Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

Şərurda aclıq aksiyası...


Şərur rayon Püsyan kənd sakinləri - müsavatçı Çapay Əliyev, onun qohumları Rəxşəndə Tağıyeva, Gülarə Əliyeva, Balaxanım Əliyeva dekabrin 16-dan aclıq aksiyasına başlayıblar. Çapay Əliyev və qohumları dekabrın 10-da onları Şərur rayon polis şöbəsinin əməkdaşlarının döydüklərini iddia edirlər. Bu iddiada həmçinin qeyd edilirdi ki, polis Çapay Əliyevin həyatyanı sahəsindəki magazasını və evinin bir hissəsini buldozerlərin köməyi ilə uçurub. Bu zaman həm magazanın əmlakı, həm də qış üçün saxladıqları qida məhsullarını müsadirə ediblər.

Aclıq aksiyasına bir çox tələblə başladıqlarını deyən Balaxanım Əliyevanın sözlərinə görə, onların əsas tələbi xəsarət alanların təcili müalcə olunması üçün Bakıya, yaxud, Türkiyəyə aparılmasına imkan yaradılmasıdır:

“Püsyan kəndinin giriş-çıxışı və yaşadığımız evin ətrafı polislər tərəfindən mühasirəyə alınıb. Bir həftədir müraciət etmədiyimiz həkim qalmayıb. Heç kim bizə tibbi yardım göstərmir. Ona görə də biz Naxçıvan həkimlərindən imtina edirik. Tələb edirik ki, polislər yolumuzu açsın, xəstələrimizi başqa yerə müalicəyə aparaq” .

Bundan başqa, hadisənin obyektiv araşdırılmasını və onlara xəsarət yetirən polis əməkdaşlarının cəzalandırılmasını istədiklərini deyən Balaxanım Əliyeva bildirir ki, tələbləri yerinə yetirilənə qədər aclıq aksiyasını davam etdirmək niyyətindədirlər:

VASİF TALIBOVLA GÖRÜŞMƏK İSTƏYİRİK

“Tələblərimizdən biri də Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun bizi qəbul etməsidi. Bəlkə, onun hadisədən xəbəri yoxdu? Bəlkə, hadisəni öyrənib, bizə yardım edəcək, polisləri cəzalandıracaq?”.

Balaxanım Əliyeva onu da bildirir ki, Çapay Əliyevin vəziyyəti artıq kritik həddə çatıb:

“Çapay özündə deyil. Artıq ümidimizi üzmüşük. Ona təcili müalicə lazımdı”.

Halbuki, hadisədən dərhal sonra adıçəkilən şəxsləri müayinə edən Şərur rayon xəstəxanasının təcili yardım şöbəsinin feldşeri Tofiq Cabbarov AzadlıqRadiosuna bildirmişdi ki, vəziyyətləri normal olduğundan onları xəstəxanaya
aparmağa ehtiyac yoxdur.

NÜMAYNDƏLİK ƏVVƏLKİ MƏLUMATI YADA SALIR

Məsələyə münasibət öyrənmək üçün Naxçıvanın Bakıdakı Nümayəndəliyi ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, bu məsələ haqda nümayəndəlik bir neçə gün oncə məlumat yayıb.

Numayəndəliyin dekabrın 14-də yaydığı məlumatda Çapay Əliyev və onun qohumlarının döyülməsi faktı təkzib olunurdu. Məlumatda deyilirdi:

“Çapay Əliyev həyətyanı sahəsindəki sanitar qaydalara cavab verməyən tikilidə qeyri-qanuni ticarətlə məşğul olub. Çapay Əliyevə bir neçə dəfə xəbərdarlıq edilib, qeydiyyatdan keçmək üçün Vergilər İdarəsinə dəvət olunub. Xəbərdarlıqlara məhəl qoymayan, qanunsuz fəaliyyətini davam etdirən Çapay Əliyev və onun ailə üzvləri faktı araşdırmaq üçün mağaza yerləşən əraziyə gedən müvafiq orqanların nümayəndələrinə qarşı aqressivlik göstərərək onlara fiziki müqavimət göstərib, əllərindəki daş parçasıyla əraziyə yaxınlaşmağa imkan verməyiblər”.

NAXÇIVAN DİN-İ SUSUR

Məlumatda daha sonra deyilirdi ki, öz vəzifəsini yerinə yetirən polis əməkdaşları asayişi bərpa ediblər: “Çapay Əliyevin və ətrafındakı qadınların döyülməsi faktı isə yalan və böhtandır”.

Ancaq kəndi polislərin mühasirədə saxlaması və xəsarət almış kənd sakinlərinin aclığa başlamasıyla bağlı deyilənlərə isə nümayəndəlik açıqlama vermək istəmədi.

Məsələyə münasibət öyrənmək istədiyimiz Naxçıvan Muxtar Republikası Daxili İşlər Nazirliyindən də suallarımıza cavab verən olmadı. Oradan sualmızı eşidən kimi telefonun dəstəyini asdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG