Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

"Ən yeni ədəbiyyat" brendi kimindir?


(Mənbə: "Bizim yol")

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu yenicə fəaliyyətə başlayan “Ən yeni ədəbiyyat” saytına Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstək verməsinə etirazını bildirib.

Səbəb də bu adın rəhbərlik etdiyi “Qanun” Nəşrlər Evinə məxsus olmasıdır.

Mübahisəli faktla bağlı Ş.Xuduoğlu “Bizim Yol”a bildirdi ki, o, bu günlərdə “Ən yeni ədəbiyyat” saytının açılması barədə məlumat alıb:

“Öyrəndim ki, Rasim Qaraca saytın parolunu yazarlara paylayır ki, yazılarınızı saytda yerləşdirə bilərsiniz.

Əvvəlcə, baş verənlərin ciddiliyinə inanmadım. Hər bir adın müəllifi var, mən bu gün “Alatoran” nəşrləri buraxa bilmərəm, yaxud “adyazar” saytı aça bilmərəm.

Çünki bu işlərin müəllifi Rasim Qaracadır və onun ədəbiyyatdakı xidmətlərini danmıram.

Amma “Ən yeni ədəbiyyat” layihəsi bizimdir və uğurlu hesab olunur.

Belə bir nəşrlər seriyasına başlamaq istəyəndə yazar dostlara ad seçilməsi üçün təkliflərimi göndərdim. Müxtəlif adlar təklif olundu, amma vaxt az idi.

Çünki gənc yazar Aqşinin kitabını buraxırdıq, ancaq hansı seriyadan olacağı məlum deyildi.

Elə oldu ki, kitabın içi hazır olanda, dedim ki, üzərinə “Ən yeni ədəbiyyat” seriyasından yazın, vəssalam. Nəşr olunan kitablar da satılır və müzakirələr yaradır.

Əgər uğursuz layihə olsaydı, Rasim Qaraca da bu adda bir sayt açmazdı.

Şahbaz Xuduoğlu
Fikrim budur ki, şuradan dəstək alıb bur cür sayt açmaqdansa bu layihə əsasında “adyazar”ı genişləndirər, “Alatoran” jurnalının çapını intensivləşdirırdi.

Yəni yenidən bu adla sayt açmaq nə hüquqi, nə də etik baxımdan düz deyil.

Ona görə ki, hər işin bir sahibi var və hər bir seriyanın adına bir başqa layihə açıb ictimai fikirdə çaşqınlıq yaratmaq doğru iş deyil”.

Ş. Xuduoğlu dedi ki, o, əvvəlcə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət edəcək: «Çünki “Dövlət qeydiyyatı haqqında” qanuna əsasən hüquqi şəxsin bir adı olmalıdır. Bir ad müxtəlif qurumlara, layihələrə verilə bilməz.

Ona görə də əvvəlcə QHT Şurası qarşısında məsələ qaldıracağam”. R.Qaraca ilə bu barədə danışmadığını bildirən Ş.Xuduoğlu dedi ki, artıq Azadlıq Radiosunda bu barədə xəbər veriləndə bəziləri saytın da “Qanun” Nəşrlər Evinə aid olduğunu düşünür:

“Amma mənim saytdan heç xəbərim yoxdur. Əslində qarşı tərəf mənimlə bu barədə danışmalıydı.

Rasim bəyin 50 illiyində hədiyyə olaraq “Ən yeni ədəbiyyat” seriyasından kitabın buraxmışam.

Hətta kitab kifayət həcmdə olmadığından xahiş etmişəm ki, qəzetlərdəki yazılarını da təqdim etsin, təki normal kitab buraxaq.

Yəni bir naşir və insan olaraq gördüyüm iş bundan ibarətdir.

Ancaq üstündən 6 ay keçəndən sonra bu hərəkət nəinki cığallıq, etik normalara belə sığmır”.

Rasim Qaraca
Məsələ ilə bağlı Rasim Qaracaya müraciət etdik. Rasim Qaraca “Şahbaz bəylə bizim dostluğumuz var, yeni nəsil yazarların seriya kitablarının dərc olunması ideyasını da ona mən vermişəm” dedi və əlavə etdi ki, bu ideyaya ortaqdır:

«Bunu Şahbaz bəy daha öncələr özü də etiraf edirdi.

Layihə uğur qazanandan sonra ona təkbaşına sahiblənmək mənim açımdan mənasız işdir, önəmli olan ədəbiyyatın populyarlaşmasıdır.

“Şahbazın brendi” məncə bu saytın açılmasına görə heç bir zərər görmür, əksinə qazanır.

Çünki bu saytda yenə də Şahbaz və onun kitabları, o kitabların müəllifləri təbliğ olunacaq.

Mən bu saytı Şahbazla birgə başladığımız layihənin davamı kimi görürəm”.

Natiq CAVADLI
"Bizim yol"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG