Keçid linkləri

Təcili xəbərlər

Ağılla anlaşmayan, arşın ilə ölçülməyən ölkə


Vaxt vardı ki, Rusiyadakı prosesləri diqqətlə izləyir və analiz edirdik. İndi bu maraq bir qədər səngiyib. Əslində bu heç də normal tendensiya deyil, çünki Rusiyanın Azərbaycan ətrafında və hətta onun daxilində cərəyan edən bəzi proseslərdə rolu heç də azalmayıb. Elə bu səbəbdən maraqların istiqaməti yenidən Rusiyaya doğru yönəlməlidir, ən azı ona görə ki, bu ölkədə bir neçə gün bundan əvvəl başlanmış növbəti etnik toqquşmalar hələ də səngimək bilmir. Hadisələrin yozumu çox maraqlı, hətta deyərdik ki, bir qədər tələsik nəticə və fərziyyələri üzə çıxarır. Post – sovet ölkələrinin intellektual elitası, xüsusən də siyasi analitiklər arasında «gizli sövdələşmə» və yaxud «sui–qəsd» nəzəriyyəsinə aludəçilik böyük olduğundan bu proselərin Rusiyanın yüksək siyasi elitası daxilindəki çəkişmələrin nəticəsi olduğu bildirilir və bir də burada hətta Baş nazir V. Putinin «izi» axtarılır. Amma belə nəticələr nə dərəcədə həqiqətəi əks etdirir?
Bu, bizim çox yaxşı tanıdığımız elə həmin Rusiyadır... – öz daxili ixtilafları ilə və daxili zorakılığı ilə..., dəyişən adlar, dekorlardır, pavilyon isə həmin pavilyondur...


MÜXTƏLİF KAYUTLARDA, AMMA BİR GƏMİDƏ

«Putin izi» ən az ehtimal olunan fərziyyələrdən biridir. Söz yox, ki, Baş nazir ilə prezident arasında böyük çəkişmə var, Baş nazir vaxtının çoxunu özünü yenidən təqdim etməyə və siyasi imicini artırmağa həsr edir. Amma Putin ilə Medvedev eyni kayutları bölüşməsələr də eyni bir gəminin sərnişinləri olaraq qalırlar. Üstəlik, tutduğu post Putini məsuliyyətdən kənarda qoymur, ölkədə baş verən hər hansı qarışıqlıq üçün o, prezident Medvedevdən heç də az məsuliyyət və cavabdehlik daşımır. Bəs onda problem nədədir?

«MİLLƏTLƏR XİLASKARI» MİLLİ TOQQUŞMALARIN CƏNGİNDƏ

Rusiyanı tərənnüm etmək həmişə dəbdə olub. N. Berdyayevdən başlamış bu günə qədər bütün filosoflar böyük imperiyanı «millətlər xilaskarı», «azadlıq imperiyası» tək səciyyələndirmişlər. Hətta günümüzdə də bu dövləti «liberal imperiya» adlandıranlar ( A. Çubays) var. Amma reallıq nə deyir? İndi baş verən hadisələr bu epitetlərlə ziddiyyət təşkil etmirmi? Bəlkə də yox, çünki deyilənlər bir dekorasiyadır, mahiyyət isə həmişə başqa cür olub. Məzmun və mahiyyət budur ki, istər Rusiyanın xaricində, istərsə də daxilində həmişə millətlərin savaşı gedib. Hazırda Rusiya Şimali Qafqazda müharibə aparır. Bunu xatırlayandan sonra bu gün baş verənlərə təəccüblənməyə dəyərmi? Ən azı son on beş ildə «Qafqaz mənşəli insanlar» Rusiyada ən neqativ bir məna daşıyan ifadə olub. Məgər bu, bu gün baş verən proseslərə aydınlıq gətirmirmi? Rus milliyyətçiləri və «qırxıq başlar» - bunlar da çox tez – tez eşitdiyimiz adlardır və bu adlar son on beş ildə daha çox etnik zəmində baş verən toqquşmalarda yaranıb və məşhurlaşıb. Bütün bunlardan sonra indi cərəyan edən hadisələrdə başqa bir «iz» axtarmağa dəyərmi? Bəli, bu, bizim çox yaxşı tanıdığımız elə həmin Rusiyadır... – öz daxili ixtilafları ilə və daxili zorakılığı ilə..., dəyişən adlar, dekorlardır, pavilyon isə həmin pavilyondur...

DEMOKRATLAR BİRLƏŞDİLƏR. SONRA?...

V. Putinin əsas günahı odur ki, onun ölkəyə gətirdiyi bu stabillik bir gün çat verməli idi. O, nə etmişdi? Sadəcə, Rusiyanı tam susdurmuşdu – partiyaları, medianı, qeyri – hökumət təşkilatlarını, bəli, hamısını susdurmuşdu. Təbii ki, bir gün Rusiya dil açıb danışmalı idi. Bunun baş verdiyini güman etmək hələ tezdir. İndi demokratlar birləşirlər. Düzdür, mən adlar arasında ancaq Nemtsovu və bir də Kasyanovu tanıdım. Amma bu da hadisədir. Rus liberalı Yeqor Qaydar vəfat edib, Sobçak dünyasını dəyişib, Popov özünün arxiv institutuna qayıdıb – Rusiya demokratiyası bu gün adlar baxımından elə də cəlbedici görünmür. Hətta Yavlinskidən soraq yoxdur. A.Çubaysa gəldikdə isə onun işləri indiki hakimiyyətlə də pis gətirmir... Ona görə də mən güman etmirəm ki, demokratların birləşməsi Rusiyaya böyük dəyişikliklər vəd edir. Demokratlar sadəcə, Medvedevə Putinin kölgəsindən çıxmağa kömək edə bilərlər. İndiki halda heç bu da az iş deyil, çünki Medvedev çox cəhd edir ki, ölkədə siyasi islahatlara təkan versin, məhz o, öz ölkəsini «hüquqi nihilizm ölkəsi» adlandıran azsaylı prezidentlərdəndir. Amma «ağıl ilə anlaşmayan, arşın ilə ölçülməyən ölkə»də nəyisə proqnozlaşdırmaq mümkündürmü?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG