Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:12
Milli Kitab Mükafatının münsiflər heyətinin üzvü, yazıçı Afaq Məsud Lent.az üçün hazırlanmış müsahibədə sualları cavablandırır.

- Ötən il də Milli Kitab Mükafatının münsiflər heyətində təmsil olunmuşduz. Bəyəndiyiniz əsərlər çox idimi? Yeni nəfəs duydunuzmu?

- Bəyəndiyim əsərlər çox deyildi. Bu seçilən əsərlər də bəyənmədiklərimin nisbətində bir qədər seçilənlər idi.

Demək olmaz ki, bunlar da yüksək səviyyəli əsələr idi. Yeni nəfəs keçən dəfə seçilən Qaraqan oldu.

Onun dünyaya baxış bucağı, səmimiyyəti, cəsarəti, deməyə, yazmağa yazıçıların çoxunun ürək etmədiyi çox gizli və intim məsələləri çox cəsarətlə, sadə, anlaşıqlı dillə yazması nəzərimi cəlb etdi.

- Səviyyəli əsərlərin yazılmadığını söyləyənlər çoxluq təşkil edir. Yazıçı kimi siz necə düşünürsünüz?

- Bilirsiz, bu ədəbiyyat təbii bir hadisədir. Tornado, daşqın necə təbii hadisədirsə, ədəbiyyat da bunun kimi şeydir.

Ədəbiyyat da musiqi, rəngkarlıq, memarlıq kimi bir sənətdir. Gözləmək olmaz ki, planlı şəkildə hər il neçə yazıçı yetişib, neçə əsər yazılmalıdır.

Bu, ilahinin insana verdiyi istedadla bağlıdır.

Tarixə baxanda görürük ki, əsrlərdən bu yana çox az yazıçı qalıb, amma bizi yeni yazıçıların çox yetişməməsi təəccübləndirir.

Milli Kitab Mükafatının rolu odur ki, insanlarda ədəbiyyata diqqət yaratsın, insanlar qələmlərini sınasınlar.

Ancaq bunun nəticəsində böyük bir yazıçı ortaya çıxmırsa, təəccüblənməli bir şey yoxdur. Bu, diplom deyil ki, planlı surətdə hər il neçə adam alsın.

- Sonuncu dəfə kimin əsərini oxumusunuz?

- İndi çox vaxtım çatmır, amma belə işimlə əlaqədar Moyemi oxumuşam.

Azərbaycan ədəbiyyatından bu yaxınlarda gənc ədiblərlə görüşdə mənə Cavid Zeynallı, Mirbəhram Əzimbəylinin kitabı verildi.

Onları oxuyub çox bəyəndim. Düzdür, Cavidin əsərində pintilik vardı, redaktə olunmalıydı, amma nəzərə alaq ki, bu, onların ilk qələm sınağıdır. Hər ikisi çox ümidverici idi, çox sevindim.

- Siz açıqlamalarınızın birində Azərbaycan Yazıçılar Birliyini gənc ədiblərə laqeydlikdə qınamısınız. Sizcə, qurum əsərlərin oxucu qazanması üçün nə etməlidir?


- Yazıçılar Birliyi yazılan əsərlər içində, müəlliflər arasında həqiqi, ciddi yazıçıları, əsərləri seçib ayarlamalı və efirdə, mətbuatda, yığıncaqlarda təbliği ilə məşğul olmalıdır. AYB-də çoxlu sıravi kitab təqdimatları, imza günləri keçirilir.

Oxucu qıraqdan baxır ki, bu yüzlərlə kitabdan ciddi yazıçı, ciddi əsər hansıdır.

Yazıçılar Birliyi gərək münasibətini bildirsin. Milli Kitab Mükafatı əsərlərin içindən bəzilərini seçir. AYB də belə etməli, ölkədə gedən ədəbi prosesi izləməli və seçilməlidir. Yazıçılar Birliyi bərabərləşdirmə prosesi aparır.

Bilinmir kim istedadlıdır, kim istedadsız.

Onun da kitabı təqdim olunur, bunun da, ona da eyni sözlər deyilir, buna da.

Bütün oxucuların intellektual səviyyəsi bərabər deyil. Buna görə də oxucu üçün aydınlaşdırılmalıdır ki, budur ciddi ədəbiyyat, budur əslində maraq doğurası, rəfə qoyulası, gələcək nəsillərə saxlanası ədəbiyyat.

AYB-də dəyərlərin itirilməsi prosesi gedir. Hamıya eyni sözlər deyilir, bütün əsərlərə eyni münasibət göstərilir.

- Münsif kimi seçim meyarınız necədir?

- Ədəbiyyatın öz göstəriciləri var.

Mənim üçün ədəbiyyatın göstəricisi budur - əgər mən əsəri oxuyanda əsər mənim hisslərimə, duyğularıma, fikirlərimə toxunmursa, nəsə dəyişiklik yaranmırsa, bu, ciddi ədəbiyyat deyil.

Ciddi ədəbiyyatın birinci funksiyası odur ki, oxucunun ruhuna toxunsun, mənəvi dünyasına sirayət etsin, nəyisə dəyişsin.

Hadisələri gözəl bir dildə çatdırmaq çox önəmlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG