Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52
Milli Televiziya və Radio Şurası (MTRŞ) praym-vaxtda intim görüntülər yayan “Lider” televiziyasına indiyə qədər heç bir rəsmi xəbərdarlıq etməyib.

Bunu AzadlıqRadiosuna müsahibəsində MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, onlar sadəcə televiziya ilə danışıblar və problem aradan qaldırılıb.


“Lider” televiziyası bu ilin oktyabrında “Azadlıq” qəzetinin sabiq direktoru Azər Əhmədovun bir qadınla intim görüntülərini yayanda AzadlıqRadiosu Nuşirəvan Məhərrəmliyə müraciət edib məsələyə münasibətini soruşmuşdu. Məhərrəmli demişdi ki, həmin görüntüyə baxmayıb və yalnız baxandan sonra münasibət bildirəcək.

AzadlıqRadiosu dekabrın 13-də yenidən N.Məhərrəmliyə müraciət edib məsələnin Şurada müzakirə olunub-olunmadığı ilə maraqlanıb.

Nuşirəvan Məhərrəmli bildirib ki, Şuranın bu kimi hallarla bağlı xəbərdarlıq etmək səlahiyyəti olsa da, onlar bu səlahiyyətdən istifadə etməyiblər. Sadəcə, televiziya ilə danışılıb ki, bir daha bu kimi görüntüləri yaymasınlar.

TELERADİO ŞURASI BİR QƏRAR QƏBUL ETMƏLİ İDİ

Nuşirəvan Məhərrəmli baş verənləri məhkəmə predmeti sayır və hesab edir ki, bu, hüquq-mühafizə orqanları ilə bağlı bir şeydir.

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, bu, hansısa bir neçə saniyəlik texniki səhv deyil ki, şifahi şəkildə həll edilsin. Hüquqşünas baş verənləri geniş hüquq pozuntusu sayır və deyir ki, Teleradio Şurası həmin görüntü ilə bağlı bir qərar qəbul etməli idi:

Ələsgər Məmmədli
“Mediada yayılan məsələ onların müzakirəsi üçün bir əsasdır. Və bunu əsas götürüb, müzakirə edib Teleradio Şurasının bir qərarını qəbul etməli idilər”.

Qaldı ki, məsələnin məhkəmə predmeti olması ilə bağlı deyilənlərə, Ələsgər Məmmədli bildirir ki, “Teleradio haqqında” Qanuna və Cinayət Məcəlləsinin müvafiq bəndlərinə görə, pornoqrafik görüntülər yaydığına görə televiziyaya qarşı cinayət işi başlanmalı idi. Hüquqşünasa görə, bu addımı ilk olaraq prokurorluq orqanları atmalı idi.

“REFERENDUMA O QƏDƏR PUL XƏRCLƏMƏYİN NƏ MƏNASI VAR İDİ?”

Teletənqidçi Zeynal Məmmədli də Teleradio Şurasının məsələyə yanaşması ilə razılaşmır. Deyir ki, əgər MTRŞ öz səlahiyyəti çərçivəsində bir məsələyə baxırsa, konkret qurumlarla yanaşı ictimaiyyəti də məlumatlandırmağa borcludur:

Zeynal Məmmədli
“Üstəlik, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilib, şəxsi həyata müdaxilə ilə bağlı. Belə asanlıqla pozulacaqdısa, onda referenduma o qədər pul xərcləməyin nə mənası var idi?”.

Zeynal Məmmədli MTRŞ-ın efirdəki qanun pozuntusu ilə bağlı hansısa qərar qəbul etməməsinin səbəbini bu qurumun yeni yaranması ilə izah edir:

“Birincisi, bu qurum yumşaq desək yetərincə müstəqil deyil, digər tərəfdən də siyasi və administrativ basqılar olduğu üçün bu addımı ata bilməyib”.

PROKURORLUQ MƏSƏLƏNİ DİN-İN SƏLAHİYYƏTİNƏ AİD EDİR

Məsələnin məhkəmə predmeti olması ilə bağlı deyilənlərə gəlincə, Baş Prokurorluqda hesab edirlər ki, bu, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələdir.
DİN onlara müraciət olunmadğını bildirir
Daxili İşlər Nazirliyində isə hesab edirlər ki, həmin görüntülərlə bağlı nazirliyə şikayət daxil olmadığından bu məsələ ilə bağlı hər hansı addım atılmayıb:

“Bizə heç bir vətəndaş tərəfindən müraciət olunmayıb”.

“Azadlıq” qəzetinin sabiq direktoru Azər Əhmədovla bağlı videogörüntü bu il oktyabrın 25-də “Lider” TV-də xəbərlərin axşam saat 19 buraxılışında efirə gedib. Həmin video üzərində gedən mətndə ölkə müxalifətinin ünvanına aşağılayıcı ifadələr səsləndirilib. “Lider” TV məsələyə əlavə şərh verməyib.

Bir müddət sonra televiziyanın həmin şərhi səsləndirmiş əməkdaşı Emin Əhmədov işdən çıxarılıb. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, səsləndirilən mətnin pornoqrafik görüntünün üstünə qoyulacağını bilməyib.

Şərhləri göstər

XS
SM
MD
LG