Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Macar itləri və Bakının elit cocuqları


Sabir Rüstəmxanlı Azadlıq Radiosunun Bakı studiyasında

Sabir Rüstəmxanlı Azadlıq Radiosunun Bakı studiyasında

Sabir RÜSTƏMXANLI

Budapeştdə “Cavad xan” filminin nümayişindən sonra İlham adlı bir eloğlumuz bizi evinə qonaq çağırmışdı.

Atilla küçəsində yeganə yaşıl boyadılmış evdi... “Axtaran rəngi görən kimi burda müsəlman yaşadığını biləcək” deyir...

Alaqapı açılır, arabasını həyətə sürüb söndürür, ancaq qapıları açıb düşmürük, iki bəslənmiş it gözlərini qapılara zilləyib maşının böyründə çöməlib.

Ev sahibəsinin səsi eşidilir “Luç! Qaraca! Olmaz! Keçin yerinizə!” “İndi ağacı alaram əlimə!” İtlər səssizcə quyruqlarını qısıb evin arxasına keçirlər.

İlham gülür. “Görürsünüz itlərimizə də Azərbaycan dilini öyrətmişik!”

Qonaq olduğumuz müddətcə itləri müşahidə etdim. Doğrudan da onların anladıqları bir dil vardı. O da bizim dilimiz.

Ev sahibləri macar itləriylə öz ana dillərində danışırdılar!..

Yoldaşlarımızdan biri müqayisə üçün bir gün öncə görüşdüyümüz başqa bir ailəni xatırlatdı.

Ər – azərbaycanlı, özü də son dərəcə fəal, istiqanlı bir adam, həyat yoldaşı macar qızı, iki igid oğulları var, evlənmək yaşlarına çatıblar...

Ata olan Allah bəndəsi öz belindən gələn bir cüt qartal balasına öz ana dilində “Otur!”, “Dur!”, “Olmaz!”, “Çəkil!” sözləri bir yana, heç olmazsa, salamlaşmağı öyrətməyib.

Fikrləşdim ki, burası Macarıstandır.

Uşaq burda doğulub, burda böyüyüb, anası macar, atasının onlarla məşğul olmağa vaxtı olmayıb və s. Bəlkə də onu, onları anlamaq olar.

Bu, dərd deyil! Dərd Bakıda – Müstəqil Azərbaycan Respublikasındakıların naxələfliyidir.

Dərd Azərbaycan dilini macar itləri qədər bilməyən azərbaycanlılardır.

Belələrinə çox rast gəlmişəm. 15-20 yaşında Bakıdan gedib, ana dilində iki kəlmə söz bilmir.

Sovet dövründə Bakı kosmopolit bir şəhərdi və uydurma “Bakı milləti” deyilən bir qurama, yığma, kimliyi bəlli olmayan təbəqə vardı.

Bəs indi?

Bu günlərdə dəftərxana ləvazimatı satılan dükanlardan birinə girmişdim.

Gənc bir ana dəftər-qələmə baxa-baxa uşağıyla söhbətləşirdi. Rusca!.. Buna təəccüblənmədim. Öyrəşmişik. Ancaq...

Ana bir az uzaqlaşan kimi uşaqdan soruşdum: “Azərbaycanlısan?” “Hə” dedi. “Bəs azərbaycanca niyə bilmirsən?” “Mən rus məktəbində oxuyuram”. “Rus məktəbində oxuyanda nə olar, belə yerlərdə, ananla ana dilində niyə danışmırsan!” 4 ya 5-ci sinifdə oxuyan bu uşaq gözünü gözümə zilləyib bu sahədə xüsusi təlim görmüşcəsinə “mən azərbaycanca danışmağı sevmirəm!” dedi.

Ayağım yerə yapışdı. Başını sığallayıb “Xoşbəxt ol, bala!” – dedim. Başqa nə deyə bilərdim ki! Onun nə günahı.

Amma ürəyimdə “Südünə lənət!” – deyib, bizə yaxınlaşan anasının üzündəki donuq ifadəyə baxıb keçdim.

Brüsseldə itləriylə azərbaycanca danışan ailənin qonağı olarkən Bakıda öz övladlarına ana dillərini öyrətmək bir yana, başlarına dəysin, bu dilə nifrət aşılayan ailələri düşünürdüm.

Neçənci dəfədir yazıram bu barədə...Bizim məmurlarımızın böyük bir hissəsi bu vətənin vəzifələrinə yiyələnirlər, onun nazı-nemətləriylə yaşayırlar, amma evlərində bir rus ruhu hakimdir, uşaqları rus məktəbində oxuyur, ana dilini bilmir, üstəlik küçə-bazarda da dövlət dilinə həqarətlə, anqıra-anqıra, kənar bir dövlətin dilində danışmaqdan zövq alırlar.

Bu vəziyyət hər gün yüzlərlə vətandaşın əsəblərini tarıma çəkir.

Azərbaycanın çörəyini yeyib onun dilinə, mədəniyyətinə bu qədər biganə olmağın adı nədir?

Gedin girin nazirliklərə, məsələn xalqla ən yaxın olmalı olan humanitar nazirliklərə görün otaqların neçəsindən ana dilində danışıq eşidəcəksiniz?

Bu nə fəlakətdir, hörmətli vəzifə sahibləri? Siz bu milləti, onun dilini sevmirsinizsə, onun rəsmi idarələrində şellənə-şellənə, xalqa üstən aşağı baxa-baxa hansı vətəndaşlıqdan və dövlətə hansı sayqıdan, etibardan, sədaqətdən danışa bilərsiniz?

Daha acı bir mənzərə. Şəhidlər xiyabanında “ubeyte etix turkov” deyən rus-sovet işğalçılarının qurşununa sinə gərmiş, tanklarının tırtılları altında qalmış şəhidlərin məzarları başında eynilə o canilərin ədasına bənzər bir ədayla yad dildə danışanların görəndə biqeyrətliyin dərəcəsi adamı dəli edir.

İyirmi il öncə Azadlıq meydanından Şəhidlər Xiyabanına axan insan selini görəndə bu insanları millətə bu faciəni yaşadanların dilində bir daha kəlmə kəsməz deyirdim.

Unutduq. Çox tez unutduq. Bu dili yenə ikinci ana dilinə çevirdilər. On minlərlə uşağımız yenə bu dildə oxuyur.

Kimsə rus dilini öyrənməyin əleyhinə deyil.

Amma Bakının restoranlarında menyuların çoxunu yenə ingilis və rus dilində görəndə, şəhəri bəzəyən reklamların arasında dilimizin yazıq günə qoyulub sıxışdırıldığını görəndə düşünürsən: min bir zillətlə qazanılmış müstəqillik belə olmalıdırmı?

Müstəqil dövlətdə vəzifə sahibi ola-ola yad dildə danışmaq da mənəvi casusluğun, rusa, erməniyə satqınlığın bir növüdür...

525-ci qəzet

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG