüşdük. Yenə deyib gülürdü. Onda qəribə bir özəllik varıydı, qadınlıqla uşaqlıq arasındaydı sanki.

Həm qadın kimi təcrübəli, sözləri yerində, hökmlü, həm də uşaq kimi sadəlövh, şən, təcrübəsiz idi.

Mən ona heyranıydım sadəcə, həm də dəlicəsinə vurğun.

Xəzərin sahilində gəzişərkən, “Dənizə bax. Necə nəhəng, qorxulu, əsrarəngizdi.

Dənizin sahilində yaşamaq yəqin, xüsusi hisdi”-dedi. “Gürcüstanda da dəniz var, üstəlik Xəzərin sahilinə yaxınlaşanda, dənizin neftli üfunəti bütün gözəlliyi arxa plana atır” – mən dedim ağıllı-ağıllı. “Qara dəniz Tbilisinin sahilində deyil” dedi gülümsəyərək.

Əlləriylə gözlərimi qapatdı: “Qulaq as, dənizin musiqisinə. Məgər dalğaların, ləpələrin pıçıltısı musiqi deyil?”

Əllərini gözlərimdən endirərək “Dəniz xoşbəxtlikdi!” dedi, hələ də gülümsəyərək.

Xarici dilləri yaxşı bilməməyim, ingilis dilini rus dilinə qatıb danışmağım, dünya-aləmi bir-birinə qatmağım mənim yetərincə ağıllı, müdrik, hazırcavab görsənməyimə imkan vermirdi.

Özümə dünyanın bütün söyüşlərini, nifrinlərini yağdırırdım ki, niyə kütbeyinlik edib, indiyəcən bu dillərdən heç olmasa birini yaxşı öyrənməmişəm?!

Onun inci kimi gözəl, mənalı cümlələrinə, quru ağılla cavab vermişdim deyə peşman olmuşdum. Zorla gülümsəyərək, pərtliklə “düz deyirsən” dedim.

O da qoluma girib özünü mənə tərəf sıxdı, qulağıma pıçıldadı: ““İçərişəhər”ə gedək, ora da mənim xoşuma gəlir”.

“İçərişəhər”ə çatanda artıq qaranlıq çökmüşdü.

Köhnə şəhər indi mənə hər zamankından fərqli görsənirdi.

Fənərlərin işıqları qədim daşların, evlərin, qala divarlarının üzərinə düşüb mistik bir görüntü yaradırdı. Başımızın üstündəki səma tünd bənövşəyi rəngə çalırdı.

Qaranlıq dalanlarda, dar küçələrdə, tupiklərdə qol-qola gəzişirdik. İkimiz də susmuşduq. Hansısa anı gözləyirdik sanki. Yorulduq və bir yer tapıb oturduq.

O susqunuydu. Bu ana qədər bir neçə dəfə danışmağa cəhd etsəm də, söhbətlərimizin hamısı qısa alınmışdı.

Özümü yenə dialoq qura bilməməyimə, darıxdırıcı olmağıma görə söyüb-danlayırdım. Beləcə susub yan-yana oturmuşduq.

Qəfildən mənə sığındı, mavi gözlərini gözlərimə zillədi, üzü ifadəli.

Çaşdım, həyacanlandım, gözlərimi qaçırdıb - əks tərəfə baxdım, utancaqlığıma görə özümə nifrət elədim.

Çənəmi əliylə tutub, üzümü özü tərəfə döndərdi, gülümsədi. Qəfildən uzanıb dodaqlarımdan öpdü.

Dodaqlarının duzlu tamını, incə boğazının xoş qoxusunu duydum, öpüşdük. Aralandıq, biraz çaşqınlıqla qarşılıqlı gülüşdük, başını sevgiylə çiynimə yasladı: “deyəsən, mən də səni sevirəm” dedi.

Saçlarını uzun- uzun qoxladım, bu dəfə mən onu dodaqlarından öpdüm.

Qəfildən qəhqəhələr eşitdik. Biraz aralı oturmuş beş altı nəfər gənc bizə baxıb harayla anqırışırdı.

Yanımda oturan qız haqqında iyrənc sözlər danışıb, məni lağa qoyurdular. Hirsləndim. Nino əndişəylə, “artıq gedək burdan” dedi. Onu rəfiqəsigilə yola saldım.

Ertəsi görüşəndə, Nino rəfiqəsinin yanında əlimdən tutub, dodaqlarımdan öpdü. Rəfiqəsi mənalı-mənalı bizə baxıb: “ooo, görürəm işlər xeyli irəliləyib” dedi.

İkimiz yaxşı restoranların birinə gedib şam etdik, şəhərdə gəzdik, doya-doya öpüşdük, sonra yenə öpüşdük, sonra yenə öpüşdük.

Susadıq, bir şeylər içmək üçün kafelərin birinə gedirdik ki, yolda Nino məni saxladı, qarşıma keçdi, çaşqınlıqla: “nəsə olub?” soruşdum.

Gülümsəyə-gülümsəyə, naz-qəmzəylə, biraz da utanaraq: “Mənə bax, bir-iki günə Tbilisiyə qayıdıram, bəs sən məni öz evinə dəvət etməyəcəksən? Mənlə tək qalmaq istəmirsən?”, soruşdu.

Bir anlıq tutuldum, onun belə açıq danışacağını gözləmirdim. Bir neçə saniyə ərzində beynimdə milyonlarla səhnə canlandı.

Gülüb, dodağından öpdüm, yəni, hər şey aydındı. Əlimi çiyninə qoyub özümə tərəf çəkdim, o da əli belimdə, yolumuza davam etdik.

Yəqin ki, Nino mənim bu “hazırcavablığım”dan çox mütəəssir olmuşdu.

Bu sözləri birinci mənim yox, onun söyləməyə məcbur olması, mənim fövqaladə axmaqlığımın göstəricisiydi, amma məni əsas narahat edən məsələ başqaydı.

Onun gəlişiylə əlaqədar dostlardan xeyli borc götürmüşdüm, cibim pulla doluydu, amma indi ev tapmaq çox müşkül məsələydi.

Harda, kimin evində qala bilərik deyə fikrimdən onlarla ad, isim keçirdi, ancaq heç birisindən müsbət cavab ala bilmirdim.

Evimə ümumiyyətlə gedə bilməzdim, evdə bir batalyon arvad-uşaq varıydı.

Kafedə oturub kokteyl içən Nino elə hey danışırdı, mənsə ev hayındaydım. “Kimə zəng edim görəsən? Kimə?”

“Aha Fuad!”

Fuad mənim köhnə tanışımıydı, yatıb-durmaq məsələlərində proffessor, hətta akademik sayıla bilərdi.

Ninodan tualetə getmək üçün izn istədim. Dərhal professor tanışıma zəng elədim. Salamlaşdıq: “Fuad mənə təcili ev lazımdı, bilirsən də nəyə görə, mütləq lazımdı, mütləq, pulum çoxdu, ölüm-dirim məsələsidi!”.

Fuad telefonun o biri başında güldü: “A kişi, sakitləş, özünü ələ al... Problem deyil. Bir adam var, günlük ev kirayə verir, indi danışaram, problem olmaz, haqq-hesabı özünüz çəkərsiz”.

- Normal yer olsun ha...
- Bizimki deyilsən? Qardaşın sənə əla bir ev tapar, narahat olma. Amma xərcin biraz çox çıxacaq...
- Fuad, pul problem deyil, sən yetər ki...
- Beş dəqiqə gözlə, mən tanışımla danışım, məsələni həll edim, sonra sənə zəng edəcəm...
- Aha, gözləyirəm...

Heç iki dəqiqə keçməmiş Fuad zəng elədi. Ev kirayə verən tanışının nömrəsini verdi.

Ona zəng açdım. Qiyməti danışdıq. Evin ünvanını verdi, təhlükəsiz yer olduğu, açarı mənə harda verə biləcəyi barədə danışdı. Təşəkkür etdim, sağollaşdım.

Stola qayıdanda, Nino kokteylini içib bitirmişdi, məni gözləyirdi.

Üzr istəyib, yerimə keçdim.

Narahatıydım, evin ünvanını heç düz-əməlli bilmirdim, Nino duyuq düşər deyə qorxurdum. Kafedən çıxanda yenə mənalı-mənalı üzümə baxdı, danışmadan soruşdu sanki.

“Bu gecə birlikdəyik” dedim gülümsəyərək. Dodaqlarının arasından inci dişləri görsəndi, utanıb gözlərini qaçırdı, saçlarını geriyə atdı.

Biraz keçəndən sonra, “hələ gecəyə xeyli var, təcili rəfiqəmgilə getməliyəm, xırda bir işim var, sonra gəlib məni götürərsən, olarmı?” dedi.

Dərin bir ah çəkdim, gözlərimin önündə gecə köynəyi canlandı. Gedib evi yoxlamaq, açarları sahibindən götürmək üçün də əla fürsətiydi.

Onu yola saldım. Ev kirayəverənə zəng açdım, dediyi ünvanda görüşdük.

Fuadın dediyi qədər varıydı, ev həqiqətən çox gözəl və təmiziydi, şəhərdən də çox kənarda deyildi. Hər otağın, əşyaların yerini dəqiq öyrəndim.

Evi 2 günlüyə kirayələyib, pulu nəqd ödədim.

Əl-qolumu yellədə-yellədə, sevinclə Ninonı qarşılamağa getdim. Çalışdım ki, sakit görünüm, amma qorxurdum ki, xoşbəxtlikdən səsim tutular...

***


Nino təkcə makiyajını yeniləmişdi. Göz qapaqlarına qara rəngli ten sürtmüşdü.

Mavi gözləri indi mənə daha cazibədar baxırdı. Sakit görünürdü. Evə getməzdən öncə biraz gəzişmək istədi.

Küçələrdə adamlar azalmışdı, hamı öz guşəsinə çəkilmişdi. Elə bilirdim, nəhəng şəhərdə təkcə ikimiz qalmışıq.

Gözlərim onun gözəlliyinə taxılıb qalmışdı, ona baxdığımı gizlətməyə çalışırdım. İndi o, mənə hər zamankından daha qəşəng, cazibədar, füsunkar görsənirdi.

Belə bir qızla birazdan bir yataqda olacağıma inana bilmirdim. Göyün, yerin parçalanacağından, zəlzələ ehtimalından, dünyanın dağılacağından qorxurdum.

Dözməyib, yorulub-yorulmadığını soruşdum qayğıkeşliklə. “Gedək” dedi. Taksi tutduq.
Görməmiş kimi görsənmək istəmədiyimdən, evə girər-girməz üstünə tullanmadım.

Otaqlara, evdəki əşyalara baxdı uzun-uzun. “Nə gözəl evin var” dedi. Evin mənə aid olmadığını demək istədim, amma bunun elə bir əhəmiyyəti yoxuydu.

Yataq otağında belindən tutub özümə tərəf çəkdim, dodaqlarından öpməyə başladım. Gülə-gülə məndən aralandı.

“Tələsmə, məni burda beş dəqiqə gözlə, gəlirəm” dedi. Əl çantasını götürüb yan otağa keçdi.

Az keçməmiş cazibədar gecə köynəyində gəldi. Fiquralı bədəninə, dümdüz ayaqlarına, döşlərinə, boyun-boğazına baxdım heyranlıqla.

Dodaqlarımız bir-birinə pərçimləndi, nəfəslərimiz tıxandı, fısıltılar yayıldı otağa.

Köynəyimi dardıb çıxardı, şalvarımın kəmərini, düyməsini açdı öpüşə-öpüşə. Yatağa uzandıq, dodaqlarımız, dillərimiz bir-biriylə rəqs etdi, aramla öpüşdük, həyacandan tənəfüsümüz kəsildi.

Döşlərinin sərtləşmiş gilələrini əmdim, uzun boğazını, hamar qarnını, qasığını, ayaqlarını öpüşlərə qərq etdim, müşki-ənbər qoxuyan bədəni od tutub yandı, həzzdən qıvrıldı.

Dodaqlarına apardım dodaqlarımı, yenidən öpüşdük, içinə səyahət etdim. Sahillə sevişən coşğun dəniz dalğaları kimi bir gedib, bir gəldim, bir gəlib, bir getdim - dəfələrlə.

Dırnaqlarını astaca belimə batırdı, inildədi. Dünyanın ən gözəl, ən cazibədar, ən əsrarəngiz ilahəsi qoynumdaydı.

Qəribə bir həzz boşluğundaydım. Bədənlərimiz misilsiz bir sevgi ritualında, müqəddəsliyə qovuşmuş vəziyyətdəydi.

Ruhlarımız da göylərə ucalmışdı xoşbəxtlikdən. Dodaqlarımız sızıldayırdı öpüşmələrdən.

Bir boşaldıq, bir dolduq, bir yorulduq, bir dinləndik...

Amma qəfildən dəhşətli bir şey oldu. Sevişmə ritualımızın ən pik anında gurultulu bir səsdən ikimiz də dik atıldıq. “Bu nə səsdi?” dedi Nino qorxaraq.

Ardından bir qulaqbatırıcı səs daha. Evin qapısına kimsə var gücüylə zərbələr endirirdi, dəhşətli gurultu qopurdu.

Yataqdan qalxıb qapıya tərəf qaçdım. “Açın qapını, yoxsa qıracayıq, açın qapını”, kimsə var gücüylə qışqıraraq, qapını təpikləyirdi.

Qapının gözlüyüylə çölə baxdım, bir dəstə polis dayanmışdı.

Lopa bığ, donuz sifət birisi də qapını təpikləyirdi. İçimdə tükürpədici bir fəryad qopdu: “Ola bilməz, reyd!”.

Polis qapını təpikləyirdi, Nino qorxudan qışqıraraq: “Əli, nə baş verir, nə baş verir?” deyə qışqırırdı.

Qapının qabağında səfeh kimi, çıplaq vəziyyətdə dayanmışdım.

Sanki suyun altındaydım, Ninonın səsi, polislərin qışqırtıları mənə çox boğuq və uzaqlardan gəlirdi.

Ninoya tərəf baxdım, mələfəylə çılpaq bədənini örtüb, sual dolu mavi gözlərini mənə zilləmişdi. Bir söz deyə bildim ancaq: “Geyin”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG