Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14
Lənkəranda yaşayan Akim Muradov AzadlıqRadiosunun “Qaynar xət”tinə şikayət edib ki, iki il əvvəl ona saxta yolla obyekt satılıb. Bu obyektə görə o, 185.700 ABŞ dolları və 10.000 manat ödəyib. Sonradan Muradova məlum olub ki, həmin obyekti 2006-cı ildə keçmiş sahibi Bəxtiyar Mirzəyev “Unibank”dan aldığı kredit əvəzində girov qoyubmuş.

Akim Muradov deyir ki, Bəxtiyar Mirzəyev krediti vaxtlı-vaxtında ödəmədiyinə görə mülk bankın hesabına keçib və bank tərəfindən başqa şəxslərə satılıb. Üstəlik, şikayətçi qeyd edir ki, Bəxtiyar Mirzəyev ona obyekti bu proseslərdən sonra saxta sənədlərlə satıb. Akim Muradov bundan ərazidə söküntü işləri apararkən xəbər tutub:

“PULUMU TƏLƏB EDİRƏM, MƏNİ HƏBSLƏ HƏDƏLƏYİRLƏR”

- Şikayətim Lənkəran şəhər Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi işləyən Səadət Qəmbərovdan, onun himayə etdiyi bir neçə şəxsdən, bir də Bəxtiyar Mirzəyevdəndir. Onlar birləşərək mənim külli miqdarda pulumu ələ keçiriblər. Məni həbslə, ölümlə hədələyirlər, pulu qaytarmaq istəmirlər. Lənkəranda keçmiş “Raypo”nun binası vardı, Bəxtiyar Mirzəyevdən həmin binanı almaq istəyirdim. Dedilər ki, bina özəlləşib, ancaq torpaq özəlləşməyib. Məndən əvvəlcədən 200 min manat pul aldılar ki, guya torpağı özəlləşdirəcəklər. Başladım ərazidə iş görməyə, bank işçiləri gəldilər, soruşdular burda nə edirsən, dedim obyekti almışam. Dedilər ki, Bəxtiyar Mirzəyev bu obyekti bizdə girov qoyub, pul götürüb, pulu qaytarmadığına görə girovda olan bu əmlakı başqasına satmışıq. Onda xəbər tutdum ki, Bəxtiyar Mirzəyev həmin obyekti 2006-cı ildə bankda girov qoyub, bankın pulunu qaytarmadığına görə bank həmin obyekti başqasına satıbmış. Mən pulumu geri tələb edəndə vermədilər, hədə-qorxu gəldilər.

TƏHQİQAT ŞÖBƏSİNİN RƏİSİ İTTİHAM OLUNUR

Akim Muradov deyir ki, adlarını çəkdiyi şəxslərin hərəkətlərindən Daxili İşlər Nazirliyinə və digər qurumlara şikayətlər göndərəndən sonra Daxili İşlər Nazirliyinin əməkdaşları onun şikayətlərini araşdırmaq üçün Lənkəran şəhər Polis Şöbəsinə göndəriliblər. Ancaq şöbənin təhqiqat bölməsinin rəisi Səadət Qəmbərov ona nazirlik əməkdaşları ilə görüşməyə imkan verməyib:

-
"DİN-dən gələn işçilərlə görüşməyə imkan vermədilər"
Cinayət-axtarış şöbəsinin rəis müavini zəng etdi ki, səni şöbədə gözləyirlər, yoxlama gəlib, izahat verməlisən. Polis şöbəsinə gələndə gördüm təhqiqat şöbəsinin rəisi işləyən Səadət Qəmbərov idarənin qapısında dayanıb. Məni kənara çəkdi, dedi, gəliblər, birdən əleyhimizə izahat yazarsan, sonra sənə pis olar. Mənə Bakıdan gələn nazirlik işçiləri ilə görüşməyə imkan vermədi.

“İNDİ HEÇ VALİDEYN ÖZ UŞAĞINA CAVABDEH DEYİL”

Lənkəran şəhər Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Səadət Qəmbərov Akim Muradovun ittihamları ilə razılaşmır:

- Akim Muradov azaddır, sözünü deyə bilər. Mən ona izah etmişəm ki, mənim, yaxud digər polis əməkdaşının hərəkətlərindən şikayəti varsa, şikayətlərini davam etdirə bilər. Hamımızın marağında olub ki, gəlsin istəyinə uyğun izahat yazsın.

- Onun nə marağı ola bilər ki, bu işlərdə məhz sizin adınızı çəksin?

- Onun marağı ancaq bunda ola bilər ki, maddi durumu çox pisdir, pul borcu ilə bağlı narazılığı var. Həmin narazılığın isə nəinki mənə, ümumiyyətlə Lənkəran şəhər Polis Şöbəsinə aidiyyəti yoxdur. Mən heç kimə cavabdeh deyiləm, onun şikayət etdiyi şəxs mənim uzaq qohumumdur, indi heç valideyn öz doğma uşağına cavabdeh deyil. Akim Muradova indi də deyirəm, get, əlləş, vuruş, haqqını tələb et.

QARŞILIQLI İDDİALAR


Akim Muradov aldadılması ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edib. Məhkəmə qərar çıxarıb ki, Akim Muradovun 185.700 dollar və 10 min manat məbləğində pulu ona qaytarılmalıdır. Yuxarı instansiya məhkəmələri də Lənkəran şəhər Məhkəməsinin bu qətnaməsini qüvvəsində saxlayıb. Obyektin keçmiş sahibi Bəxtiyar Mirzəyev məsələyə belə münasibət bildirdi:

- Həmin obyekti “Unibank”da girov qoymuşam, 5 illiyə kredit pul götürmüşəm. Əvvəllər vaxtlı-vaxtında pulunu ödəyirdim, sonradan maddi vəziyyətim pisləşdi, gördüm ki, krediti ödəyə bilmirəm, obyekti satışa çıxartdım. Obyekt başqaları kimi Akim Muradova da təklif olunub və deyilib ki, əmlak bankda girovdadır. O da razılaşdı, 4 ayın kreditini də ödədi, sonradan krediti dayandırdı. İndi mən ona qarşı Lənkəran məhkəməsində iddia qaldırmışam ki, o, hamımızı aldadıb. Əmlakımı ala bilmədiyinə görə və banka pul ödəmədiyinə görə, bank əmlakımı satıb. İndi o mənə 290.000 manat pul verməlidir. Mənim əlimdən o boyda əmlakım gedib. Obyektimi sökdüyünə görə mən onu heç kimə sata bilmədim, ağacları, pəncərələri, qapıları çıxartdı satdı, əmlakı dağıtdı. Bank da əmlakımı dəyər-dəyməzinə başqasına satdı. 500 min manatlıq obyektim cəmi 170 min manata satıldı.

İŞSİZ-GÜCSÜZ İŞ ADAMI

Bəxtiyar Mirzəyev əmlakının bank tərəfindən təqribən 6-7 ay əvvəl satıldığını desə də, məhkəmə qərarlarında göstərilir ki, sözü gedən mübahisəli obyekt 2006-cı ildə satılıb.

Akim Muradov deyir ki, əvvəllər özünün evtikmə şirkəti olub və bina tikib satmaqla məşğul imiş. Bəxtiyar Mirzəyevdən aldığı obyektin də yerində 5 mərtəbəli bina tikmək istəyirmiş. Ancaq aldadılaraq qəpiyinə kimi müflisləşdirildiyindən indi nə bina tikməyə, nə də şirkət saxlamağa imkanı var. İşsiz-gücsüz oturub məhkəmə qərarları ilə ona qaytarılmalı olan pulların nə zaman veriləcəyini gözləyir.

DİNLƏYİN

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG