Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Şokaladsız Afrika və optimizm fəlsəfəsi


Sahilə İbrahimova


ŞOKOLADSIZ AFRİKA VƏ OPTİMİZM FƏLSƏFƏSİ

(Esse)


Nənəm anamı dünyaya gətirib bətnindəki körpədən azad olanda Afrikada “Azadlıq ili” elan olundu.

Bu, keçən əsrin 60-cı ili idi. 17 koloniya birdən azadlığına qovuşdu, azad afrikalılar əllərindəki taxta silahları yerə qoyub inandılar ki, bu azadlıq onlara verilməyib, elə özləri qazanıblar.

Hərçənd ki, artıq əlli ildir ki, azad Afrika azadlığın gətirdiyi səfillikdən azad ola bilmir.

50 ildir ki, azadlığı üzlərinə, üzü göylərə baxan afrikalılar azadlıqları ilə tək-tənha sülh, çörək və ədalət istəyirlər.

Özü də hamısını üzü göyə baxa-baxa. Çörəyi təyyarələrdən tullanan müddəti ötmüş ərzaq dolu paketlərdən, ədaləti və sülhü şüuri inancımıza görə səmadan boylanan Allahdan gözləyirlər.

Yenə hərdən çörək tapılır, sülhün və ədalətin isə sözü söhbəti gəlsə də, özü gəlmir ki, gəlmir.

Əksər Afrika ölkəsində müstəqillik bərqərar olan ilk illərdə hakim çoxartiyalı sistem tezliklə təkpartiyalı ilə əvəz olundu.

Ayrı-ayrı ölkələrdə hakimiyyətə gələn hər yeni prezidentin ilk işi stadion tikdirməsi oldu.

Bir yerə də yığışdılar, mahnı da oxudular, bayram da elədilər afrikalılar. Uzaq ellərdən gələn professional fotoqraflar şəkillərini çəkib “Nyu York Times” a, “Washington Post” a da vurdular.

Bu şəkillərdən ən maraqlılarıdan biri Qana prezidendi zənci Kvame Nkrumanın İngiltərə kraliçası İİ Yelizaveta ilə çəkdirdiyi şəkillərdən biri oldu.

Prezident rəğbətlə, insanda mərhəmət doğuran təbəssümlə şahzadəyə baxır, şəklin altında şərh verilir:

“Prezident dəfələrlə Britaniya şahzadəsi ilə görüşmüş və ona valeh olmuşdur.”

Di gəl ki, bunların heç biri bütöv qitə boyu uzanan kakao plantasiyalarında işləyən, ən yaxşı halda Avropa tələbələrinin dissertasiya mövzularında ciddi-ciddi araşdırılan zəncilərin tünd-acı şokalad kimi tünd-acı bəxtlərini açmadı.

Kakao plantasiyalarında işləyən uşaqlar heç vaxt doyana qədər şokalad yemədilər, şokalad adlarını Avropa, Amerika telekanallarından yayımlanan reklamlardan öyrəndilər. Bu da onların alın yazısıdı...

Alın yazısına inananlara inansaq, biz dünyaya gəlməmişdən yazılan da yazılır, pozulan da pozulur.

Xəbərsiz-xəbərsiz özümüz yazacağımıza inanaraq mənasız qərarlarla bu dünyadan ya gəlib-gedirik, ya da keçib gedirik, doğrudan da cənnət-cəhənnəm varsa.

Hərçənd ki, mən sizi nə qədər məyus etsəm də, bu qismət məsələlərinə bir o qədər inanmıram.

Kimsə bir az sonra nə olacağına əmin deyil. Allah belə. Əks halda, bir az dərindən düşünsək, onun ədalətli obrazını ləkələmiş, beş dəqiqə sonra dünyada baş verəcək minlərlə haqsızlığın günahını adına yazmış olarıq.

Mən həmişə düşünmüşəm ki, o izləyicidir. Müəyyən həddə qədər müdaxilə etməmək üçün tövbəlidir. Yaradıcıdır, vəssəlam.

Qalanı bizim insafımıza, bacarığımıza, fərasətimizə qalıb.

Diffusionistlərə görə bu dünyada heç nə təkrarlanmır. İnsan var olan hər şeyin yaradıcısı yox, yalnız daşıyıcısı, davamçısıdır.

Belədirsə, hər yeni gələn insan yeni doğuluşu ilə əslində yarımçıq qalmış ömrün davamını yaşayır.

Bircə ömür var. Bir dənə. Biz dünyaya gələndə o ömrün davamını yaşayırıq.

Kimsə lap başdan başlamır və hər gələn yeni sakinin bundan sonra bu ömrü necə yaşayacağı bir müəmmadır. Allahın özü üçün də. Elədirsə, Afrika boyda dərdi olan ömrün nəyi xoşbəxtdi ki?

Tarix istənilən an oyunun qaydalarını poza, cığallıq edə bilir. Bizim vasitəmizlə.

Ona görə hər yeni doğuluşdan çevriliş umulur. Anam dünyaya gələndə, yəqin nənəm düşünüb ki, bu dünyanı düzəldənlər, heç olmasa onun dünyasını düzəldənlər arasında qızı da olacaq.

Mən də dünyaya gələndə anam düşünüb ki, yəqin bu qəhrəmanlığı elə mən eləyəcəm. Bəziləri deyir ki, mən onun ən maraqlı əsəriyəm.

Mənsə, bunların heç birinə iddia eləmirəm. Demirəm ki, varlığım heç nəyi dəyişmir.

Küçədə yatan kimsəsizin də varlığı yaşanan o bircə ömrü dəyişikliyə, yaxşı, ya pis, fərq etməz gələcəyə sürükləyənlər arasındadır.

Hamımız bu dünyanın kefini pozanlar və ya açanlar sırasındayıq. Sadəcə bacardığım qədər çalışıram ki, ömür sahibinin kefini pozmayım, ona artıq yük olmayım.

Onsuz da bu ömrün mənsiz də çəkiləsi çox dərdi var.

Biz bu ömrün elə bir mərhələsindəyik ki, indi Afrika az qala çörəksiz, sülhsüz, ədalətsiz azadlığından bezib, indi Amerika da ibrət dərslərini ətrafa boylana-boylana, tərəddüdlə verir.

Deməyim odur ki, kimsə kiməsə özündən böyük yük daşıtdırmaq istəməsin, özü də qəhrəmanlıq iddiasına düşüb, bacarmayanda bədbəxt görünüb, şikayətlənib hamımızın yaşadığı ortaq ömrü daha da yaşanmaz hala gətirməsin.

Hərə bacardığı qədər xoşbəxt olsun, kimisə xoşbəxt olmağa həvəsləndirsin, milyonlarla dərdi olan o tək ömür sahibinin işini yüngülləşdirsin.

Əlli il keçsə də, tələsmirəm, əməlli-başlı inanıram ki, bir gün gələcək, Afrika xammal verən ölkədən istehsal edən ölkəyə çevriləcək, səhərlər uşaqlar zehinləri güclü olsun deyə əllərində şokalad məktəbə tələsəcəklər.

Haşiyəyə çıxıram, bilirəm. Bir milyonluq qaçqını, küçələrində dilənçi uşaqları, işləmək istəyinə görə “sərbəst” damğası olan gəlinləri olan ölkənin yazanı bunları qoyub uzaq Afrikanın dərdini çəkirsə, cığallıq, edir, lap ağ eləyir, deyirlər.

Haqsız da deyillər. Sadəcə, Afrika əlli il həsrətində olduğu çörəyini, sülhünü, ədalətini qazanmış olanda, Azərbaycanda onsuz da hər şey çoxdan öz qaydasına düşmüş olacaq.

Bunlar özü olacaqsa, hər şey tarixin axarına, çox zaman bizdən asılı olmayan proseslərin inkişafına hesablanıbsa, eləməyə bizə nə qalır deyirsizsə, yaşayın getsin deyirəm.

Qəhrəmanlıq etməyə çalışmadan, bir gün qəhrəmanın gələcəyinə inanmadan.

Bircə şərt var. Özünüz üçün ədalət meyarı seçin. Məsələn, mən seçmişəm.

İndi kifayət qədər sevdiyim işim olsa da, həmişə istəmişəm ki, hər an rüşvət alma imkanım olan işim olsun və mən bu rüşvəti almayım.

Siz də buna oxşar meyarlar seçin, ona sadiq qalın və sidqi-ürəkdən inanın, söz düşəndə fəxarətlə deyin ki, bununla bayaq haqqında danışdığım davamını yaşamaq üçün doğulduğumuz o tək ömrü bədbəxt edənlər arasında siz yoxsunuz!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG